14 Oktyabr 2026 08:10
210
PARLAMENT
A- A+
Beynəlxalq sənədlər təsdiq edildi

Beynəlxalq sənədlər təsdiq edildi


Oktyabrın 13-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova iclasın əvvəlində oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ilə bağlı fikirlərini bildirib. 

Qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri kimi dəyərləndirən parlamentin Sədri bildirib ki, ilk dəfə idi Yeni Azərbaycan Partiyasının ali rəhbər orqanının toplantısı ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildikdən sonra keçirilirdi. 

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda proqram xarakterli  nitq söylədiyini qeyd edən spiker bildirib ki, dərin məzmunlu bu nitqdə Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salındı, tarixi qələbələrimizi şərtləndirən amillər göstərildi. Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə rolu qeyd edildi. "Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi haqqında dövlət başçısının söylədiyi fikirlər xüsusi mənaya malikdir. Bu xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, müdafiə potensialının daha da artırılması təşkil edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi başlıca milli məqsədlərimizin əldə olunmasını təmin etmişdir", - deyə Milli Məclisin Sədri diqqətə çatdırıb. 

Milli Məclisin Sədri bildirib ki, ölkə Prezidentinin nitqində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmaq üçün müəyyən edilmiş strateji vəzifələr Milli Məclisin fəaliyyəti baxımından da böyük əhəmiyyətə malikdir. Bu vəzifələr keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilər ilə daimi əlaqə saxlanılmasını tələb edir. Parlamentin üzvləri kimi biz dövlətimizin möhkəmləndirilməsinə və qarşıya çıxan yeni imkanların real nəticələrə çevrilməsinə kömək göstərməliyik. Əminliklə söyləmək olar ki, belə də olacaqdır", - deyə spiker qeyd edib.

Milli Məclisin Sədri Sahibə Qafarova rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak məqsədilə Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri barədə də məlumat verib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. Parlamentin sədri iclasda 13 məsələnin müzakirə ediləcəyini, ilk 5 məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və bu növ qanun layihələrinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edildiyini bildirib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O, sənədin beynəlxalq iqlim əməkdaşlığı və ölkəmizin bu prosesdə iştirakı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Bildirilib ki, təqdim olunan Anlaşma Memorandumu İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasının Azərbaycanda keçirilməsi ilə bağlı təşkilati, maliyyə və hüquqi məsələləri, habelə Azərbaycan Respublikası Hökumətinin və BMT Katibliyinin öhdəliklərini müəyyən edir. Sənəddə həmçinin milli uyğunlaşma planlarının həyata keçirilməsinə yönəlmiş beynəlxalq əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülşən Paşayeva məsələ barədə təmsil etdiyi komitənin rəyini açıqlayıb. O deyib ki, müzakirəyə çıxarılan qanun layihəsi ölkəmizin qlobal iqlim diplomatiyasındakı strateji rolunu, uğurlu ekoloji siyasətini, habelə Azərbaycanın beynəlxalq arenada qazandığı mövqeyi hüquqi baxımdan təsdiq edir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri gündəliyin növbəti 3 məsələsinin Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O qeyd edib ki, hər üç qanun layihəsi Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında dövlətlərarası və hökumətlərarası müqavilə və sazişlərin təsdiq edilməsi haqqındadır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə 31 iyul 2026-cı il tarixdə Çolpon-Ata şəhərində  Azərbaycan və Qırğız Respublikalarının dövlət başçıları tərəfindən imzalanıb. Müqavilənin məqsədi tərəflərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməkdir. Qeyd edilib ki, bu sənəd eyni zamanda Azərbaycan və Qırğızıstan arasındakı qarşılıqlı etimadın, siyasi həmrəyliyin, ortaq maraqların və gələcəyə yönəlmiş siyasi baxışın bariz ifadəsidir.

Təqdim edilən sənədə əsasən, tərəflər bir-birinə qarşı yönəlmiş heç bir bloklarda iştirak etməmək, iki dövlətin  strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən fəaliyyətlərdən çəkinmək öhdəliklərini təsdiq edirlər. Müqavilədə təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunması məqsədilə beynəlxalq-hüquqi öhdəliklər və milli qanunvericiliklər nəzərə alınmaqla, hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hərbi sahədə kadr və mütəxəssis hazırlığı və potensialının artırılması istiqamətində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, iki ölkənin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə dair müddəalar, habelə energetika, bərpaolunan enerji mənbələri, nəqliyyat, logistika, yüksək texnologiyalar, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm, ticarət-iqtisadi, investisiya, elm, təhsil, mədəniyyət, idman, incəsənət və sair üzrə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər ehtiva olunur.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar Vüqar Bayramov, Rizvan Nəbiyev, Sahib Alıyev, Günay Əfəndiyeva, Hikmət Məmmədov, Tahir Mirkişili sənədin mühüm əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 31 iyul 2026-cı il tarixdə Çolpon-Ata şəhərində imzalanmış saziş tərəflər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir. Sazişə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin avtomobil daşımaları həyata keçirilir.

Qeyd olunub ki, sazişin tətbiq dairəsinə sərnişin və yükdaşımaları, o cümlədən müntəzəm, qeyri-müntəzəm və icazə tələb edilməyən daşımalar daxildir. Sənəddə təhlükəli, ağır çəkili və iri qabaritli yüklərin daşınması qaydaları, həmçinin tələb olunan sənədlər, rüsumlar, ödənişlər və sığorta məsələləri tənzimlənir. Bundan əlavə, milli qanunvericiliyin tətbiqi, gömrük rüsumundan azad olma, beynəlxalq öhdəliklər və qarışıq komissiyaların təsis edilməsi kimi digər məsələlər də müvafiq maddələrdə öz əksini tapıb. 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov məsələ barədə təmsil etdiyi komitənin rəyini səsləndirib. O, sazişin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olduğunu, həmçinin milli prosedurlara riayət edildiyini, milli maraqlarımıza cavab verdiyini və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Zaur Şükürov "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə  Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini də təqdim edib. Qeyd edilib ki, 31 iyul 2026-cı il tarixdə Çolpon-Ata şəhərində imzalanan saziş iki dövlət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır.Yeni dəyişikliyə əsasən, qeyd olunan sazişin 4-cü maddəsində və Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnaməsinin 6-cı maddəsinin 2-ci bəndində 2024-cü il aprelin 24-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş" ilə "100 000 000  ABŞ dolları" həcmində müəyyən edilmiş nizamnamə kapitalının məbləği "200 000 000 ABŞ dolları" ilə əvəz edilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov bu məsələ barədə təmsil etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi qəbul edilib.

Parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov "Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış sazişin məqsədi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin Azərbaycan Respublikasında öz funksiyalarını və vəzifələrini səmərəli yerinə yetirməsi üçün şərait yaradılması, onun hüquqi statusunun, imtiyaz və immunitetlərinin müəyyən edilməsi, habelə Azərbaycan Respublikası Hökuməti ilə təşkilat arasında münasibətlərin tənzimlənməsidir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə fikirlərini bölüşərək bildirib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı öz fəaliyyəti ilə necə böyük təsir gücünə və imkanlara malik olduğunu sübut edib. Qeyd olunub ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının hərəkatın parlament ölçüsü ilə əlaqələri böyük əhəmiyyət kəsb edir. Komitə sədri bu baxımdan Milli Məclis Sədrinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Bakı ofisindəki çıxışını xatırlayaraq, həmin çıxışda gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verildiyini söyləyib. O, sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Məsələ ətrafında müzakirələrdə deputatlar Bəhruz Məhərrəmov və Vüqar İskəndərov çıxış edərək fikirlərini bildiriblər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb.

Layihədə təklif olunan dəyişikliklərin "Lisenziyalar və icazələr haqqında" qanunun icrası ilə əlaqədar olduğu və uyğunlaşdırma xarakteri daşıdığı bildirilib. Sənəddə sözügedən məcəllə və qanunların müvafiq maddələrindən "xüsusi" sözünün çıxarılması nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə təmsil etdikləri komitələrin müsbət rəylərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının  qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əmək Məcəlləsində və "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov təqdim edib. Qeyd edilib ki, qanun layihəsi kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtının Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.

Komitə sədri Musa Quliyev layihə barədə Əmək və sosial siyasət komitəsinin müsbət rəy verdiyini açıqlayıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

 "Texniki tənzimləmə haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib. Qeyd olunub ki, qanuna əlavə edilən 15.5-ci maddəyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

"İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, layihədə "İcra haqqında" qanuna "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddənin əlavə edilməsi təklif olunub. Yeni maddə icra prosesi zamanı tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmini müəyyən edir. Bununla əlaqədar layihədə "Qiymətli kağızlar bazarı haqqında" qanuna da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin layihə ilə bağlı müsbət rəyini komitə üzvü Rövşən Muradov təqdim edib. 

Müzakirədə komitə sədrləri Zahid Oruc və Siyavuş Novruzovun, deputat Aydın Hüseynovun çıxışları dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul olunub.

İclasda son olaraq "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" (ikinci oxunuş), "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə",  "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş)  qanun layihələri təsdiq olunub.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

20:18
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!