29 Avqust 2024 08:15
182
CƏMİYYƏT
A- A+

Paytaxtın ən hündür yaşıl məkanı

 

Bakının müasir simvollarından hesab olunan "Alov qüllələri"nin yaxınlığında yaşıllıqlar içində Xəzər dənizinə açılan möhtəşəm bir mənzərə var. Paytaxt sakinləri və qonaqların daha çox üz tutduqları məkandır.
Burada dayanıb saatlarla Bakının əsrarəngiz gözəlliyinə tamaşa etmək insana böyük zövq yaşadır. 
Hər tərəfi yaşıllıqlar içərisində olan və heç bir mövsümdə libasını dəyişməyən bu məkan "Çəmbərəkənd" parkıdır.
Paytaxtın yaşıl məkanlarından biri hesab olunan bu parkda minlərlə bitki var.
Bura Azərbaycanın "Yaşıl dünya naminə həmrəylik ili"nə layiqli töhfədir.

 

Prezidentin təşəbbüsü ilə...

 

Paytaxt Bakı bu il ən böyük və vacib beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşır. Bu məqsədlə şəhərimizdə yenidənqurma, abadlıq işləri geniş vüsət alsa da, ümumilikdə Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyaya əsasən, Bakının yaşıl mərkəzlərdən birinə çevrilməsi istiqamətində davamlı tədbirlər görülür. 
İqlim dəyişikliklərinin yaratdığı mənfi təsirlər heç bir ölkədən yan keçmir. Odur ki, planetimizi təhdid edən problemlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə öndə gedən təşəbbüskar ölkələrdən biri məhz Azərbaycandır. Sağlam həyat, sağlam gələcək naminə reallaşdırılan tədbirlərin, atılan addımların nəticəsidir ki, Azərbaycan COP29 kimi mühüm beynəlxalq tədbirə evsahibliyi etmək şansı qazanıb. Ölkəmizdə elə bu fürsətdən istifadə edilərək həmin yöndə işlər aparılır. Beynəlxalq konfrans çərçivəsində Bakı həmçinin  dünya ölkələrinin yaşıl dünya naminə səylərini birləşdirməsi üçün mərkəzə çevriləcək. Bu baxımdan 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması təsadüfi deyil. 
Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün görülən işlərin miqyası ilbəil daha da artırılır. Son illərdə şəhərdə aparılan yaşıllaşdırma işləri, yeni parkların, xiyabanların, istirahət güşələrinin salınması genişləndirilir, mövcud olanlarda isə yenidənqurma, abadlıq işləri görülərək yenidən paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilir. 
Bu gün üz tutduğumuz "Çəmbərəkənd" parkı Prezident İlham Əliyevin təşəbbüsü ilə Səbail rayonunda salınan yaşıl məkanlardan biridir. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla, paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir.
Dağlı məhəlləsi ilə həmsərhəd olan keçmiş Bakı məhəllələrindən biri hesab olunan "Çəmbərəkənd" sözü Çəmbərə - dairə, əyri, halqa və kənd birləşməsindən düzəlib, "dairəvari, qövsvari kənd" mənasını verir. Kənd ətrafa nisbətən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşdiyindən belə adlanıb. Ərazinin adı isə burada məskunlaşmış, əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə əlaqədar yaranıb. Çəmbərəkəndin sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul olublar. 

 

Hər fəsildə yaşıl diyar

 

Həmin məhəllənin adını daşıyan hazırda 4 hektara yaxın sahəsi olan park uzun müddət istifadəsiz qalan ərazidə salınıb. Parkın açılışı Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin iyun ayında baş tutub. İstirahət parkında yaşıllaşdırma işləri aparılıb. Bizə verilən məlumata görə, ərazidə  müxtəlif növlərdən olan 50 mindən çox bitki var ki, onların da çoxu həmişəyaşıl olanlardır. Elə buna görədir ki, ilin hansı mövsümündə ziyarət etməyinizdən asılı olmayaraq, yamyaşıl məkanda fəsilləri izləyə bilərsiniz. Burada həmişə bahar ovqatı yaşanır. 
Təbii ki, bağı, bağçanı yaşıl saxlamaq böyük zəhmət tələb edən işdir. Parkı gəzərkən onun daim yaşıl qalmasının səbəbini aydın görmək olur. Səhər saat 8-dən ərazidə olan bağbanlar, digər işçilər bitkiləri suvarır, onlara qulluq edirlər. Nəticədə ziyarətçilər belə gözəl təbiətdən həzz alır, bol oksigenli havanı ciyərlərinə çəkərək xoşallanırlar. 
"Çəmbərəkənd"də paytaxt sakinlərinin və turistlərin istirahəti, asudə vaxtlarını keçirmələri üçün hər bir şərait yaradılıb. Yay aylarında valideynlər övladları ilə birlikdə üz tutduğu məkanlardan olan parkda piknik üçün icazə də var. Bundan başqa park söhbətgahlar, oturacaqlarla da təmin olunub.
Balacaların əyləncəsi nəzərə alınaraq onlar üçün xüsusi guşə də yaradılıb. Son illər Bakıda yeni salınan, eyni zamanda təmir olunan parklarda, istirahət yerlərində insanları sağlam həyat tərzinə təşviq, fiziki hərəkətlər etmək üçün idman qurğuları quraşdırılıb. Bu da xüsusən ətraf ərazidə yaşayan sakinlərin idmanla məşğul olması üçün böyük əhəmiyyətə malikdir. 

 

147 metrlik körpü, Xəzər mənzərəli terraslar...

 

Parkın gündüz mənzərisi başqa, gecə mənzərəsi isə tamam başqadır. Parkda hava qaraldıqdan sonra müasir işıqlandırma sistemləri ilə nura qərq edilən Yeni il yolkalarını xatırladan ağaclara rast gələ bilərsiniz. Bundan başqa, işıqlı şəhərin gözəl mənzərəsini, həmçinin işıqlandırma üzrə birinci yerə layiq görülən 182 metrlik "Alov qüllələri"nin üzərindəki animasiyon mənzərəni daha yaxından müşahidə etmək olur. Bütün bunlara görədir ki,  "Çəmbərəkənd" həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.  
"Çəmbərəkənd"də piyadaların rahat hərəkəti üçün 1200 metr uzunluğunda yollar salınıb. Burada fontan da quraşdırılıb. Parkın ən diqqətçəkən elementlərindən biri isə estakada üzərində piyadalar üçün salınmış 147 metr uzunluğundakı körpüdür. Körpü boyunca gəzinti həm yaşıllıqları yuxarıdan seyr etməyə, həm də şəhəri daha yüksəklikdən görməyə imkan verir. 
Parkın ən sevimli və hər kəsin toplaşmağa can atdığı yeri isə şəhər mənzərəli iki terrasdır. Terrasda oturaraq saatlarla Xəzəri izləmək olar. Elə rəssamlar, fotoqraflar da rəsm, şəkil çəkmək üçün ən çox bu guşəni seçirlər. Əsasən da rəssamların burada molbertlərini quraraq şəhərin möhtəşəm mənzərəsini çəkdiklərinin çox müşahidə edildiyi deyilir. 
Biz bu gözəl mənzərəni seyr etməkdən doymasaq da, parkdan ayrılmaq məcburiyyətindəyik. Axı qarşıda paytaxtın digər yaşıl məkanları da bizi gözləyir. Yolumuz hələ çox yaşıllıqlardan keçəcək...

Əsmər QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video