Ötən 30 il göstərdi ki, Azərbaycanın yeni neft-qaz strategiyası istər iqtisadi, istərsə də siyasi baxımdan olduqca qəqiq və böyük uzaqgörənliklə seçilmişdir. Təməl daşı "Əsrin müqaviləsi" olan bu strategiya ölkəmizin hərtərəfli inkişafına təkan vermiş, iqtisadi gücünü və siyasi nüfuzunu artırmış, xalqın rifah halını yüksəltmişdir.
Müəllifi Ümummilli Lider Heydər Əliyev olan "Əsrin müqaviləsi" əsrlərə hesablanmış möhtəşəm bir sazişdir. Həm də məsələ təkcə ondan ibarət deyil ki, 7 il əvvəl Prezident İlham Əliyevin iştirakı ilə bu sazişin müddəti XXI əsrin ortasınadək uzadılıb. 2017-ci il sentyabrın 14-də imzalanan həmin saziş "Yeni əsrin müqaviləsi" adını alıb.
1994-cü il sentyabrın 20-də imzalanan, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlarının tammiqyaslı işlənməsini əhatə edən, qısa şəkildə "Əsrin müqaviləsi" kimi tanınan kontraktın icrası ölkəmiz üçün həm də beynəlxalq enerji aləminə, dövlətimizin başçısının sözləri ilə desək, geniş qapı açıb. 2017-ci il noyabrın 8-də Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezidentimiz "Əsrin müqaviləsi"ndən sonra həyata vəsiqə alan digər layihələrin reallaşması xronologiyasına müraciət edərək demişdir: "Bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır. 1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu Öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün "Cənub qaz dəhlizi" layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi".
Bu sözlərin deyildiyi vaxtdan 7 il keçir. Ötən dövr ərzində neft-qaz və ixrac layihələrimiz çərçivəsində növbəti uğurlar qazanılıb. 2018-ci ilin mayında "Cənub qaz dəhlizi" istifadəyə verilib. Təxminən bir ay sonra bu dəhlizin bel sütunu, birləşdirici halqası sayılan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Türkiyəyə çatdırıb. "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci ilin son günündən başlayaraq Azərbaycan qazını Avropaya nəql edir.
Azərbaycanın təşəbbüsü və aparıcı qüvvəsi ilə çəkilən, haqlı olaraq İlham Əliyevin meqalayihəsi adlandırılan 3500 kilometrlik bu dəhliz sayəsində ölkəmiz artıq pan-Avropa qaz təchizatçısı kimi tanınır. Azərbaycandan mavi yanacaq idxal edən ölkələrin sayı 10-a çatıb və bu, son hədd deyil.
"Əsrin müqaviləsi" ölkəmizə zəngin neft-qaz infrastrukturu da bəxş edib. Sex və tikinti sahələri modernləşdirilən ilk müəssisələrdən biri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodudur (BDÖZ). Sovet dönəmində Ümummilli Liderin səyi ilə Azərbaycanda tikilmiş, bu gün isə genişləndirilmiş, modernləşdirilmiş BDÖZ dünya standartları səviyyəsində fəaliyyət göstərən bir müəssisədir. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, Azərbaycanın son onilliklərdə həyata keçirdiyi neft-qaz layihələrinin hər biri ən azı beş il ləngiyərdi. BDÖZ nəinki AÇG üçün genişmiqyaslı sifarişlər yerinə yetirib, "Şahdəniz" və digər layihələr üçün də çoxsaylı işlər həyata keçirib, indi də öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri, Səngəçal terminalı, "İstiqlal", "Dədə Qorqud" yarımdalma qazma qurğuları, "İsrafil Hüseynov" borudüzən barjı, "Tofiq İsmayılov" dalğıc gəmisi... Bunlar Azərbaycanın xarici şirkətlərlə birgə həyata keçirdiyi nəhəng neft-qaz layihələrinin hələ ilk mərhələlərində yaradılmış, yaxud modernləşdirilmiş infrastrukturlardır.
Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilində yerləşən Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminallarından biridir. Bir neçə möhtəşəm neft-qaz ixracı kəmərinin başlanğıc nöqtəsi məhz buradır. Başqa sözlə, Səngəçal terminalı bu gün regionun neft-qaz ixracı mərkəzinə çevrilib.
Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində əldə edilən uğurlarda müxtəlif təyinatlı gəmilərin də böyük rolu var. Onlardan tək birini xatırlatmaq kifayətdir. Bu, "Xankəndi" sualtı tikinti gəmisidir. Bakı Gəmiqayırma Zavodunda inşa edilən "Xankəndi" gəmisi DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilib. Bu gəmi məxsusi olaraq suyun dərinliyinin 550 metrədək çatdığı hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.
Bütün bunlar bir daha təsdiqləyir ki, "Əsrin müqaviləsi"ndən başlanan yol müvəffəqiyyətlə davam edir. İndi Azərbaycan "qara qızıl"dan və mavi yanacaqdan "yaşıl enerji"yə keçid edir. Cari ilin noyabrında Bakıda keçiriləcək COP29 bu keçidin nə dərəcədə uğurlu olduğuna daha bir sübutdur. Biz Avropaya "yaşıl enerji" dəhlizi də çəkəcəyik. Bu barədə hələ iki il əvvəl Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya razılığa gəliblər. Dənizin dibi ilə uzanacaq 1100 kilometrlik bu xəttə Azərbaycanın vasitəsilə Qazaxıstan və Özbəkistan da qoşulacaq. İştirakçı ölkələrin sayının artacağı da istisna deyil. Budur "Əsrin müqaviləsi"ndən başlanan yolun gerçəklikləri!
Flora SADIQLI,
"Azərbaycan"