25 Yanvar 2022 15:01
627
CƏMİYYƏT
A- A+

Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi ilə yenilənən tarix – Daşaltı əməliyyatından 30 il ötür

 

Birinci Qarabağ müharibəsinin mühüm hərbi əməliyyatlarından olan Daşaltı əməliyyatından 30 il ötür. 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlayan və yanvarın 26-da axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Azərbaycan Ordusu üçün uğursuzluqla nəticələnib. Daşaltı əməliyyatının ildönümü artıq ikinci ildir qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qırx dörd günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu dünya hərb tarixinə ən nümunəvi döyüşlərdən biri kimi daxil olmuş çətin Şuşa əməliyyatı ilə kəndi işğaldan azad edib.

AZƏRTAC xəbər verir ki, Daşaltı əməliyyatının otuzuncu ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Daşaltı kəndinə mediatur təşkil olunub.

Müdafiə Nazirliyinin nümayəndələri, Daşaltı əməliyyatında iştirak etmiş hərbçilər və media nümayəndələri əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda həlak olmuş Vətən övladlarının xatirəsini dərin ehtiramla yad ediblər.

Hərbçilər çıxış edərək Daşaltı əməliyyatı ilə bağlı xatirələri bölüşüblər.

Mərasimdə hərbi orkestr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 28 illik işğaldan sonra Daşaltı kəndini işğaldan azad etməsini tərənnüm edən zəfər ruhlu musiqilər ifa edib.

Qeyd edək ki, 1992-ci ilin yanvarında Qarabağda ağır vəziyyət yaranmışdı. Bakıda hökm sürən ictimai-siyasi gərginlik və hərc-mərclik cəbhə bölgəsindəki vəziyyəti daha da ağırlaşdırmışdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Belə ki, Ermənistan ordusu Şuşa–Laçın magistralının kənarında yerləşən Daşaltı kəndindən Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyat vasitələrinə atəş açırdı. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyat keçirmək qərarı qəbul etdi.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlandı və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatdı. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu 90-dan artıq şəhid verdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak etmişdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız düşmənin pusqusuna düşdü, kəndə daxil olmuş bir neçə tağım isə itki verərək geri çəkildi. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirdi.

Azərbaycan xalqının tarixinin ən şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu dünyanın qabaqcıl hərbi mərkəzlərində bu gün də öyrənilən Şuşa əməliyyatı ilə 70-dən çox yaşayış məntəqəsini, o cümlədən Daşaltı kəndini də işğaldan azad edərək, şəhidlərimizin qisasını aldı.

Vətən müharibəsində şanlı Qələbənin memarı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il martın 16-da Daşaltı kəndində olub. Dövlətimizin başçısı bildirib ki, rəşadətli Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar.

Daşaltı əməliyyatının iştirakçısı olmuş hərbçilər, eləcə də hərbi ekspertlər bu əməliyyatın gedişi, onun uğursuzluqla nəticələnməsinin səbəbləri və otuz ildən sonra Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatla kəndin işğaldan azad edilməsi barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.

Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani otuz ildən sonra Daşaltıya Qələbə əhval-ruhiyyəsində gəldiyini söyləyib: “Bu gün biz Birinci Qarabağ müharibəsinin uğursuz Daşaltı əməliyyatının 30-cu ildönümü ilə əlaqədar buradayıq. Lakin bu dəfə Daşaltıya tamamilə başqa - Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı yüksək əhval-ruhiyyədə gəlmişik. Bu torpaqlara qalib ölkənin vətəndaşları, qalib ordunun hərbçiləri kimi ayaq basırıq. Ətrafa baxın, artıq Daşaltının qarı əriyir. Lakin 1992-ci ilin qışında tamamilə başqa mənzərə idi. Həmin gün sanki təbiətdən də faciə qoxusu gəlirdi. Ordu təzə yaradılırdı, vahid komandanlıq yox idi, sovet ordusundan qalmış silah-sursat istifadəyə yararsız idi. Amma İkinci Qarabağ müharibəsində vəziyyət tamamilə başqa idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu elə bir taktika ortaya qoydu, rəşadət göstərdi ki, torpaqlarımız qısa vaxtda düşmən tapdağından azad edildi və Vətən torpağı azad nəfəs aldı, burada Xarıbülbüllər boy atdı, sarı bülbüllər cuşa gəldi”.

Mühüm strateji mövqedə yerləşən Daşaltı kəndinin Şuşa uğrunda döyüşlərdə açar rolunu oynadığını vurğulayan Abdulla Qurbani deyib: “Birinci Qarabağ müharibəsində Daşaltı əməliyyatı ermənilərin Şuşanı işğal etmələri üçün bir açar idisə, Vətən müharisində də Daşaltının azad edilməsi Şuşanın işğalçılardan təmizlənməsində açar oldu. Haqq savaşımızda mətanətlə vuruşan, igidlik göstərən hər bir əsgər və zabitimizin qəhrəmanlığı böyük dastan, əfsanədir. Hərbçilərimiz canlarından keçdilər, son güllələrinə qədər vuruşdular ki, biz əzəli torpaqlarımıza qovuşa bilək. Bu gün biz Vətən övladlarının şəhadətləri ilə tarix yazdıqları, bu yerlərdə ali zirvəyə ucaldıqları müqəddəs məkandayıq. Burada düşmənin güclü müdafiə istehkamı, xeyli sayda texnikası və çoxlu sayda qüvvələri olsa da, güllə və mərmilərin yağış kimi yağmasına baxmayaraq, əsgər və zabitlərimiz ancaq irəli getdilər. Daşaltı əməliyyatında yaralanan hərbçilərimiz təxliyə olunmaqdan imtina edirdilər. Onlar təxliyə edilməkdən daha çox, ən əsas arzularına qovuşmaq istəklərini dilə gətirərək deyirdilər: “Yaralı olsaq da, aparın, biz də Şuşanı görək. Vətən müharibəsində canlarından keçən belə igid şəhidlərimizin əziz xatirələrini daim uca tutub onların ruhu qarşısında baş əyirik. Onların ailə üzvlərinə, doğmalarına başsağlığı veririk, qazilərimizə şəfa diləyirik”.

Vətən müharibəsində informasiya savaşının da önəmini xüsusi vurğulayan Abdulla Qurbani AZƏRTAC-ın da bu mübarizədə ön sıralarda olduğunu deyib: “Müharibə vaxtı ən doğru xəbərləri AZƏRTAC çatdırırdı. Buna görə AZƏRTAC-ın hər bir əməkdaşına minnətdaram”.

İkinci Qarabağ müharibəsində Daşaltının azad olunmasında iştirak etmiş hərbiçilərdən olan polkovnik Firuz Bədəlov deyib: “Daşaltı əməliyyatındakı uğursuzluq Azərbaycan xalqında ağır psixoloji sarsıntı yaratdı və hadisələrin sonrakı gedişinə ciddi təsir etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun illər bunu təntənə ilə qeyd etdi. Lakin 2020-ci ildə Vətən müharibəsində Daşaltı azad edildi, bu əməliyyatda və ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğularımızın qisası alındı. Artıq “Daşaltı” dedikdə məğlubiyyət deyil, Qələbə yada düşür. Daşaltı əməliyyatının uğursuzluğunun başlıca səbəbi yeni yaranmaqda olan Azərbaycan Ordusunun maddi-texniki bazasının, silah və texnika ilə təchizatın, ordunun əsgər və zabitlərlə komplektləşdirilməsinin zəif olması, vahid komandanlığın olmaması idi. Buna baxmayaraq, Daşaltı əməliyyatı zamanı əsgər və zabitlərimiz qəhrəmancasına döyüşüblər”.

Polkovnik Firuz Bədəlov Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusunun Daşaltını işğaldan azad etməsindən danışaraq deyib: “44 günlük Vətən müharibəsində Zəfərimizin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılmış islahatlar, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, ən müasir silah-sursat və texnika ilə komplektləşdirilməsi, Ordumuzun zabitlərinin dünyanın aparıcı ölkələrinin nüfuzlu Hərbi akademiyalarında təhsil almaları, hərbi məktəblərimizdə peşəkar zabit kadrların yetişdirilməsi dayanır. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun vahid komandanlıq tərəfindən yüksək səviyyədə idarə olunması, generalların, komandirlərin, zabitlərinin düşünülmüş planlama aparmaları nəticəsində işğal altındakı torpaqlarımızı düşməndən qısa müddətdə azad etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Ordumuzun yeni nəsil silahlarla təchiz olunması və onların təlimlərdə yüksək səviyyədə tətbiqi uğurlu əməliyyatlar keçirməyimizə mühüm töhfə verdi.

Daşaltı kəndi Şuşanın 300-400 metr yaxınlığında yerləşir. Azərbaycan Ordusunun bu kəndi işğaldan azad etməsi, düşmən qüvvələrini darmadağın etməsi qarşı tərəfin müqavimətini, döyüş əzmini qırdı. Əlverişli strateji mövqedə yerləşən və işğal dövründə gücləndirilən Daşaltı düşmənin son ümid nöqtəsi idi. Erməni əsgərləri burada ordumuzun qarşısını ala biləcəklərini düşünürdülər. Lakin düşmən buna nail ola bilmədi. Şəxsi heyət Daşaltı əməliyyatı zamanı 1553 metr yüksəklikdən hərəkətə başlamışdı. Biz Topxana meşəsinin arxasında düşmənin müqaviməti ilə rastlaşdıq. Şuşaya qayıdanda onlar bizi atəşə tutdular. Orada mən və zabit yoldaşım, daha bir neçə əsgərimiz yaralandı, şəhidlərimiz oldu. Amma buna baxmayaraq, iradəmizi topladıq. 1992-ci ildəki Daşaltı əməliyyatı da çətin əməliyyat olub. Vətən müharibəsi vaxtı da həmin çətinliklərlə rastlaşdıq. Ancaq döyüş təcrübəsi olan, yaxşı təlim keçmiş əsgər və zabitlərimiz, ən müasir silahlarla təchiz edilmiş bölmələrimiz Azərbaycan Ordusu rəhbərliyinin əvvəlcədən hazırladığı dəqiq plan üzrə hərəkət edərək ən çətin döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirdi”.

Vətən müharibəsində çətin Şuşa əməliyyatında misilsiz igidliklər göstərmiş qəhrəman zabitlərimizdən biri də tağım komandiri kapitan Surxan Noçiyev olub. Bu döyüşdə düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edən və noyabrın 9-da hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olan Surxay Noçiyev Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman hərbçimizin atası Əbdül Noçiyev oğlunun kəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyini eşidəndə qürur hissi keçirdiyini vurğulayıb: “1992-ci ildə Daşaltı kəndinin erməni işğalçılarından azad edilməsi məqsədilə həyata keçirilən və Azərbaycanın hərb tarixinə ən uğursuz əməliyyatlardan biri kimi düşən Daşaltı əməliyyatında Azərbaycan 100-ə yaxın şəhid verib. Vətən müharibəsində şəhidlərimizin qanını yerdə qoymayan rəşadətli Azərbaycan Ordusunun zabiti oğlum Surxayın da komandiri olduğu tağımla Daşaltı əməliyyatında iştirak etdiyini eşidəndə son dərəcə qürur hissi keçirdim. Oğlum və döyüş yoldaşları kəndin işğaldan azad edilməsi uğrunda döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstəriblər. Budur, Vətənimizin igid oğullarının Vətən müharibəsində qazandığı böyük Qələbə sayəsində biz artıq burada, doğma yurdumuzda, tarixən sahibi olduğumuz torpaqlardayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Övlad itkisi çox ağırdır. Mən şəhid atası kimi, bunu çox yaxşı anlayıram. Ancaq bunu da unutmamalıyıq ki, işğalçı Ermənistan özünə aid olmayan torpaqlardan rüsvayçılıqla qovulub və hazırda dərin böhran içindədir. Özüm Zəngilan rayonundanam və ermənilərin torpaqlarımızı necə viran qoyduqlarını görmüşəm. Onlar azərbaycanlıları körpə, qadın, qoca demədən işgəncə ilə qətlə yetirirdilər. Bu gün biz şəhid valideynləri başımızı dik tutmalıyıq. Çünki övladlarımız Vətən uğrunda şəhid olublar. Onlar düşmənin xalqımızın başına açdığı müsibətlərin qisasını alıblar”.

Daşaltı kəndinin işğaldan azad olunması əməliyyatında iştirak etmiş kapitan Nicat Hacıyev bildirib ki, 30 il əvvəl keçirilmiş Daşaltı əməliyyatının uğursuzluqla başa çatmasının əsas səbəbləri ölkə rəhbərliyinin başının siyasi hakimiyyət uğrunda mübarizəyə qarışması, vahid komandanlığın olmamağı, ordudakı kadr çatışmazlığı, silah-sursatla təminatın zəif olması idi: “1992-ci ildə ölkədə vəziyyət son dərəcə ağır idi. Ordunun silah-sursatla təminatı çox zəif idi. Hərbi kadrlarımız çatışmırdı. Komandanlıqdakı pərakəndəlik, rəhbərliyin başının hakimiyyət uğrunda mübarizəyə qarışması Birinci Qarabağ müharibəsində, o cümlədən Daşaltı əməliyyatında məğlubiyyətin əsas səbəblərindəndir. Lakin Vətən müharibəsində vəziyyət tamamilə başqa idi. Ordumuzun silah-sursat və hərbi texnika ilə təminatı ən müasir standartlara cavab verirdi, şəxsi heyətin əhval-ruhiyyəsi ən yüksək səviyyədə idi. Əməliyyatlar vahid komandanlıq tərəfindən yüksək peşəkarlıqla idarə olunurdu. Bütün bu amillər Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin etdi”.

Vətən müharibəsində Daşaltı əməliyyatının Şuşanın işğaldan azad olunması üçün vacib rol oynadığını vurğulayan zabit deyib: “Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə tarix yazdı. Dünyanın müxtəlif ölkələrinin hərbi qərargahlarında Azərbaycan Ordusunun bu müharibədə tətbiq etdiyi hərbi taktika ətraflı öyrənilir. Xüsusən də Şuşa şəhərinin azad olunması dünya hərb tarixinə qızıl hərflərlə yazılan əməliyyatdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video