08 Sentyabr 2024 08:40
92
İQTİSADİYYAT
A- A+

"Ansaldo Energia" Azərbaycanın ən böyük istilik-elektrik stansiyasının tikintisində iştirak edir

 

İtaliyanın bu tanınmış şirkəti ölkəmizin "yaşıl enerji" layihələrinə də qoşulmaq niyyətindədir 

 

"Ansaldo Energia" şirkətinin adı gələndə dərhal təxminən dörd il əvvəl - 2020-ci il dekabrın ilk günləri yada düşür. 44 günlük Vətən müharibəsi zəfərlə başa çatdıqdan az sonra ölkəmizə İtaliyadan sanballı bir nümayəndə heyəti gəlmişdi. Prezident İlham Əliyevlə görüşəndən sonra italiyalı dostlarımız erməni vandallarının 30 il ərzində xaraba qoyduğu Ağdam rayonuna və 44 günlük müharibə vaxtı dinc sakinlərinə qarşı düşmənin olmazın vəhşilik törətdiyi Gəncə şəhərinə getmişdilər. 
Bundan bir neçə gün sonra isə Bakıya "Ansaldo Energia" şirkətinin nümayəndələri gəlmişdilər. "Azərenerji" ASC-də keçirilən görüşdə işğaldan azad olunmuş ərazilərdə yeni generasiya güclərinin yaradılması üçün tikiləcək kiçik su-elektrik stansiyaları layihələrinin birgə həyata keçirilməsi, həmin ərazilərdə yüksəkgərginlikli yarımstansiyaların tikintisində və avadanlıqlarla təchizatında "Ansaldo Energia" şirkətinin iştirakı da müzakirə olunmuşdu.
İndi "Ansaldo Energia" şirkətinin xoş niyyətləri daha geniş miqyasda öz bəhrəsini verir. Belə ki, şirkət ölkəmizin energetika sistemindəki fəaliyyətini getdikcə inkişaf etdirir. Dövlətimizin başçısının bu il sentyabrın 6-da Çernobbio şəhərində "Ansaldo Energia"nın baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşündə toxunulan məsələlər də bunu bir daha təsdiqləyir .
Xatırladaq ki, "Ansaldo Energia" şirkəti hazırda Mingəçevirdə Azərbaycanın ən böyük istilik-elektrik stansiyasının yenidən qurulmasında iştirak edir. Yeni tikilən 1280 meqavat gücündə stansiyada "Ansaldo Energia" tərəfindən istehsal olunan dörd ədəd qaz turbini quraşdırılmalıdır. Hazırda bu qurğular Azərbaycana gətirilərək tikintidə istifadə edilməkdədir. Layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.
Keçən il fevralın 13-də stansiyasının təməlqoyma mərasimində çıxış edərkən Prezident İlham Əliyev demişdir: "Əlbəttə ki, "Azərenerji" ilə İtaliyanın "Ansaldo" şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Bildirməliyəm ki, "Azərenerji" ilə "Ansaldo" arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də "Ansaldo" və "Azər-enerji" tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksəksəviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir".
İtaliyanın Şirkətlər və "Made in Italy" naziri Adolfo Urso isə həmin tədbirdəki çıxışında "Azərenerji" ilə "Ansaldo" arasında qurulan tərəfdaşlığı tarixi hadisə kimi dəyərləndirmişdir. Qeyd edək ki, "Ansaldo" şirkəti İtaliya sənayesinin mühüm bir hissəsidir. 170 il əvvəl Genuya şəhərində təsis edilmiş bu müəssisə hazırda fəaliyyətini beynəlxalq səviyyədə həyata keçirir. "Ansaldo Energia"nın avadanlıqları bu gün dünyanın bir çox yerlərində istismar olunur və etibarlılığı ilə tanınır.
İstilik-elektrik stansiyasının təməlqoyma mərasimini təsadüfən xatırlatmadıq. Belə ki, məhz həmin tədbirdə İtaliya tərəfi bir daha bidirmişdi ki, ölkəmizin enerjiyə keçid prosesində, günəş və külək enerjisi layihələrində iştirak etmək istəyir. Bir neçə il əvvəl yaradılan yeni "Ansaldo Green Technologies" şirkəti də təmiz enerjiyə keçid prosesinə dəstək verəcək. Beləliklə, əməkdaşlıq imkanları daha da genişlənəcək.
Prezident İlham Əliyevin Çernobbio şəhərində "Ansaldo Energia"nın baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşündə də "Ansaldo Energia" şirkəti ilə bir sıra istiqamətlərdə, o cümlədən "yaşıl enerji" sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda şirkətin "Azərenerji" ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulanıb. Azərbaycanın Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Ansaldo Energia" şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlanıb, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirilib.

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video