Ə.Haqverdiyev 1905-ci il inqilabından sonra
Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır.
"Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışmağa başlayır.
1907-ci ildə yazıçı həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səyahət
edir. Faciə yazılır və ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulur. Ondan sonra
da pyes böyük müvəffəqiyyətlə uzun zaman səhnədə oynanılır. "Ağa Məhəmməd şah Qacar”
ədəbiyyat tariximizdə Nəriman Nərimanovun
"Nadir şah”ından (1898) sonra ikinci tarixi faciə idi. N.Nərimanov da, Ə.Haqverdiyev
də yaradıcılıqlarında realist M.F.Axundzadə ədəbi məktəbinin görkəmli davamçıları
idilər.
Ə.Haqverdiyev tarixi həqiqətlərə sadiq qalaraq,
faciədə İranın qəddar şahı olan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis
və Qarabağa hücumunu təsvir etmişdir. 1907-ci ildə və ondan sonra uzun zaman böyük
müvəffəqiyyətlə səhnədə nümayiş etdirilən faciənin müasir ruhunu gücləndirən əsas
səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyesin tamaşaya
qoyulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyesdə
müəllif tək bir müstəbidi ifşa etməklə kifayətlənməmiş, ümumiyyətlə, Şərqin özbaşınalığa
və zorakılığa əsaslanan idarə üsulunu və onun törətdiyi vəhşilikləri tənqid etmişdir.
Bütün yaradıcılığı boyu realist olan Haqverdiyev
qəhrəmanın faciəsini bəhs etdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti
ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh
etmişdir. Ağa Məhəmməd şahın Nadirin qardaşı oğlu Ədil şah tərəfindən əsir edilərək
aparılması, hələ kiçik ikən atasının onun gözləri qarşısında öldürülməsi, İranı
vahid dövlət şəklində birləşdirmək siyasəti yolunda rastlaşdığı çətinliklər, doğma
qardaşı Cəfərqulu xanı öldürüb, bir insan kimi vicdan əzabı çəkməsi və nəhayət,
əhalinin nifrəti Qacarı faciəvi qəhrəman vəziyyətinə salan əsas şərtlərdəndir. O
həm İranın acınacaqlı halına yanan ağıllı bir şah, həm də qaniçən, zülmü ərşə yüksələn
bir zalımdır. Ağa Məhəmməd şah hələ düşmən əlində əsir olarkən vaxtının çoxunu mütaliəyə
sərf edib, dövlət işləri ilə maraqlanır, İranın gələcəyi haqqında düşünür. İranı
"yaralı bədən”, özünü də "həkim” sayır. Hakimiyyəti ələ aldıqdan sonra bütün biliyindən
bacarıqla istifadə edir. Ağa Məhəmməd şah elə bir hakimiyyət yaratmaq istəyir ki,
əhalinin məhəbbətini qazansın.
O, bu işdə keçmiş İran şahlarının iş təcrübəsindən
istifadə edir, onların buraxdığı səhvləri təkrar etməməyə çalışır. Qacar həm də
bacarıqlı sərkərdə, dövlət işlərini yaxşı bilən bir diplomatdır. O, İranda hakimiyyət
sürmüş bütün padşahların, cəsur sərkərdələrin müsbət və mənfi cəhətlərini öyrənmiş,
keçmiş müharibələrdən dərs almışdır. Buna görə də qüvvətli düşmən qarşısında özünü
itirmir, dərhal tədbirə əl atır.
Əsərdə Tiflis və Şuşa əhalisinin istilaya
və istilaçılara qarşı fəal mübarizəsinə və möhkəmliyinə, xalqın birlik əzminə məhəbbət
vardır. Faciədə İran tarixinin on səkkiz illik (1779-1797) keşməkeşli bir dövrü
əhatə olunmuş və pyes gərgin dramatik ziddiyyətlər üzərində qurulmuşdur. Oxucu bir-birini
təqib edən mübarizələr, toqquşmalar və çarpışmalarda qüvvətli insan xarakterləri
ilə tanış olur. Ədib Qacarla əlaqədar olan münaqişələri böyük bacarıqla müxtəlif
yerlərdə (Mazandaran, Tiflis, Xorasan, Şuşa) inkişaf etdirir və hadisələri məharətlə
bir-birinə bağlayır.
Müəllifin başqa dram əsərlərindən fərqli
olaraq, "Ağa Məhəmməd şah Qacar” pyesi nisbətən təmtəraqlı dildə yazılmışdır. Pyesdə
ədib bədii dil üçün çox zəruri olan məcazlardan, hikmətli sözlərdən, idiomatik ifadələrdən,
xalq məsəllərindən yerli-yerində istifadə etmişdir, Qacarın dili xüsusilə zəngindir.
Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları
yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza
ilk dəfə Əbdürrəhim bəy gətirib. O, "Ağa Məhəmməd şah Qacar” faciəsində təkcə əsərin
qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu
xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim
xanın, II İraklinin, Tavad Keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini
təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin
surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən
yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları,
vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin
dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssümünü tapıb.
"Azərbaycan”