08 Sentyabr 2024 08:50
90
Mədəniyyət
A- A+

Azərbaycan mədəniyyəti və elminin tərəqqisində Naxçıvanın özünəməxsus rolu var

 

Öz keşməkeşli tarixi, dahi şəxsiyyətləri ilə Şərqdə tanınan, dünyanın yaranışı qədər yaşı olan Naxçıvan torpağı əsrlərin sınağına sinə gərərək dövrümüzə qədər öz əzəmətini, vüqarını qorumuş, türk torpağı olduğunu hifz eyləyə bilmişdir. Bu torpağın həm öz sinələrini yağıya sipər edib Əlincələşən, həm qanı axıb Araza çevrilən, həm də vətənin bir qarış torpağı uğrunda canından keçən övladları dar gündə daşa çevrilib, şad gündə gülə dönüb vətənin sinəsində əbədiləşiblər. 
Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmiş, orta əsrlərdə Şərqin böyük elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış, dövlət sivilizasiyasına dəyərli töhfələr bəxş etmişdir. Azərbaycan Atabəyləri-Eldəgəzlər dövlətinin paytaxtı olan, əsası Əcəmi Naxçıvani tərəfindən qoyulan memarlıq məktəbi ilə bütün Şərqdə tanınan və böyük səylə, yüksək bacarıqla, əsrarəngiz zövqlə inşa edilmiş tarixi abidələri ilə məşhur olan Naxçıvan torpağı bu gün də öz tarixiliyini, gözəlliyini qoruyub saxlayır və dünyanın ən əzəmətli, qədim diyarı kimi bura gələn insanları, qonaqları heyran qoyur. 
Uzun illər gərgin siyasi mübarizələrin meydanına çevrilən qədim Naxçıvanın muxtariyyətinin əsasları 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars  müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək ərazi hüdudları dəqiqləşdirilmişdir.  
Azərbaycanın Şərqə açılan qapısı olmaqla zəngin dövlətçilik tarixinə malik Naxçıvan Muxtar Respublikası 9 fevral 1924-cü ildə yaradılmış və milli, qədim ənənələri qoruyub saxlamışdır. 
Qədim mədəniyyəti, bərəkətli sərvəti, dahi şəxsiyyətləri ilə Azərbaycan Respublikasında xüsusi yeri olan Naxçıvan Muxtar Respublikası bu gün istər iqtisadi-siyasi, istərsə də elm və mədəniyyət sahəsində tərəqqinin ən yüksək pilləsində dayanır. 1883-cü ildən fəaliyyət göstərən Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinə böyük töhfələr bəxş etmişdir. Şərqdə ilk akademiyanı və rəsədxananı yaratmış Nəsirəddin Tusi, qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi Hüseyn Cavid, dünyaca məşhur kimyaçı alim, akademik Yusif Məmmədəliyev, görkəmli publisist, dilçi-alim  Məhəmməd ağa Şahtaxtlı, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Hüseyn İbrahimov bu diyarın yetirmələridir. Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin ev muzeyləri, ədəbiyyat, tarix və xalça muzeyləri Naxçıvanın mədəni həyatında mühüm yer tutur. 
Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas elm, mədəniyyət, təhsil və ictimai fikir mərkəzlərindən biri sayılır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri, görkəmli kimyaçı alim Yusif Məmmədəliyev, yarımkeçiricilər fizikası məktəbinin yaradıcısı Həsən Abdullayev, məşhur riyaziyyatçı Fərəməz Maqsudov, informatika-radiasiya üzrə dünyada tanınan elm xadimi, professor Mahmud Kərimov, akademik Məmməd Cəfər Cəfərov, professor Abbas Zamanov, akademik Teymur Kərimli və onlarla başqa görkəmli elm xadimləri Azərbaycan elminə, təhsilinə, ictimai fikrinin inkişafına yeni səhifələr yazmış, öz elmi potensialları və bacarıqları ilə Naxçıvanı tək Azərbaycanda deyil, bütün dunyada tanıtmışlar. Bunlardan biri də yüksək istedad və bacarığı ilə Azərbaycan poeziyasına dəyərli sənət inciləri bəxş edən görkəmli şair Məmməd Arazdır. Şairin Naxçıvanın tarixindən, əsrarəngiz təbiətindən, təbii sərvətlərindən bəhs edən "Naxçıvanım mənim" adlı şeiri bizim üçün ana laylası qədər şirin, doğma və əzizdir.
Tarixə nəzər salsaq görərik ki, böyük tarixi hadisələrin, keşməkeşli günlərin şahidi olan qədim diyarımız həmişə olduğu kimi, son illərdə də bütün  çətinliklərə sinə gərərək düşmənlərin caynağından, hərisli yağı gözlərindən, məkrli əllərdən özünü qoruya bildi. Belə bir ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik, şücaət və yenilməzlik nümayiş etdirərək, Azərbaycanın bu qədim diyarını düşməndən - mənfur erməni təcavüzkarlarından öz canları bahasına qorudu və qoruyur. 
Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin iyul ayının 22-də canından çox sevdiyi Naxçıvanına dönməsi, doğma el-obasına qayıtması çətin günlərini yaşayan Naxçıvanı dirçəltdi, insanlarda sabaha, gələcəyə böyük inam hissi yaratdı. Bu illər Naxçıvan Azərbaycanda gedən siyasi proseslərə, o cümlədən milli azadlıq mübarizəsinə böyük təkan verdi. Müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin gücləndirilməsinə və tərəqqisinə, ərazilərimizin azad olunmasına Naxçıvandan başlanan böyük siyasi dalğanın təkanı daha təsirli oldu. Bunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dərin, məzmunlu nitqində də görmək mümkündür: "Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada, təşəbbüskar olmuşdur. Azərbaycanda dövlət müstəqilliyi, milli azadlıq yolunda gedən mübarizənin dayağı olmuşdur və bu gün də dayağıdır, gələcəkdə də belə olacaqdır". 
Bu gün Naxçıvan Muxtar Respublikası özünün ən yaddaqalan günlərini yaşayır. Muxtar diyarımız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsi ilə daha da çiçəklənir, möhkəmlənir və inkişaf, tərəqqi yolunda inamlı addımlar atır. Ulu Öndərin yaradıb, xalqımıza ərmağan etdiyi siyasi kursun, milli ideologiyanın qarşıya qoyduğu vəzifələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.   
Naxçıvanda tarixi və mədəni irsin qorunması və təbliği, mədəni-elmi potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası və yenidən qurulması davamlı hal almışdır. Azərbaycan mədəniyyətinə və elminə əsrarəngiz töhfələr bəxş etmiş naxçıvanlı alimlərin, şair və yazıçıların, görkəmli mədəniyyət xadimlərinin adları əbədiləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda səfərdə olarkən muxtar respublikada bütün sahələrdə irəliləyən tərəqqini və inkişafı yüksək qiymətləndirərək demişdir: "...Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri, bizim böyük dəyərlərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı..." 
2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunmasında və 2023-cü il sentyabrın 19-20-si tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində də Naxçıvanın vətənpərvər, igid övladları digər qəhrəman soydaşlarımız kimi, şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar. Onların şücaəti, qəhrəmanlığı kiçikdən-böyüyə  hər bir kəsin dilində dastana dönmüş,  məzarları isə bütün azərbaycanlılar, o cümlədən naxçıvanlılar üçün and yerinə, ziyarətgaha çevrilmişdir. 
Şanlı Zəfərdən sonra 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı təəssüratlarını bölüşən dövlətimizin başçısı İlham Əliyev demişdir: "Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, buradakı inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir... Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır".      
Muxtar respublikaya səfərlərindən sonra dövlət başçısı qədim Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, dövlət proqramları imzalayıb. Ölkə rəhbərinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" və 2023-cü il 30 dekabr tarixli "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı qədim Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun bariz göstəricisidir. 
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan Respublikası və onun ayrılmaz parçası olan Naxçıvan daim siyasi-iqtisadi və mədəni proseslərdə öndə olacaq. Elm, təhsil, idman, iqtisadi, siyasi, mədəni, demək olar ki, bütün sahələrdə davamlı nailiyyətlər qazanılacaq. 

Samirə HƏSƏNOVA,
filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video