Müstəqil xarici siyasət yürüdən Azərbaycan atdığı hər bir
addımla prinsiplərinin dəyişməz olduğunu təsdiq edir. Tarixi Zəfərimizdən, ərazi
bütövlüyümüzü, suverenliyimizi tam bərpa etdikdən sonra ölkəmizin beynəlxalq aləmdə
rolu daha da artıb.
Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət
Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti"
Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin
Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti
nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində
bu reallığı bir daha vurğuladı. Dövlət başçısı Azərbaycanın istər Qərbdə, istərsə
də Şərqdə müstəqil siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul
edildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev müsahibəsində olduqca əhəmiyyətli,
çox vacib mesajlar verdi. Müsahibədə dövlət başçısı Azərbaycan-Rusiya münasibətlərinin
yüksək səviyyədə olduğunu vurğuladı: "Bu gün Rusiya və Azərbaycan iki
etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç
bir şübhə yoxdur". Prezident İlham Əliyev Qərblə Rusiya arasında gərginliyin
aradan qaldırılması ilə bağlı Azərbaycanın mövqeyini açıqladı. Geniş müsahibədə
respublikamızın hazırkı gərgin beynəlxalq münasibətlər sistemindəki roluna nəzər
saldı.
Dövlət başçısı sülh danışıqlarının gedişi, Ermənistanın
silahlanması, Fransanın müstəmləkəçilik siyasəti, ölkəmizə qarşı Qərbin
apardığı qarayaxma kampaniyasının iflasa uğaradılması və digər mühün məsələlər
barədə dolğun və əhatəli məlumatlar verdi. "Nikol Paşinyan KTMT ilə
münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırır.
Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir?"
sualına cavabında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu, birbaşa təhlükə
deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə
danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq: "Biz
eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi
Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək
yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət
qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana
tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün
praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu
min kilometrdən çoxdur, bir çox yaşayış məntəqəsi sərhədə yaxın yerləşib və bu
yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz
bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və
onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son
qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın
silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri
izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu
gün bunu etmək o qədər də çətin deyil". Dövlətimizin başçısı Fransanın bu
məsələdə liderlik etdiyini, ikinci yerdə Hindistanın, üçüncü yerdə isə ABŞ-nin
olduğunu qeyd etdi. Bildirdi ki, Fransa və Hindistan Ermənistanı öldürücü
silahlarla təmin etdiklərini gizlətmirlər, ABŞ isə bunu etiraf etmir.
Dövlət başçısı Ermənistana və onun havadarlarına Ermənistanın
silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla
silah yarışında tab gətirməyəcəyi mesajını verdi: "Onlar İkinci Qarabağ
müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini
unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də
ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə
qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək".
Azərbaycan yalnız öz ərazilərində deyil, bütün dünyada
sülhün, sabitliyin bərqərar olmasını, dostluğun, qarşılqlı əməkdaşlığın
qurulmasını və möhkəmlənməsini arzulayır və hər zaman bunlara səy göstərir.
Prezident İlham Əliyev müsahibəsində xatırlatdı ki, prinsipcə, bizim Fransa ilə
heç vaxt problemimiz olmayıb: "Hətta deyərdim ki, Fransa ilə hər hansı bir
Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik". İkinci Qarabağ müharibəsi
başlayandan sonra onların açıq şəkildə işğalçıların tərəfini tutduqlarını qeyd
edən dövlət başçısı nəzərə çatdırdı ki, bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə
heç də hər şey qaydasında deyil: "Lakin onların tərəfindən verilən siqnal
idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma
bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər".
İşğalçı Ermənistanın tərəfini saxlayan Fransa "ədalət",
"demokratiya" deyə dünyaya səs salmağa çalışsa da, əslində, buna inanan
yoxdur. Çünki əsrlərdir ki, qəsbkarlıq siyasəti həyata keçirir. Müstəmləkəsi
altında saxladığı ölkələrin təbii ehtiyatlarını amansız istismar edir, yerli xalqlara divan tutur, onları qanuni
haqqlarından, hüquqlarından məhrum edir. Zəngin təbii sərvətlərə malik olan həmin
ölkələrin əhalisinin böyük hissəsi hətta yoxsulluq həddindən də aşağı səviyyədə
yaşayır. Həmin xalqların haqlarını tələb edən nümayəndələri isə Makron hökuməti
tərəfindən həbs edilir, işgəncələrə məruz qalırlar: "Təbii ki, biz hüquqları
olmayan bu xalqlara ürəkağrısı ilə yanaşırıq. Avropanın mərkəzində - Korsikada
onlar Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə
icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə
yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?" - dövlət başçısı
dedi. Bildirdi ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər,
böyük alimlər, yazıçılar ölkəsi olub, amma indi belə deyil, hazırda Makron
rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir.
Dünya ictimaiyyəti
işğalçılıq, müstəmləkəçilik siyasəti yürüdən dövlətləri görür, tanıyır. Onların
siyasətinin iflasa uğradığı da artıq göz önündədir. Azərbaycan isə belə dövlətlərin
yaratdıqları süni maneələrə rəğmən öz yolu ilə inamla, əminliklə addımlayır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"