Aparıcı siyasi təşkilatlar müdafiə xərclərinin artırılması üçün həmfikirdirlər
Maqdeburqda terror aktı, qaçqın axını və Almaniya iqtisadiyyatındakı böhran fonunda, fevralın 23-nə təyin edilən növbədənkənar parlament seçkiləri kampaniyasında Rusiyanın Ukraynaya qarşı müharibə mövzusu, Almaniyanın Kiyevə hərbi yardımı və təhlükəsizliyin təminatı ilə bağlı qızğın müzakirələr arxa plana keçib.
Bunu ARD ictimai televiziya kanalı və "Die Welt" qəzetinin sifarişi əsasında "İnfratest dimap" institutu tərəfindən keçirilən Deutschlandtrend sorğusunun nəticələri sübut edir.
Almaniyanın gələcək hökumətinə daxil olmaq üçün real şansı olan üç partiyanın seçki proqramlarında təhlükəsizliyin təmin edilməsi və ümumilikdə xarici siyasət məsələsinə ikinci dərəcəli yer verilir. Almaniya Sosial Demokrat (SPD) və "Alyans 90/Yaşıllar" partiyalarının sənədlərində bu, ən sonda, mühafizəkar CDU/CSU blokunun proqramında isə sondan əvvəlki yerdədir. Eyni zamanda xarici siyasət tezislərinin əksəriyyəti oxşar şəkildə və ümumi mənada, o cümlədən müdafiə xərcləri ilə bağlı, formalaşdırılır. Bununla belə, Ukraynaya yardım məsələsində bəzi fikir ayrılıqları var.
Müdafiəyə nə qədər xərcləmək lazımdır?
NATO ölkələri öz ÜDM-lərinin ən azı 2 faizini müdafiəyə xərcləməyi öhdələrinə götürüblər. Almaniya son onilliklərdə ilk dəfə bu məqsədə 2024-cü ildə nail olub. Bu, yalnız Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaradılan Bundesverin 100 milyardlıq xüsusi fondu sayəsindədir.
Kölndəki Alman İqtisadiyyatı İnstitutu (IW) hesablayıb ki, növbəti müntəzəm qanunvericilik dövrünün son tam ili olan 2028-ci ildə dövlət büdcəsində NATO-nun ÜDM-in 2 faizli meyarına cavab vermək üçün müdafiə xərclərinə 21,5 milyard avro çatışmayacaq. Əgər həmin vaxta qədər 100 milyardlıq fond tamamilə tükənərsə, kəsir daha da çox olacaq - 26 milyard avro.
Eyni zamanda IW analitikləri xatırladırlar ki, NATO hazırda ÜDM-in 3 faizini müdafiəyə xərcləmək zərurəti haqqında danışır və gələn həftə ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp plankanı daha da yüksəyə - ÜDM-in 5 faizinə qaldırır. Almaniyaya münasibətdə IW hesablayıb ki, birinci halda (ÜDM-in 3 faizi) bu, 2028-ci ildə hərbi məqsədlər üçün 122 milyard avro və ya bütün qanunvericilik dövründə 253 milyard avro, ikinci halda isə (ÜDM-in 5 faizi) müvafiq olaraq 170 milyard avro və 370 milyard avro kəsir deməkdir. 170 milyard avro Almaniyanın dövlət büdcəsinin təxminən üçdə bir hissəsidir.
Bu günlərdə təqdim edilən IW hesabatında deyilir: "Əsas partiyaların seçki proqramları belə bir kəsirin necə ödənilə biləcəyi sualına kifayət qədər cavab vermir. Bu xüsusilə NATO-nun ikifaizlik hədəfini aşan maliyyə ehtiyaclarına aiddir".
Sosial demokratlar: hərbi qüdrət və diplomatiya
Almaniyanın bütün aparıcı partiyaları müdafiə xərclərinin artırılmasının zəruriliyi ilə bağlı həmfikirdirlər.
SPD-nin seçki proqramında deyilir: "Sülh və azadlıq öz-özünə olmur. Ukraynaya qarşı müharibə bunu bizə dəhşətli şəkildə göstərdi. Hələ kansler Villi Brandt dövründə belə bir qayda var idi ki, sülh yalnız güc yolu ilə təmin edilə bilər. Buna görə də bizim üçün hərbi güc və diplomatiya bir medalın iki üzüdür".
SPD qeyd edir ki, Avropa qitəsinin təhlükəsizliyi Rusiya tərəfindən təhdid edilir və bu təhlükəni neytrallaşdırmaq üçün sosial demokratlar uzunmüddətli perspektivdə ÜDM-in ən azı 2 faizinin müdafiəyə xərclənməsini zəruri hesab edirlər.
Mühafizəkarlar: hərbi çağırış, raket əleyhinə qalxan və yeni sanksiyalar
Mühafizəkarlar da seçki proqramlarında müdafiə üçün ÜDM-in 2 faizini aşağı hədd kimi qeyd edirlər. Amma onlar bir az da irəli gedirlər - 2011-ci ildə Almaniyada faktiki olaraq ləğv edilmiş ümumi hərbi mükəlləfiyyəti bərpa etmək və tədricən artırmaq, habelə Avropanın raketdən müdafiə qalxanının yaradılmasında aparıcı rol almaq niyyətindədirlər.
Mühafizəkarlar Kremlin siyasətini də sosial demokratlardan daha birmənalı və sərt qiymətləndirirlər. Bundan əlavə, CDU/CSU blokunun seçki proqramında "Rusiyaya qarşı sanksiyaların məqsədyönlü şəkildə genişləndirilməsi və sərtləşdirilməsi" tələbi yer alır ki, "təcavüzün yüksək iqtisadi qiyməti Putini yenidən düşünməyə vadar etsin" və müharibəni dayandırsın.
"Yaşıllar" müdafiəyə nə qədər vəsaitin xərclənməsi məsələsində sosial demokratlardan və mühafizəkarlardan bir qədər irəli gedir. NATO standartlarına və Almaniyanın öz təhlükəsizlik ehtiyaclarına cavab vermək üçün bu məqsədlərə ÜDM-in 2 faizdən əhəmiyyətli dərəcədə çoxunun ayrılmasını zəruri hesab edirlər. "Yaşıllar"ın kanslerliyə namizədi Robert Habek bununla bağlı ÜDM-in 3,5 faizini zəruri hesab edir.
Kiyevə TAURUS raketlərinin tədarükü ilə bağlı tərəflərin mövqeləri
Almaniyanın gələcək hakim koalisiyasının bütün potensial iştirakçıları lazım olduğu müddətdə Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərəcəklərini vəd edirlər. Onlar həm də yekdil fikirdədirlər ki, Moskva ilə gələcək sülh danışıqlarında Ukrayna güclü mövqedən çıxış etməli və danışıqları Rusiya ilə bərabər səviyyədə aparmalıdır.
Lakin, məsələn, Kiyevi Almaniyanın uzaqmənzilli TAURUS qanadlı raketləri ilə təchiz etməyə başlamaq tələbi yalnız liberal ADP-nin seçki proqramında yer alıb. Azad demokratlar hesab edirlər ki, müdafiə məqsədləri üçün Ukrayna çox uzaq məsafədən Rusiyanın dərinliklərində hərbi hədəfləri vurmaq imkanına malik olmalıdır: "Ona görə də biz tələb edirik ki, TAURUS qanadlı raketlərinin Ukraynaya çatdırılmasına dərhal başlansın". Lakin ADP, hətta Bundestaq seçkilərində beşfaizlik baryeri keçə bilsə belə, çox güman ki, hökumət koalisiyasında yer almaq üçün çox zəif olacaq.
Mühafizəkarlar və "Yaşıllar" ümumiyyətlə, seçki proqramlarında TAURUS raketləri mövzusundan yayınırlar və sosial demokratlar açıq şəkildə onların çatdırılmasına qarşıdırlar. Sosial demokratlar seçicilərə deyirlər: "Almaniya və NATO özlərini müharibədə tapmamalıdırlar, buna görə də biz kansler Olaf Şoltsun Bundesverin arsenalından TAURUS qanadlı raketlərini çatdırmamaq qərarını dəstəkləyirik".
Rizvan CƏFƏROV,
"Azərbaycan"