08 Sentyabr 2024 08:25
88
SİYASƏT
A- A+

Fransızlar prezidentin seçkilərə məhəl qoymadığını düşünürlər

Fransa vətəndaşlarının 70 faizindən çoxu hesab edir ki, ölkə prezidenti Emmanuel Makron Mişel Barnyeni baş nazir təyin etməklə  parlament seçkilərinin nəticələrinə məhəl qoymayıb. Bunu Elabe sosioloji təşkilatının BFMTV telekanalı üçün keçirdiyi sorğu göstərib.
Telekanal xəbər verir  ki, dörd fransalıdan üçünün fikrincə (74%), Emmanuel Makron parlament seçkilərinin nəticələrini nəzərə almayaraq Mişel Barnyeni baş nazir təyin edib.
Respondentlərin 50 faizi həm də hesab edir ki, yeni hökumət başçısı etimadsızlıq votumundan  qaça bilməyəcək.
Sorğu sentyabrın 5-6-da yaşı 18-dən yuxarı olan 1007 fransız arasında reprezentativ  seçmə nümunəsi üzərində aparılıb. Növbədənkənar parlament seçkilərinin bitməsindən 60 gün sonra, sentyabrın 5-də Makron 73 yaşlı Barnyeni yeni hökumət başçısı təyin edib. O, Beşinci Respublikanın ən gənc baş naziri, 35 yaşlı Qabriel Attalı əvəz edən, bu vəzifədə ən yaşlı siyasətçidir.
Barnye qapalı və mühafizəkar siyasətçi kimi tanınır və bəzən hətta ifrat sağçı baxışların tərəfdarı hesab edilir. O, dəfələrlə Avropaya miqrasiyanın məhdudlaşdırılmasının tərəfdarı olub və hətta sığınacaq axtaran bütün miqrantlar üçün Aİ-yə girişə üç ildən beş ilədək moratorium qoyulmasını təklif edib. Barnye pensiya yaşının  qaldırılmasının və iş gününün uzadılmasının tərəfdarı olub. 
2021-ci ildə o, 2022-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlasa da, Respublikaçılar Partiyası Konqresinin nəticələrinə görə, Erik Syotti və Valeri Pekresdən sonra yalnız üçüncü olub.
Mişel Barnyer baş nazir kimi ilk çıxışında Fransa cəmiyyətindəki narazılığı aradan qaldıracağına söz verib. Sələfi Qabriel Attalın səlahiyyətlərinin qəbulu mərasimində çıxış edən yeni hökumət başçısı bildirib ki, onun işinin prioriteti fransız seçicilərinin narazılığına səbəb olan problemlərin həllidir: "Məqsəd çağırışlara, qəzəblərə, iztirablara, tərk edilmə hissinə, şəhər və kəndlərimizdə həddindən artıq çox olan ədalətsizliyə tam cavab verməkdir".
Fransada hazırkı Milli Assambleya üç bloka bölünüb: parlamentin aşağı palatasında ən çox yerə sahib olan, lakin mütləq çoxluğa malik olmayan solçu Yeni Xalq Cəbhəsi (NFP) koalisiyası, Makronun mərkəzçi qrupu və ifrat sağçı "Milli Birlik" Partiyası.
Həm solçular, həm də millətçilər Barnyenin təyinatından narazıdırlar.
Politoloq Dominik Mouazi deyir ki, Mişel Barnyenin baş nazir olması ilə prezident, şübhəsiz ki, hakimiyyətini saxlamağa çalışır. Yeni baş nazir ona meydan oxumur. Onun siyasətinin həddindən artıq mülayimliyi və çıxışlarının barışdırıcı olması prezidentə sərf edir, lakin bu, solçulara səs verən və özünü satılmış hiss edən fransızları qane edə bilməz.
İndi Barnye Milli Assambleyada etimad səsverməsini keçməlidir. Əgər o bundan keçərsə, ondan sonra parçalanmış parlamentlə işləməli olacaq.
Fransa hökumət xərclərinin azaldılması ilə bağlı təkliflərini sentyabrın 20-dək Brüsselə təqdim etməlidir. Lakin bu müddət oktyabr ayına qədər uzadıla bilər. Aİ qaydalarına görə, ölkə 2025-ci ildə büdcəsini 30 milyard avro azaltmalıdır.
Qanun layihəsi oktyabrın 1-də parlamentə təqdim edilməlidir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video