08 Sentyabr 2024 08:10
47
SİYASƏT
A- A+

Azərbaycanın Zəfər modeli

 

Bu, ərazi bütövlüyü və suverenliyinin bərpası  istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir

 

Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə illərdən sonra nəhayət ki, regionda sülhə nail olunması üçün geniş imkanlar açılıb.
Yeni geosiyasi şərait formalaşdıran bu hadisələrlə ölkəmiz bu tip münaqişələrin həlli üçün mükəmməl nümunə ortaya qoyaraq sübuta yetirdi ki, istənilən problemə birdəfəlik son qoymaq üçün real həll yolu var. 
Sentyabrın 6-da Prezident İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı zamanı məhz bu məsələyə xüsusi vurğu edərək diqqətə  çatdırdı ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu: "Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var".

 

Ədaləti təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil

 

30 il boyu Azərbaycan ərazilərinin 20 faizi işğal altında olub. Onilliklər boyu Ermənistan tərəfindən bu ərazilər talan edilib, viran qoyulub. Azərbaycan xalqı etnik təmizlənməyə, soyqırımlarına məruz qalıb, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1990-cı illərin əvvəllərindən 2020-ci il - Vətən müharibəsinə qədər bu problemlərin həlli istiqamətində beynəlxalq qanunlar çərçivəsində hansısa addımlar atılmayıb. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə kağız üzərində qalaraq yerinə yetirilməyib.
Vasitəçi adı altında prosesdə iştirak edən ölkələr ikili standart nümayiş etdirərək Ermənistanın işğal siyasətini dəstəkləyiblər, münaqişənin həll olunmadan İrəvanın xeyrinə sonsuzadək dondurulmasına çalışıblar. 
"ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır", - deyə dövlətimizin başçısı Çernobbio Forumunda bir daha bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 
Azərbaycan sülh tərəfdarı olduğu üçün düz üç onillik ərzində münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə çalışdı. Lakin beynəlxalq hüququn işləmədiyi bir şəraitdə buna nail olmağın mümkünsüzlüyü də gün kimi ortada idi. Buna görə də ölkəmiz torpaqlarını işğaldan qurtarmaq, suverenliyini bərpa etmək üçün güc yolunu seçdi. Çox qısa zamanda işğal faktına son qoyaraq, ərazilərində separatizmin kökünü kəsərək özü beynəlxalq hüququ, ədaləti təmin etdi. Münaqişəyə son qoydu. 

 

Siyasi iradə, cəmiyyətin həmrəyliyi və fiziki güc... 

 

Bu gün dünyada onlarla ölkə separatizmdən əziyyət çəkir, günahsız insanların qanı  tökülür. Bu faciəvi vəziyyətin hələ nə qədər davam edəcəyi, ümumiyyətlə bitib-bitməyəcəyi də sual altındadır. Azərbaycan tarixə, ədalətə, beynəlxalq hüquqa dayanan qələbələri ilə məhz bu cür münaqişələrə birdəfəlik son qoymağın və sülhə yol açmağın formulunu da göstərmiş oldu. 
Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında bəyan etdi ki, bu, ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir: "Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər". 
Artıq Cənubi Qafqazda yeni reallıqlar formalaşıb. Bakı postmünaqişə dövründə iki ölkə arasında sülhün əldə olunması üçün fəal iş həyata keçirir. İki ölkə arasında normallaşmaya, sülhə nail olunması üçün irəliyə doğru müsbət addımlar da atılıb. Ermənistan ilə Azərbaycan arasında masa arxasında vasitəçilərsiz danışıqlar aparılması, sərhədlərin delimitasiya və demarkasiyasına başlanılması bu baxımdan böyük əhəmiyyət kəsb edir. 
Bu xüsusda dövlətimizin başçısı söylədi ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.

 

Bu, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq

 

Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması üçün mühüm təşəbbüslərlə çıxış edir, bu istiqamətdə əməli addımlar atır. Bəzi qərəzli ölkələrin bölgədə barışa zərbə vurmaq, yenidən burada müharibə ocağı yaratmaq çabalarına rəğmən Bakı qətiyyətlə sülh yolunda irəliləyir və çox tezliklə bu məqsədinə də nail olacaq.  
Necə ki, bu barədə "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada Prezident İlham Əliyev bildirdi: "Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır".

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video