08 Sentyabr 2024 08:55
93
CƏMİYYƏT
A- A+

Ay Laçın, can Laçın...

 

8 yaşında köçkün düşən, ilk dəfə parta arxasında 17 yaşında oturan Gülməmməd Məmmədov 29 ildən sonra yurduna ABŞ təhsilli, ADA-nın dosenti kimi döndü

 

2021-ci ildə "Azərbaycan" qəzetində "Bir alimin manifesti" başlığı altında Laçın həsrətinə, bu diyarın azadlığından doğan sevincə köklənmiş yazı dərc olunmuşdu. Bir gənc alim Laçınlı günlərindən, məcburi köçkünlük həyatının ağrı-acılarından, onu  təhsil arxasınca uzaq Amerikaya aparan arzu və istəklərindən, elm sahəsində əldə etdiyi uğurlardan bəhs etmiş, doğma Laçının qurtuluşunun qürurunu paylaşmışdı... Amma ötən müddətdə də elə hey düşünmüşdü ki, sanki o yazı yarımçıq, tamamlanmamış qalıb...
"Çünki orada sadəcə uşaqlıq xatirələrimdəki Laçın var idi. Hələ gerçək Laçınla gedib yenidən görüşməmişdim. Şükür Tanrıya, mənə bu xoşbəxtliyi qismət elədi. Dünyaya göz açdığım, ömrümün cəmi səkkiz ilini, amma yaşanmışlar baxımından bəlkə də on illərə dəyəcək qismini keçirdiyim o torpağa bir daha qədəm qoyanda elə bildim yenidən doğulmuşam. Laçını hər zaman əsrarəngiz təbiətə malik gözəl yer kimi xatırlayırdım. Bəzən düşünürdüm ki, bəlkə də bu, təxəyyülümün məhsuludur. Amma bu axar-baxarlı, ucu şiş qayalı, çəmənləri laləzar, yamyaşıl meşəli, saf bulaqlı, gur şəlaləli diyara baxanda öz-özümə qeyri-ixtiyari deyirdim ki, "İlahi, əgər Yer üzündə cənnət varsa, o elə Laçındır"... 

 

Qəhər anı...

 

O, 1992-ci ildə 8 yaşı olarkən Laçın rayonunun Şeylanlı kəndindən didərgin düşdü. Ötən illər ərzində çox əziyyətlər çəkdi, məktəbi, müəllimi, dərsliyi olmadan öz şəxsi əzmi, zəhməti sayəsində təhsildə böyük uğur qazandı. Laçından sonra ilk dəfə parta arxasına 17 yaşında əyləşən gənc elmin ən yüksək pilləsinə ucaldı. 29 illik həsrətin ardından Laçına qovuşdu... 
Lakin doğma yurduna ata, qardaş itkisinin ürək ağrısı ilə dönməyi qəlbində ömürlük nisgilə çevrildi: "Laçına bütün gerçəklikləri gözümün qabağına gətirib yollanmışdım. Bilirdim ki, o torpağı viranə görəcəm. Daha atam, böyük qardaşım da yanımda yox idi ki, onlara söykənib təskinlik tapam... Ona görə söz vermişdim ki, nə olur-olsun, möhkəm olacam, özümü tox tutacam, kövrəlməyəcəm... Ancaq həyat hənirtisi kəsilmiş kəndimizi görəndə, dağıdılmış evimizin üstünə gedəndə ürəyimdə yığılıb qalan qəhər bir anda boğazımda elə düyünləndi ki...  Göz yaşlarımı saxlaya bilmədim, uçurulmuş pilləkənimizin ətəyindəcə oturub uşaq kimi hönkürdüm... " 
ABŞ-nin Sirakuz Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan, ADA Universitetinin dosenti, eyni zamanda "Qarabağa Qayıdış" İctimai Birliyinin sədr müavini 39 yaşlı Gülməmməd Əbülfət oğlu Məmmədovdur "İnsanlar və talelər" rubrikasında. 

 

Həyatla mübarizə

 

Köçkünlük illərində Gülməmməd müəllimgilin 9 nəfərlik ailəsi Ağcabədinin Taxtakörpü qış yatağında qamışdan komada yaşayıblar. Yayda cəhənnəm kimi isti, qışda ilikdonduran buzxana olan yataqda çörək, içməli su belə tapmır, kilometrlərlə məsafə qət edib artezian quyusundan su gətirərmişlər. Sağılan heyvanlar da quraqlıqda bitən yağtikan, biyan otları ilə qidalandıqları üçün südləri zəhər dadırmış: 
- O vaxt mövcud olmuş çətin vəziyyətlə əlaqədar bir çox məcburi köçkün məktəbi kimi, bizim təhsil ocağımız da formal şəkildə, sənəd üzərində idi. Buna görə də 13  yaşımdaykən 1-ci sinfin riyaziyyat kitabını götürüb, 5-ci sinfə çatanda isə ona Azərbaycan dilini, ədəbiyyatını əlavə edib, müstəqil şəkildə hazırlaşmağa başladım. Bizə müxtəlif kitablar yardım olunardı və məcburiyyətdən bəzən ocağı həmin kitabların vərəqləri ilə qalayardıq. Aralarından diqqətimi çəkən fizika kitablarını isə seçib götürər, həvəslə oxuyardım. Dərsliklərdə olan bütün məsələ-misalları həll etdiyim üçün dəftər çatmırdı. Buna görə də valideynlərim Ağcabədi bazarındakı ərzaq mağazalarından kartondan olan boş qutuları və məhsulları qablaşdırmaq üçün istifadə edilmiş kağızları yığıb gətirərdi  ki, üstündə məsələ-misal həll edək (məndən öncə böyük qardaşım İntiqam Məmmədov bu yolla hazırlaşaraq 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə, 2001-ci ildə isə magistraturaya qəbul olunmuşdu). Çətinliklərə rəğmən ruhdan düşmürdüm. Buna görə də məktəb, müəllim olmadan özüm hazırlaşaraq 2001-ci ildə ölkədə fizika üzrə ən yüksək bal toplamış bir neçə tələbədən biri kimi BDU-nun eyniadlı fakültəsinə qəbul oldum. Amma həmin vaxt Bakıda harada qalacağım ailəmizi düşündürən böyük problemə çevrildi.
Kirayə ev tutmağa imkanımız olmadığı üçün qardaşım İntiqamla birgə Şıxov daş karxanasının tullantı daşlarından gətirib Badamdarın Lökbatana tərəf zibil tökülən yiyəsiz bir sahəsində bir otaq tikdik. Ehtiyatsızlıqdan şamdan törənmiş yanğın baş verənədək iki il yarım bu şəraitsiz, suvağı belə olmayan otaqda qaldıq. Dekabr ayı, semestrin ən ağır vaxtı idi. İkinci növbə olan dərslərimi bitirib axşamın alaqaranlığında yenicə evə çatmışdım. İşıqlar yanmadığı üçün, ehtiyat kimi hazır saxladığım şamı yandırıb stolun üstünə qoydum və nəsə almaq üçün xeyli uzaqda olan mağazaya getdim. Unudub şamın altına heç nə qoymamışdım. Şam yanıb qurtaranda alov taxta stola keçmiş, oradan da bütün evi bürümüşdü. Qayıdanda uzaqdan evin içərisində pəncərədən görünən alov burulğanları məni dəhşətə gətirmişdi. Özümü çatdırıb qapıdakı çəlləyin suyu ilə təkbaşına böyük çətinliklə alovu söndürə bilmişdim. Ancaq yanğın bütün mühazirə dəftərlərimi, kitablarımı, əksər paltarlarımı və evin əşiyalarını məhv etmişdi. Xilas etdiyim paltarları nə qədər yusam da, geyinəndə his iyi verirdilər və belə də dərsə gedirdim. 
Ancaq məni bu yox, dərslərdə geri qalmaq narahat edirdi. İndiki tələbələr bilməz, o vaxt biliyi professorların şifahi oxuduğu mühazirələr zamanı yazdığımız dəftərlərdən qazanırdıq. Azərbaycan dilində dərs vəsaitləri yox dərəcəsində idi, xarici dillərdə olan vəsaitləri isə başqa dil biliyi olmadığından əksəriyyətimiz oxuya bilmirdi. Ona görə də tələbə yoldaşlarımdan mühazirə dəftərlərini alıb bütün fənlərin semestr boyu keçilmiş materialının üzünü köçürüb öz dəftərlərimi böyük əziyyətlə bərpa etdim. Bununla da semestri əla qiymətlərlə bitirməyə müvəffəq oldum. 
Sonrakı 2 il ərzində yaşayış şəraitim əvvəlkindən də çətin oldu. Tələbəlik illərində ailə üzvlərimin boğazlarından kəsərək göndərdikləri minimal məbləğlə dolanırdım. Maddi vəziyyəti çətin olan ailəm soyuq aylarda geyinməyə isti paltar almağım üçün, sözün əsl mənasında, yayın əvvəlindən səfərbər olub pul yığırdı. Elə olurdu ki, ayaqqabım cırılanda özüm tikirdim... III kursda oxuyanda rayonda nəmişlik və soyuqdan bir çox məcburi köçkün kimi mənim də ailə üzvlərimin demək olar hamısı ağır xəstəlik keçirdi. Çox dəhşətli və ümidsiz vaxtlar idi. 
Xatırlayıram, ayın başı çatmışdı, qardaşım mənə pul göndərə bilməmişdi. Demək olar ki, heç bir qida qəbul etmədən gün keçirmiş, universitetə uzun məsafəni piyada gedib-gəlmişdim. Utandığım, üzüm gəlmədiyi üçün də heç kəsdən kömək istəmirdim. Nəhayət, 3 gündən sonra qardaşım rayondan gələn taksilərdən biri ilə mənə pul göndərmişdi...

 

Uğur yolu 

 

Həyatın çətinlikləri ilə mübarizə aparan Gülməmməd Məmmədov ali məktəbdə də istedadı və biliyi ilə seçilir. Universitetin ikinci semestrində Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş ali məktəb tələbələrinin IX Respublika Olimpiadasında fizika fənni üzrə I yerə layiq görülür. 2005-ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirir.  
Bundan sonra İtaliyada Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin inkişaf etməkdə olan ölkələrdən seçdiyi on tələbədən biri kimi tam təqaüd ilə birillik pre-doktoral təhsil proqramına dəvət alır. 2007-ci ildə ABŞ-nin  Nyu York ştatında yerləşən Sirakuz Universitetinin ən prestijli doktorluq təqaüdünü qazanır. Sonra orada bu və bir neçə digər təhsil müəssisəsində elmi-pedaqoji fəaliyyət göstərir. 
10 ilə yaxın dövr ərzində ABŞ-də yüksək elmi-pedaqoji fəaliyyətlə yanaşı, ölkəmizin mədəniyyətini, həqiqətlərini təbliğ edir. Bütün fikri-zikri Azərbaycanın yanında olan Gülməmməd müəllim Vətəndə xalqına daha faydalı olacağını düşünərək 2016-cı ildə qəti qərarını verib doğma yurduna  dönür. Üzərindən cəmi dörd il keçəndən sonra isə qəlbində illərdir qövr edən Laçın yarasına məlhəm çəkilir...

 

İnanc

 

- Torpaqlarımızın işğaldan azad olunacağı ilə bağlı ürəyimdə böyük əminlik var idi, sadəcə bunun nə zaman gerçəkləşəcəyinə dair təxminim yox idi. Rasional məntiqlə düşünəndə bilirdim ki, geosiyasi maraqların bu qədər toqquşduğu yerdə, işğalçı Ermənistanın arxasında güclü dövlətin durduğu bir şəraitdə o torpaqları azad etmək nə qədər çətindir. Demək olar ki, Qarabağ probleminin həlli mümkünsüz sayılırdı. Buna baxmayaraq, şəkk-şübhəm yox idi ki, mütləq o yerlərə qayıdacağıq. 
Bizdə bu əminliyi vətənə bağlılığımız, bir də ölkə rəhbərliyinə inamımız yaratmışdı.  Bu hiss tək məndə deyil, bütün keçmiş məcburi köçkünlərdə var idi.  İndi həmin zamanları analiz edəndə çox maraqlı bir tendensiya ilə qarşılaşıram. Yüz minlərlə insan yurd-yuvasından didərgin salınmışdı, onlar o qədər ağrı-acı çəkmiş, böyük travma almışdı ki... İnsanlar bu problemlərlə baş-başa qalsaydılar, hər an bu barədə düşünsəydilər, bəlkə də heç uzun müddət yaşaya bilməzdilər, xüsusilə də yaşlı insanlar. Bir növ bu problemlərin yükü ölkə rəhbərliyinin çiynlərinə düşmüşdü. Biz inanırdıq ki, öz sözü ilə desək, nəyi necə, nə vaxt edəcəyini yaxşı bilən cənab Prezident bu məsələni həll edəcək, bizi dədə-baba yurdumuza qaytaracaq. Bu inanc sanki ağrı-acı yükümüzü azaltmışdı. Ötən müddətdə Ulu Öndərin, cənab Prezident İlham Əliyevin, Mehriban xanımın qayğısını üzərimizdə hiss etməyimiz bizə böyük dəstək idi.  
Nəhayət, dövlətimiz, ordumuz gücləndi, ölkəmizin iqtisadi potensialı böyüdü, xarici siyasətdə önəmli mövqe tutduq. Kompleks şəkildə həyata keçirilən mühüm işlər, ələlxüsus Müzəffər Lider İlham Əliyevin  müdrik siyasəti nəticəsində torpaqlarımız azadlığına qovuşdu, Xankəndidə bayrağımız dalğalandırıldı, Azərbaycanın ərazi bütövlüyü,  suverenliyi bərpa olundu.
Şuşaya, Xankəndiyə, Laçına - Vətənə yolumuz açıldı... 

 

Həmin Laçın 

 

O, Laçına çatanda artıq günorta yaxınlaşırdı. Göydə bir bulud da yox idi, Günəş zərrin şəfəqlərini ətrafa səpələmişdi. Göz işlədikcə uzanan bir çəmənlikdə oturub uzaqdan ağ çalması işıldayan dağlara, onların qoynundakı doğma kəndinə sarı baxır, yaxınlıqda axan çayın zümzüməsinin ahənginə qoşulub uşaqlıq xatirələrinin arxasınca qaçırdı... Çoban tütəyinin səsi ilə alaqaranlıqda oyanması, quzuları qabağına qatıb gül-çiçəkli çəmənlərə aparması, böyüklərin gözündən yayınıb Ağ qayanın sıldırımlarına dırmaşması, qartal yuvalarına baxması, qürub çağı günəş şəfəqlərinin dağların başını al qırmızı boyamasına tamaşa etməsi kino lenti kimi gözlərinin önündən keçirdi...
 Amma qəfildən göyün üzünü qara buludların alması, ildırım çaxması və leysan tökməsi onu şirin xəyallardan gerçək aləmə qaytarmışdı. Bircə saatdan sonra isə yenə də günəş parlamış, göy qurşağı səmada əlvan tağ kimi uzanıb getmişdi... 
Təbiətin bu dəyişkən əhvalını təbəssümlə seyr edən Gülməmməd müəllim  düşünmüşdü ki, Laçın elə uşaqlıqda qoyub gəldiyi, həmin şıltaq Laçındır... 
- İlk dəfə 2021-ci ilin avqustunda laçınlı ziyalılarla birgə doğma yurduma getdim. Çox qeyri-adi hisslər yaşayırdım. Murovun Ömər aşırımını keçib Kəlbəcər torpaqlarına qədəm qoyduq. Torpaq, ağaclar, daşlar hər şey adama doğma, müqəddəs gəlirdi. Kəlbəcərlə Laçının sərhədindəki "Laçın" yazılmış lövhəni görəndə çox duyğulandım, axı torpaqlarımızın bizə illərdir möcüzə kimi görünən  azadlığı gerçək olmuşdu... Əvvəlcə Qorçu kəndinə, orada cənab Prezident tərəfindən yenicə təməli qoyulan Laçın Beynəlxalq Hava Limanına baş çəkdik. Onu da deyim ki, Laçında aeroportun tikilməsi inanılmaz hadisədir. Çünki burada indiyə qədər bu yüksəklikdə asfalt örtüklü yollar belə olmayıb. Hava limanı bütün kəndlərə eyni məsafədə yerləşən ərazidə salınıb. Şeylanlıdan ora 30 kilometr məsafədir və bu, dağlıq ərazi üçün çox əlverişlidir. Bu hava limanı Laçını tamamilə transformasiya edəcək olduqca vacib infrastruktur layihəsidir. Yüklərin daşınması, təchizat, insanların gəliş-gedişi, turistlərin səfəri baxımından böyük əhəmiyyət daşıyır. 

 

"Qızlarıma ata yurdlarını göstərdim"

 

- Növbəti dəfə 2022-ci ilin avqustunda Laçına qardaşım İntiqamla birgə yollandım, bu dəfə Zəngilan-Qubadlı yolu ilə. Laçın şəhərinə çatanda uşaqlıq xatirələrim yenidən canlandı. Adətən şəhəri ildə iki dəfə görərdik, dağdan arana köçən və geriyə qayıdan zaman. Maşınların, atların üzərindən dağın döşündə salınmış dolama yolu keçərkən Laçın şəhərinə maraqla baxardıq. Yenidən Laçını görəndə bu, məndə fərqli assosiasiya yaratdı və Los-Ancelesdə dağın üzərindəki "Hollivud" yazısı olan ərazi yadıma düşdü. Yanımdakı yoldaşlara da dedim ki, "şəhərin yerləşdiyi dağın başına da həmin formada böyük hərflərlə "Laçın" yazılsa, çox yaraşar və möhtəşəm görünər..." 
Laçından keçib üzü kəndimizə doğru yol aldıq. Şeylanlı şəhərdən təxminən 50-55 kilometr məsafədə yerləşir və ora Minkənd istiqamətindən gedilir. Minkəndin yaxınlığına qədər yolboyu baxa-baxa getdim. Yüksəklik getdikcə artırdı, amma təbiət baxımından hər yer bir-birinə oxşayırdı, avqust ayı olduğu üçün otlar da saralmışdı. 
Ancaq Minkənd yoxuşunu qalxdıqdan sonra tamamilə fərqli bir iqlim və mənzərə adamı qarşılayır. Bir tərəfdə Qarakeçdi kəndinə tərəf uzanan Qarasu düzü, bir tərəfdə isə Dəlidağa tərəf göz işlədikcə dərəli-təpəli yaşıl bir mahal açılır. Minkənd-İstisu yolu ilə Qarakeçdi və Ağbulaq kəndlərini keçdikdən sonra yol möhtəşəm mənzərəsi olan sərt bir kanyonun qaşı boyunca davam edir. Bu ərazi uşaq olarkən yaylağa köçdüyümüz Camalyurdunun qənşərində yerləşir. Bəxtimizdən hava yaxşı idi, adətən buralar yüksəklik olduğundan dumana görə göz-gözü görmür. Artıq Günəş qürub edirdi, avtomobili saxlayıb bir az təmiz havada olmaq üçün çəmənliyə düşdük. Bu an gül-çiçəyin ətri bizi elə vurdu ki, çaşmış halda bir-birimizə baxdıq, sanki cənnətin ortasına düşdüyümüzü sandıq. İndiyə qədər dünyanın bir çox gözəl bağlarında, parklarında olmuşam, ABŞ universitetlərinin hər cür gül-çiçəyi olan ərazisini gəzmişəm, amma onların heç birində bu cür ətir, qoxu  hiss etməmişəm. Ümumiyyətlə, hara baxırdınsa, qarşında bir-birindən füsunkar mənzərələr açılırdı... 
Elə oradan həyat yoldaşıma görüntülü zəng vurub ilk təəssüratlarımı bölüşdüm... Qızlarım Alia ilə Sofiaya virtual da olsa, ata yurdlarını göstərdim... 
Artıq günəş batmaq üzrə olduğundan kəndimizə yox, gecələmək üçün çayı keçib Yuxarı Yeddibölük yaylağına getdik. Laçın işğaldan azad ediləndən sonra qardaşım İnqilab hər il yay mövsümündə heyvandarlıq təsərrüfatını bu yaylağa gətirir (indi 77 yaşlı anam Əntiqə də onunla birlikdədir). Gecə yaylaqda qaldıq. İllərdən sonra ilk dəfə yaylaqda alaçıqda yatdım. Bu da təsvirəgəlməz hisslər yaşadır insana...

 

"Kəndimiz xarabazara çevrilib..."

 

-  Səhəri gün kəndimiz Şeylanlıya getdik. Yol Qarasu düzündən kəndimizə doğru enir. Buradan Şeylanlının möhtəşəm mənzərəsi görünür. Yadımdadır, uşaq vaxtı arandan qayıdanda uzun yol idi, axşamüstü gəlib bu yerə çatanda o qədər sevinərdik ki... Kəndin işıqları yanardı, insanların səsi gələrdi, mal-qara mələşərdi, itlər hürüşərdi. Bu səslər kənddə həyat olduğunun nişanəsi idi... İndi həmin səslərə yenə qulaq vermək istədim, amma...  Bura artıq heç bir həyat nişanəsi olmayan xarabazara çevrilmişdi. 
Evimiz kəndin ən mənzərəli yerlərindən birində yerləşirdi. 1960-cı illərin əvvəllərində atamla anam böyük zəhmətlə burada ikimərtəbəli ev tikmişdilər. Evdə hər cür şərait yaratmışdılar, atam aqranom olduğu üçün yaxşı bağ salmışdı. Gedib gördüm ki, evimiz dağıdılıb, pilləkən havadan asılı qalıb, bar ağaclarımızın hamısı cırlaşıb məhv olub. 1992-ci ildə kənd işğal olunanda evimizi qradla vurublar. Mərmilərin izləri indi də durur. Nəyimiz vardısa, hamısı yanıb külə dönüb...
Amma həyətimizdəki bulaqdan hələ də su axır. İşğal zamanı qonşumuzun evində yaşayan ermənilər bu suyu boru ilə çəkib istifadə edirmişlər. Kəndimizin məktəbini də dağıdıblar, sadəcə divarları qalıb. Qəbiristanlığımıza getdim. Başdaşlarının hamısını qırıb töküblər. Ağbulaq kəndinin məzarlığında ana nənəmin məzarını ziyarət etdim. Burada da başdaşlarını dağıdıblar, gümbəzləri güllələyib deşik-deşik ediblər, bir sözlə, düşmən qəbirlərdə uyuyan əzizlərimizi də rahat buraxmayıb. 

 

Dəyərlər

 

- Deyim ki, dağıdılmış yurda qayıdışın özü də bir travmadır. Gedib o yerləri bu cür görmək insanlarımızda psixoloji sarsıntı yaradır, xüsusilə yaşlı adamlarda. Çünki onlar həmin evləri zəhmətlə tikib-quran insanlardır. Anamı bu il güclə yola gətirdim ki, Laçına getsin. Onda böyük tərəddüd var idi, həm də Laçına, Şeylanlıya həyatda olmayan atamsız, böyük qardaşımsız qayıtmaq istəmirdi... 
Amma bu çətinliklər də illər keçdikcə tədricən aşılacaq... Dövlətimiz tərəfindən o ərazilərdə sürətli bərpa işləri aparılır. Laçın şəhəri demək olar ki,  əvvəlki görkəmindən də gözəl formada bərpa olunub. Eyni zamanda da Zabux və Sus kəndləri. Ümumən Qarabağ və Şərqi Zəngəzurda şəhərlər və kəndlər müasir formada yenidən qurulur. 
Mən buradan laçınlı iş adamlarına çağırış edirəm ki, Laçına ciddi investisiya yatırmaq haqqında düşünsünlər. Şəhərin özündə və bərpa olunan kəndlərində xidmət sektorları yaranmalıdır, iş yerləri açılsın. Düşünürəm ki, Azərbaycanın bütün yerlərindən, o cümlədən Laçından olan iş adamları bu məsələyə ciddi maraq göstərməlidirlər. Laçın camaatının mütləq əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olub. Məcburi köçkünlüklə əlaqədar onların bir qismi məşğuliyyətini dəyişib. Amma bir xeyli laçınlı ata-babadan qalma ənənəni davam etdirir. Bu məşğuliyyət Laçın camaatının bir növ dəyəri, mədəniyyətidir. Çox sevindiricidir ki, çətin iş olmasına rəğmən hələ də təsərrüfatla məşğul olan laçınlılar var. Amma onlar yaylaqlara gedəndə yol baxımından müəyyən çətinliklərlə qarşılaşırlar. Təchizat yollarının baxımsızlığı səbəbindən elə olur ki, yağış yağanda kilometrlərlə enişli-yoxuşli məsafəni əşyalarını piyada daşıyaraq qət edirdilər. Təchizat yollarının daimi işlək olmasını təmin etmək strateji əhəmiyyət daşıyır. Əsas yollar dövlətimiz tərəfindən yüksək səviyyədə çəkilir. Çox istərdik ki, o yollardan yaylaqlara da təchizat yolları çəkilsin ki, insanlar əziyyət çəkməsinlər... 

 

Laçın işğal olunmasaydı... 

 

Gülməmməd müəllim Laçında başlayıb, dünyanı dolaşıb elə Laçında da axarına qovuşan filmlərə, bədii əsərlərə bənzəyən çətin, keşməkeşli, bir o qədər də mübarizələrlə dolu gerçək həyat hekayəsi yaşadı. 8 yaşındaykən məcburi köçkünə çevrildi, maddi-mənəvi çətinliklərin olduğu, şəhid xəbərlərinin qapıları döydüyü, xəstəliklərin tüğyan etdiyi bir zamanın uşağı oldu. Çətinliklərə rəğmən yoluna davam etdi, hər zaman qarşısında uzanan zülmət yolun sonunda işıq olduğunu bildi. Tale yolu sınaqlarla dolu olsa da, uğur yazısına özü imza atdı, elm sahəsində alimlik mərtəbəsinə qədər ucaldı. 
Amma yaşam mübarizəsi, uğurları ilə örnək insana çevrilən dəyərli ziyalı Gülməmməd Məmmədov özü hər zaman düşünür ki, əgər Laçından didərgin düşməsəydi, bəlkə də həyatı tamamilə başqa cür olardı: "Düşünün ki, işğal faktı olmasaydı, indi ölkəmiz hansı inkişaf səviyyəsinə ucalardı. İnsanların  maddi rifahı hazırkından çox-çox yaxşı olardı. Azərbaycanın hər yerində yüksəksəviyyəli məktəblər olar, ən mükəmməl təhsil verilərdi. Hesab edirəm ki, elə bir maddi rifah, şəraitin varlığında indi olduğum yerdən daha da yüksəkdə olardım. Bu, bir reallıqdır. Məcburi köçkünlük tək insan olaraq bizdən yox, ölkəmizdən çox şeylər aldı. 30 il müstəqilliyimizdən oğurladı. O cür təbii zənginliklərdən məhrum olduq. Ömrümüzdən ömür getdi... Əminəm ki, indən sonra insanlarımız qazandıqları pis-yaxşı təcrübə ilə yurdlarımıza qayıdandan sonra orada tamamilə ayrı yaşama sahib olacaqlar. Keçmişimizdən fərqli olaraq gələcəyimiz xoş günlərlə bol olacaq..."

Yasəmən MUSAYEVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video