Bazar günü etüdü
Torpaq! Necə də ülvi, necə də gözəl ad. Bu söz dilimizdə çiçək
açan kimi sanki bulaq suyuna çevrilib şırıl-şırıl ürəyimizə axır, qanımıza
hopur. Bu şirin, şəkər söz dodaqlarımızdan qopub dünyaya yayıldıqca gözlərimiz
önündən şumlanmış torpaq sahələri, yaşıllığa bürünmüş geniş çöllər, dağlar, dərələr
gəlib keçir. Ürəyimiz, qəlbimiz könül oxşayan belə gözəl mənzərələrdən rahatlıq
tapır.
Torpaq şumlananda onun qoxusunu hiss etmisinizmi? Yağışdan
sonra onun ətrini ürəkdolusu ciyərlərinizə çəkmisinizmi? Belə xoş anları
yaşamısınızmı? Torpağın bu qoxusunu, bu ətrini insan unuda bilmir. Deməli,
qoxusundan doymadığımız güllər, çiçəklər də ətrini torpaqdan alır.
Torpaq əcdadlarımızdan bizə miras qalmış əmanətdir. Torpaq həm
əkin-biçin yerimiz, həm də namus və şərəfimizdir. Torpaq ucadan uca olan Vətənimizdir.
O Vətən ki, biz onun qoynunda dünyaya göz açır, yaşayır, boy atır, güc alırıq.
Torpaqla ilk "görüşümüz" körpəlikdən başlayır. Bələkdən çıxmış ay
parçası kimi ağappaq ayaqlarımız torpağa dəyəndə sevinirik. Sevinə-sevinə də
güclənirik. Sevincimizi qığıltılara çevirib asta-asta torpağa səslənirik.
Deyirik ki, torpaq, sən nə qədər ətirli və şirinsən, nə qədər gözəl və bərəkətlisən.
Səsimizdən, nəfəsimizdən, qığıltımızdan, pıçıltımızdan xoşu gəlir. Bu anlarda
onun qəlbindən, ürəyindən sevinc yüksəlir.
Torpağı sevməmək mümkün deyil. Axı torpağa həm də ana
deyirik. Torpağımızı da, anamızı da göz bəbəyimiz kimi qoruyuruq. Onu qoruduqca
mətinləşirik, məğrurlaşırıq, mübarizləşirik, qəhrəmanlaşırıq. Damarlarımızda
axan qanımız coşub-daşır. Torpaq uğrunda canımızdan da keçməyə hazırıq. Türk şairi
Cemal Kuntay gözəl deyib: "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir".
Hisslərimizi coşduran, qəlbimizi riqqətə gətirən bu misra özündə Vətənə,
torpağa məhəbbəti, qəhrəmanlığı, şəhidliyin müqəddəsliyini əks etdirir. Bu
misrada torpağa sevgi ilə yanaşı, onu qorumağa güclü bir çağırış da var.
Kövrək addımlarımızı atdığımız torpaq bizim üçün anamız qədər
müqəddəs və əzizdir. Müqəddəs olduğu üçün onu əzizləyə-əzizləyə ürəyimizdən
şırıltı ilə axıb gələn, qəlbimizdən süzülən qürurlu səslə, isti nəfəslə
"Ana torpaq" deyirik. Bu sözdən böyük iftixar, yenilməzlik duyuruq.
Mehribancasına, ruhuna toxunmadan, xətrinə dəymədən "Ana" və
"Torpaq" sözlərini birləşdiririk. Onu ucalıqlara qaldırıb
doğmalaşdırırıq, ülviləşdirib müqəddəsləşdiririk.
"Ana torpaq" kəlməsi bizə əziz olduğu qədər də
doğmadır. Doğma olduğu qədər də əzizdir. Bu əzizlik, bu doğmalıq ruhumuzdan
qidalanır, ürəyimizdən süzülüb gəlir. Bizə ana olan torpaq ilıq qoynunda ürək açıqlığı ilə hamımıza yer
ayırır, əlimizdən tutub böyüdür. Bar-bərəkətini, naz-nemətini kimsədən əsirgəmir.
Elə buna görə ikisini də ürəkdən sevirik, ikisinə də qəlbən, ruhən bağlanırıq.
Bu bağ möhkəmdir, bu bağ polad kimi əyilməz, dağlar kimi vüqarlı, bulaq suyu
kimi tərtəmizdir. Buna görə də iftixarla
"Ana torpaq" deyirik.
Heç ana ilə torpağın danışdığını eşitmisinizmi? Bu barədə
haradasa, nəsə oxumusunuzmu? Dünyaca məşhur Çingiz Aytmatovun "Ana
tarla" povestini oxuyanda heyrətlənməyə bilmirsən. Ana torpaqla danışır,
onunla dərdləşib söhbətləşir. Ana torpağın dilini başa düşür, torpaq da ananın.
Beləcə bir-birlərini anlaya-anlaya dərdləşirlər. Deməli, ikisi də bir kökdən
qopub, bir boydan boylanıb. Əzəmətli bir ağacın ayrılmaz budağı, qartalın qoşa
qanadıdırlar. Buna görə də onları qoşalaşdırıb "Ana torpaq" deyib əzizləyirik.
Babalarımız torpaqlarını həmişə göz bəbəkləri kimi
qoruyublar. Qoruyublar ki, Vətənləri olsun. Qoruya-qoruya da torpağı seviblər. Sevə-sevə də əkib-becəriblər.
Ulu Dədə Qorqud deyirdi ki, torpağı əkib-becərə bilmirsənsə, qorumağa dəyməz,
qoruya bilmirsənsə, əkib-becərməyə dəyməz. Torpaq zaman-zaman yadellilərdən
qorunub. Cəsur oğullar həmişə torpaq uğrunda vuruşub, çarpışıblar. Biliblər ki,
torpaq qan ilə suvarılanda Vətən olur.
Müdriklərimiz özlərindən sonrakı nəsillərə vəsiyyət edərək
"Ana dilinizi, vicdanınızı və Vətəninizi
qoruyun" demişlər. Hər birimiz üçün müqəddəs olan vətənimizi qorumaq ən şərəfli
borcumuzdur. Şərəfli borcunu elə şərəflə də yerinə yetirən ordumuzun qəhrəman
zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Ana Torpağımız, Vətənimiz uğrunda döyüşlərə getdilər. Cəsarətlə, qəhrəmanlıqla
vuruşaraq yurdumuzu erməni işğalından azad etdilər. Bu gün Vətənimiz göz bəbəyimiz
kimi qorunur. Ana torpağımız rahat nəfəs alır. Qoy Vətənimiz həmişə var
olsun, Ulu Tanrı hamımıza yar olsun!
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"