Bu günlərdə Azərbaycan növbəti beynəlxalq tədbirə - "Qara dəniz və Xəzər Yük Forumu 2026: Dəhlizlər, İnfrastruktur, İnvestisiyalar" adlı 5-ci Beynəlxalq Konfrans və Sərgiyə evsahibliyi edir. Sentyabrın 7-dən 9-dək keçirilən bu tədbir Avrasiya məkanında nəqliyyat, logistika və tranzit xəritəsinin yenidən formalaşdığı bir dövrdə qlobal diqqəti bir daha Bakıya yönəldib. Dünyada ticarət yollarının şaxələndirildiyi və yeni geosiyasi reallıqların yarandığı bu mərhələdə paytaxtımız yenidən beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib.
Müasir dövrdə qlobal təchizatın şaxələndirilməsi və təhlükəsizliyinin təmin olunması hər bir dövlət üçün prioritet məsələdir. Bu mənada forumun əsas müzakirə mövzularından birini məhz Orta dəhlizin inkişafı təşkil edir. Orta dəhliz Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində həlledici rol oynayır. Bu marşrutun inkişafı ilə bağlı Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində, liman və dəmir yollarında genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Hazırda atılan bütün addımlar dəhlizin proqnozlaşdırıla bilməsini artırmağa, yükötürənlərin daşınma müddətini və nəticəni dəqiq bilmələrini təmin etməyə xidmət edir. İştirakçılar bununla yanaşı, dəhlizin ümumi perspektivlərini, praktiki səmərəliliyə təsir göstərən amilləri, infrastrukturun ötürücülük qabiliyyətini, liman və dəmir yolu şəbəkələrinin cari vəziyyətini, həmçinin müxtəlif nəqliyyat növləri arasında sinxron koordinasiyanın qurulması mexanizmlərini dərindən təhlil edirlər.
Konfrans dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, həmçinin liman və dəmir yolu nəhənglərinin nümayəndələrini bir araya gətirib. Tədbirdə aparıcı investisiya dairələri və nüfuzlu ekspert təşkilatları da təmsil olunublar. Bütövlükdə konfrans-sərgi regionun nəqliyyat gələcəyini müəyyənləşdirən strateji müzakirələr üçün unikal mühit yaradıb.
Tədbirdə Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımaların artan dinamikası müzakirələrin mərkəzində dayanıb. Bu prosesdə liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi, həmçinin nəqliyyat operatorları arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat şəbəkələrinin Qara dəniz regionu və Avropa ilə daha sıx və fasiləsiz əlaqələndirilməsi imkanları da Orta dəhlizin inkişafı baxımından qarşıdakı illərin iqtisadi mənzərəsini formalaşdıran əsas faktorlardandır.
Konfrans-sərgidə regionda irəli sürülən ən son infrastruktur təşəbbüsləri və onların regional bağlantılara təsirləri də nəzərdən keçirilib. Xüsusilə, TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" kimi yeni strateji layihələrin perspektivləri konfrans iştirakçılarının marağına səbəb olub. Belə təşəbbüslər regionun nəqliyyat xəritəsini zənginləşdirməklə yanaşı, iqtisadi inteqrasiyanın dərinləşməsinə də güclü təkan verir.
Qeyd olunanlarla yanaşı, nəqliyyat infrastrukturuna yönəldilən investisiyaların həcminin artırılması da xüsusi diqqət mərkəzində olub. Eyni zamanda multimodal daşımaların təkmilləşdirilməsi və Xəzər-Qara dəniz xətti üzrə yükdaşımaların şaxələndirilməsi aktual müzakirə mövzularındandır. Müasir logistikanın tələblərinə uyğun olaraq, proseslərin rəqəmsallaşdırılması və kağızsız texnologiyaların tətbiqi sahəsində əldə olunan nailiyyətlər və gələcək hədəflər də konfransın gündəmində mühüm yer tutub.
Sentyabrın 9-dək davam edəcək "Qara dəniz və Xəzər Yük Forumu 2026" bir daha sübut edir ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən qlobal körpünün əsas memarlarından biridir. Bu cür tədbirlər isə qlobal ticarətin inkişafına, qarşılıqlı faydalı investisiyaların cəlb olunmasına mühüm töhfələr verir. Ölkəmizin bu sahədəki təşəbbüsləri isə gələcəyin logistik xəritəsinin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın fəal iştirakçısı olduğu nəqliyyat dəhlizləri bütövlükdə regionumuzda davamlı sülhə, təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa xidmət edir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"