12 Dekabr 2024 08:00
156
SİYASƏT
A- A+
İstiqlalın bayraqdarı

İstiqlalın bayraqdarı


Anım günündə görkəmli dövlət və siyasi xadim, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə bir daha nəzər yetirmək praktik siyasət, tarixi, elmi-nəzəri baxımdan əhəmiyyətlidir. 

Yaşadığı dövrdən uzaqlaşdıqca ucalığı daha aydın görünən, Azərbaycanın müstəqil dövlət kimi inkişafına, güclü ölkə, xalqının isə yüksək rifahına çalışan Heydər Əliyevin fəaliyyətinə dair  dərin elmi-tədqiqat işlərinin aparılmasına və əsərlərin yazılmasına daim ehtiyac duyulur. Azərbaycan milləti və dövləti var olduqca dövlət müstəqilliyimizin əsaslarının formalaşdırılması və qorunub saxlanılmasında Heydər Əliyevin böyük fəaliyyətinin araşdırılması həmişə aktual olacaqdır.

Konkret məkan və zaman daxilində fəaliyyət göstərdiyindən tarixi şəxsiyyətlərə özündən sonra gələnlərlə deyil, əvvəlkilərlə müqayisədə qiymət verilir. Ancaq yaşadığı zamandan uca olanlar, millətinin inkişaf yolunu əvvəlcədən bir neçə on illər və bəzən də yüz illər sonra üçün müəyyənləşdirənlər, ömrünü xalqın tərəqqisi üçün başlıca şərt olan dövlətinin qüdrətlənməsi işinə həsr edənlər  dahilər olurlar. Sonrakı bütün dövrlərdə hakimiyyətə gələn şəxslər xalqını və dövlətini daha da güclü etmək üçün onların dövlətçilik irsinə və təcrübəsinə müraciət edirlər, şəraitə uyğun olaraq ondan yararlanırlar. 

Heydər Əliyevin dövlətçilik irsinə diqqət yetirmək tariximizi, keçilən yolu doğru bilmək, düzgün qiymətləndirmək və nəticələr çıxarmaq baxımından əhəmiyyətlidir. Çətin şəraitdə Heydər Əliyevin gördüyü nəhəng işlərin mahiyyətini bilməkdən ötrü ilk növbədə XX əsr Azərbaycan dövlətçiliyi tarixinə  qısa nəzər yetirməkdə və müqayisələr aparmaqda fayda vardır.


Müstəqilliyin kökləri


Qədim və zəngin keçmişi olan Azərbaycan xalqının dövlətçilik tarixinin parlaq səhifələrindən biri 1918-ci ilin may ayında müsəlman dünyasında bir ilkə imza ataraq respublika idarə üsulunda yaratdığı Azərbaycan Xalq Cümhuriyyətidir. O dövrün çətin və mürəkkəb şəraitinə baxmayaraq, qısa müddətdə dövlət və hökumət qurumları təşkil edildi. Cümhuriyyət coğrafi baxımdan Azərbaycan ərazilərinin yalnız bir hissəsində elan edilsə də, təsiri və mahiyyəti nöqteyi-nəzərdən daha dərin və geniş idi.  Azərbaycan xalqı respublika məfkurəsini, idarə üsulunu ilk dəfə Müsəlman Şərqinə gətirdi. Müstəmləkə zülmü altında inləyən müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlara nümunə oldu. Böyük dövlətlər tərəfindən dövlət müstəqilliyinin de-fakto tanınması Azərbaycan xalqının iradəsinə, müstəqillik arzularının gerçəkləşməsinə hörmətin ifadəsi idi. Cümhuriyyət Azərbaycan tarixinin ilk respublikası oldu.

Ancaq Cümhuriyyət uzun müddət yaşaya bilmədi. Müstəqil dövləti qorumaq üçün beynəlxalq şərait əlverişli deyildi.  Azərbaycan bolşeviklərin işğalına məruz qaldı. İşğal nəticəsində milli dövlət süquta uğradı. Onun yerində Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Bu, formal müstəqillik olsa da Azərbaycanda qurulan ikinci respublika idi. Mərkəzi sovet hakimiyyətinin hökmü ilə hərəkət edən hökumət müstəqil dövlətçiliyin atributlarını sürətlə sıradan çıxarmağa başladı. Azərbaycan SSR-in 1922-ci ildə qurulan SSRİ-nin tərkibinə daxil edilməsi ilə nisbi müstəqilliyə də son qoyuldu. 

Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında intriqalar, mərkəzə şikayət dolu məktubların göndərilməsi, Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclaslarında "Bakı işi" adı altında müzakirə edilən məsələlər respublikamıza olan mənfi münasibəti daha da artırırdı. 

Azərbaycan 1920, 30, 40-cı illərdə və 50-ci illərin əvvəllərinədək həyata keçirilən sərt sovet idarəçiliyindən, inzibati amirlikdən çox əziyyət çəkdi. Sovet dövlət quruculuğu adı altında müstəqil dövlətin atributları ləğv edildi. Vahid sovet iqtisadiyyatı yaratmaq üçün Azərbaycanın təbii sərvətləri amansızlıqla talan edilərək ittifaq mərkəzinə daşındı. Sovet mədəniyyəti yaratmaq adı altında milli ədəbiyyat, milli  ruhlu ziyalıların, demək olar ki, hamısı məhv edildi və ya təqiblərə, repressiyalara məruz qaldılar.  Azərbaycan xalqı ağır itkilər verdi.

Sovet rəhbəri Stalinin ölümündən sonra ölkədə nisbi yumşalma baş versə də, ondan milli məsələlərin həllindən ötrü uğurla istifadə olunmadı. Mərkəz Azərbaycanı cəzalandırmaq yolunu tutdu. Yenə də Siyasi Büro iclaslarında Azərbaycana dair məsələlər müzakirə edildi. Milli ruhlu insanlar sıxışdırıldı, vəzifələrindən uzaqlaşdırıldı. 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra şərait tədricən dəyişməyə başladı. Sosial-iqtisadi, mədəni və digər sahələrdə geniş işlər həyata keçirildi. Yeni fabrik və zavodların tikilməsi və işə salınması nəticəsində rayonlardan gənclərin gəlməsi ilə çarizm və sovet dövrlərində yadellilərin yerləşdirilməsinə görə milli simasını itirmiş Bakı şəhərinə milli ruh qayıtdı. Ana dilindən geniş istifadə olunmağa başlandı. Azərbaycan xalqının özünə inamı artdı. Xarici ölkələrin tarixçilərinin yazdığı kimi, azərbaycanlılar XX əsrdə iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinci dəfə 1918-ci ilin sentyabr ayında şəhər azad edildikdən sonra; ikinci dəfə isə  Heydər Əliyevin hakimiyyətdə olduğu 1970-ci illərdə.

Kommunist ideologiyasının və sovet sisteminin mövcud olmasına baxmayaraq, bu illərdə dövlət müstəqilliyinin maddi təməlləri olan ərazinin qorunmasına, demoqrafik inkişafa,  hakimiyyətin  güclü olmasına xüsusi diqqət yetirildi. Müstəqillikdən ötrü lazım olan zəruri maddi təməllər sovet sistemi daxilində formalaşdırıldı. Azərbaycan ərazisindən qonşu respublikalara  pay verilmədi. Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması respublikada demoqrafik inkişafa ciddi təsir etdi. 

Sovet sistemi şəraitində Azərbaycanı daim didib-parçalayan, xalq haqqında mərkəzdə mənfi rəy yaradan intriqalara Heydər Əliyev son qoydu. Hakimiyyətin qanadları arasında  yekdillik yaradıldı. Xalq ilə hakimiyyət arasında birlik quruldu. Güclü hakimiyyət formalaşdırıldı. Bütün ittifaqda rus və digər slavyan xalqlarının nümayəndələri respublikalarda vəzifələrə daha çox gətirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Milli kadrların yerləşdirilməsinə üstünlük verdi.  Xarici ölkələrin tədqiqatçıları yazırlar ki, Heydər Əliyevin uğurlarından biri yerli kadrları hazırlaması və onlara arxalanması idi.

Dövlət müstəqilliyindən ötrü tələb olunan zəruri mənəvi amillərin formalaşması üçün addımlar atıldı. Azərbaycanın istiqlal fikri azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmışdı. Müstəqillik məfkurəsini əsər və düşüncələrində gəzdirdikləri üçün əvvəlki illərdə təqib olunmuş alim, şair, yazıçı və jurnalistlər azad nəfəs almağa başladılar. Milli ruhlu ziyalıları ittifaq mərkəzindən qoruyan Heydər Əliyev bəzən onları ustalıqla yüngülcə tənqid etsə də, az sonra yüksək fəxri adlar və vəzifələr verərək toxunulmaz edirdi. Xarici ölkələrin tədqiqatçıları yazırlar ki, şair və yazıçıların əsərlərində Azərbaycan xalqını düşündürən problemlərin əks olunması ideyası, Cənubi Azərbaycan məsələsi Azərbaycan KP Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin kabinetinin açılmış pəncərələrindən yayılır, ictimai müzakirələrə səbəb olurdu.

Heydər Əliyev  xalqın varlığının və müstəqilliyinin vacib amillərindən biri olan Azərbaycan dilinə dair tədqiqatların aparılmasını təşviq edirdi. Azərbaycan tarixində ilk dəfə olaraq həmin sahənin görkəmli alimlərinə dövlət mükafatlarını verirdi. Heydər Əliyev Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Sovet dövründə hamının ümumi vətəni hesab edilən SSRİ-nin bir yerindən - uzaq Sibirdən böyük mütəfəkkir, türkçü, turançı Hüseyn Cavidin məzarının Bakıya deyil, doğulduğu Naxçıvana köçürülməsi bir daha göstərdi ki, Heydər Əliyev Azərbaycanın hər bir güşəsini ümumi, kosmopolit vətəndən üstün tutur. Hüseyn Cavidin məzarının köçürülməsi təkcə tarixi ədəbi irsə  göstərilən qayğı deyil, şair və yazıçılara qorxmamağa bir işarə idi. Azərbaycan tarixini olduğu kimi yazmağı tarixçilərə tövsiyə edən Heydər Əliyev onlara dövlət mükafatını verirdi. Bütün bu və digər amillər dövlət müstəqilliyi üçün ilkin zəruri şərtlər idi. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonrakı illərdə   etdiyi çıxışlarının birində Heydər Əliyev deyirdi:  "Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".


Nə üçün Moskvaya?


1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü başladı. Türk, müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə irəli çəkilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olmasının səbəbləri var idi. Bu,  bir tərəfdən, onun dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana  SSRİ-nin 100 minlik qoşunla hərbi müdaxilədən sonra müsəlman dünyasında  itirilmiş nüfuzunu bərpa etmək niyyətlərindən irəli gəlirdisə, digər tərəfdən, xarici ölkələrdə nəşr edilmiş kitablarda yazıldığı kimi, Azərbaycandan uzaqlaşdırılması, mərkəzdə daha yaxın nəzarət altında saxlanılması  ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə tam hazırlanıb, yalnız onun formal elan edilməsi qalıb. Heydər Əliyevin vəzifədən çıxarılması milli məsələdə ağır nəticələrə gətirə bilərdi. Belə vəziyyətdən Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaqla deyil, Moskvada daha çox nəzarət altında saxlamaqla çıxmaq olardı.  

Kommunist ideologiyasının və sovet sisteminin mövcudluğuna baxmayaraq, Heydər Əliyevin Moskvaya işləməyə aparılması Azərbaycan xalqı üçün böyük və qürurverici hadisə idi. O, xarici ölkələrə səfərə gedərkən Azərbaycan mədəniyyətinə dair kitabları aparıb hədiyyə edirdi. 


Vəzifədən çıxmağın Azərbaycan üçün nəticələri


SSRİ rəhbəri seçilən Mixail Qorbaçov türk, müsəlman respublikalarının Leonid Brejnevin hakimiyyəti illərində xeyli irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətinə gəldiyindən onlara etibar etmirdi.  Buna görə də sovet rəhbərliyində olan türk dövlət xadimlərinə etinasızlıq göstərərək bir-birinin ardınca vəzifələrindən uzalqlaşdırdı, xalqlarını isə cəzalandırmaq yolunu tutdu. Heydər Əliyev də vəzifələrindən çıxdı. Bundan sonra Azərbaycan ağır günlərə düşdü. Ermənistan əsassız ərazi iddiaları ilə Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmağa, SSRİ dağıldıqdan sonra isə açıq hərbi müdaxiləyə başladı. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq, bütün mal və mülklərini itirərək qaçqına çevrildilər. Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar dağıdıldı. Respublikamızın həmin dövrdəki bacarıqsız rəhbərləri bunların qarşısını ala bilmədi. Azərbaycan böhrana düşdü. Rəhbərlər bir-birinin ardınca dəyişsə də, vəziyyət düzəlmədi.


Dar gündə xalqının yanında


Ermənistanı dayandırmaq əvəzinə Azərbaycanı cəzalandırmaq yolunu tutan M.Qorbaçovun göstərişi ilə sovet qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı  kütləvi qırğın törətdi. Moskvada təhlükəsizliyinin təmin edilməməsinə və ağır şərtlər altında yaşamasına baxmayaraq, Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan xalqına qarşı qəddar repressiya aktı olan bu hadisədən dərhal sonra Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanat verib 20 Yanvar qətliamını törədənləri  ittiham etdi, ən ağır günlərdə xalqının  yanında oldu. Azərbaycan rəhbərlərinin və qeyri-formalların  qaçıb gizləndikləri bir vaxtda Heydər Əliyevin açıq, birmənalı və konkret mövqeyini ortaya qoyması gələcək siyasi və müstəqil milli dövlətçilik fəaliyyətində zirvəyə aparan yolun başlanğıcı oldu. 

20 Yanvardan sonra  Azərbaycan xalqı ittifaq mərkəzi ilə yolunun bir olmadığı qənaətinə gəldi. Bu, dönüş anı idi. 


Fəaliyyətin Naxçıvan mərhələsi: müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulması


Moskvada yaşamağın mümkün olmadığını görən Heydər Əliyev Azərbaycana qayıtdı. İttifaq mərkəzindən asılı olan itaətkar respublika rəhbərləri onun Bakıda yaşamasına təminat vermədiklərindən Heydər Əliyev doğulduğu Naxçıvana getdi. Muxtar respublika əhalisi onu hərarətlə qarşıladı. Bir müddət sonra  Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Məclisinin deputatı və sədri seçildi.  Hələ SSRİ-nin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, ağsaqqal deputat kimi Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiya iclasında sovet dövrünün atributlarından imtina edildi. Naxçıvan MSSR-in adından "Sovet Sosialist" ifadələri çıxarıldı. Ali Sovet Ali Məclis adlandırıldı. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə olaraq Naxçıvanda rəsmi dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan SSR-in bayrağı salondan aparıldı. Bu, sadəcə, bayraq dəyişdirilməsi məsələsi deyildi. Çünki Sovet İttifaqı və kommunist ideologiyası müstəqilliyin rəmzi olan üçrəngli bayrağın əleyhinə idi. Belə bir addımla əslində müstəqil dövlətin təməli atılırdı. Heydər Əliyev üçrəngli bayrağın qəbul edilməsi ilə kifayətlənmədi. Azərbaycan rəhbərliyinə cümhuriyyətin atributlarını qəbul etmək təklif olundu. Yalnız bundan sonra Bakıda müvafiq qərarlar qəbul edildi. Beləliklə, Naxçıvan müasir, müstəqil Azərbaycan dövlətinin atıldığı yer və onurğa sütunu oldu. 

Heydər Əliyevin bəyanat verərək Sov.İKP sıralarını tərk etməsi isə bu ideologiyanın iflasında mühüm rol oynayan amillərdən biri oldu. Minlərlə insan ondan nümunə götürdü.

Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sessiya iclasında etdiyi çıxışında bildirdi ki, SSRİ-nin saxlanılmasına dair referendum keçirilməməlidir, Azərbaycan müstəqil dövlət kimi yaşaya bilər. Bu referendum Naxçıvanda keçirilmədi. Azərbaycan dövlət müstəqilliyini bərpa etmək astanasında idi.


Dövlət müstəqilliyinin bərpa edilməsi və qarşıda dayanan vəzifələr


Hələ SSRİ-nin mövcud olmasına baxmayaraq, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında konstitusiya aktının qəbul edilməsi müasir Azərbaycan tarixinin mühüm hadisələrindən biri oldu. 

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan xalqı və dövlətinin qarşısında aşağıdakı başlıca vəzifələrin həll edilməsi dayanırdı: ölkəmizin dövlət müstəqilliyini tanıtmaq, qorumaq və möhkəmləndirmək; Ermənistanın təcavüzünü dayandırmaq; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; ölkənin inkişafının açarını tapmaq; demokratik islahatlar aparmaq və s. Azərbaycan rəhbərləri həmin vəzifələri yerinə yetirə bilmədilər. İşğalçı Ermənistan silahlı qüvvələri Xocalıda bəşəriyyətə və sivilizasiyaya qarşı soyqırımı törətdi. Şuşa şəhəri və digər ərazilər işğal edildi.

"Ermənistanın işğalını dayandırmağın yolu Bakıda hakimiyyətə gəlməkdən keçir" kimi zərərli şüarla 1992-ci ilin may ayında silahlı çevrilişlə hakimiyyətə gələnlər ölkəni daha ağır vəziyyətə saldılar və başlıca vəzifələri yerinə yetirə bilmədilər. Hakimiyyət ilə xalq arasında uçurum dərinləşdi. Xalq rəhbərliyə etimad bəsləmədi. Hakimiyyət qanadları arasında ziddiyyətlər kəskinləşdi. Ağır sosial-iqtisadi şərait yarandı. Xalq çörək dükanları qarşısında uzun növbələrdə gözləməli oldu. Ölkədə xaos və anarxiya baş alıb gedirdi. Yürüdülən uğursuz  xarici siyasət düşmənlər qazandırırdı.

Ermənistanın işğalının davam etdiyi bir şəraitdə Gəncədəki hərbi hissədə baş verən qiyamı yatıra bilməyən hakimiyyət proseslər üzərində nəzarəti tamamilə itirdi. Şimalda və cənubda xaricdən dəstəklənən separatçılıq gücləndi. Ölkə parçalanmaq, dövlət müstəqilliyi itirilmək, xalq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı.  Bunlar Azərbaycan xalqının həyatında ağır  günlər idi. Xalqın mənəvi-psixoloji böhranı baş verdi. Sabaha ümidsizlik, ümumi böhran yarandı. Dövlət idarəçilik bacarığına, zəruri intellektual səviyyəyə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət  ölkəni beynəlxalq aləmdə təcridçiliyə gətirdi. Belə şəraitdə vəzifədə oturanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri  vəzifələrini "dondurdular", bəziləri isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an oldu, gələcəkdə xatırlanası və müraciət ediləsi deyil, utancverici bir tarix idi. Xalq belə bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni belə ağır şəraitdən kim çıxara bilər? Həlli çətin olan bu suala cavab tapıldı.


Xilaskar


Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Bu da səbəbsiz deyildi. Xalqın dərin inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, xalqı mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Bu inam onun 1970-ci illərdə respublika, 1990-cı illərin əvvəllərində Naxçıvanda gördüyü işlərdən doğurdu.

Çarəsiz qalan respublika rəhbərliyi xalqın tələbləri qarşısında geri çəkilərək Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Bakıya gələn kimi Heydər Əliyev yeni bir liderlik keyfiyyətini ortaya qoydu. Onunla birlikdə qiyamın baş verdiyi Gəncəyə getmək istəyən deputatlara dedi ki, ya mənə qədər gedəydiniz, ya da məndən sonra gedərsiniz. Gəncəyə təkbaşına gedərək sakinlərlə görüşdü, vəziyyətlə yerindəcə tanış oldu. Şəhərdə sabitlik tədricən bərqərar olmağa başladı. Qayıtdıqdan sonra parlament sədri seçildi.  Ə.Elçibəy Bakını tərk edəndən sonra isə ölkə prezidentinin  səlahiyyətlərini həyata keçirməyə başladı.     

Daxili siyasət sahəsində Heydər  Əliyevin qarşısında ağır vəzifələrin həll edilməsi dayanırdı: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas  etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalq ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarının fəaliyyətini bərqərar etmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə kriminogen şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ölkənin inkişafının açarını tapmaq, ağır sosial-iqtisadi vəziyyətdə yaşayan xalqı inkişafa aparmaq, mənəvi-psixoloji ruhunu yüksəltmək, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək geniş uğurlu islahatlar aparmaq və sairə.

Xarici siyasət sahəsində Heydər Əliyevin qarşısında dayanan başlıca vəzifələr Ermənistanın davam edən hərbi təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xətdən imtina etmək, dövlət quruculuğu üçün əlverişli beynəlxalq şərait yaratmaq və sairə idi. Bütün bunları həll etmək xeyli mürəkkəb və çətin bir iş idi. 

Hakimiyyətə gələn Heydər Əliyev ölkənin problemlərinin həllində  gücə deyil, xalqa arxalandı. Ölkənin şimalında və cənubunda əhali ayağa qalxaraq separatçıları qovdu. Azərbaycan xalqı dövləti müdafiə etdi. 


Nə üçün atəşkəs?


Ölkə qarşısında həlli vacib olan digər bir mühüm məsələ dayanırdı. Ermənistanın hərbi təcavüzü davam edirdi. Azərbaycan ərazilərinin bir-birinin ardınca işğal edilməsi nəticəsində  məcburi köçkünlər ordusunun yaranması ölkənin inkişafına mane olan başlıca amil idi. Azərbaycan ya sonu görünməyən və nəticəsi bilinməyən müharibəni davam etdirməli, ya da hər hansı bir yol ilə atəşkəsə nail olub zaman qazanmalı, dövləti qurmalı, onu möhkəmləndirməli idi.  İşğal altında olan torpaqların azad edilməsini başlıca vəzifə kimi müəyyənləşdirən Heydər Əliyev atəşkəs yolunu seçdi. Bundan əvvəl Horadiz əməliyyatında düşmənə ağır zərbə endirilmişdi, bir sıra ərazilər azad edilmişdi. Ermənistana və dünyaya göstərilmişdi ki, Azərbaycan ərazilərinin işğalı faktı ilə barışmayacaq, onu azad edəcəkdir. 

Beləliklə, dövlət idarəetməsini iflic halına, xalqı mənəvi-psixoloji böhrana salan, maliyyə və iqtisadi ehtiyatlarını udan  hərbi əməliyyatlar dayandırıldı. 

Atəşkəsə gedərkən Heydər Əliyev hesab edirdi ki, dövləti qurmaqdan, vahid güclü ordunu yaratmaqdan ötrü vaxt və əlavə imkanlar qazanacaq, ölkənin inkişafının açarını tapacaq və nəhayət, torpaqlar işğalçılardan azad ediləcəkdir.

Ermənistan, xarici ölkələrdəki erməni təşkilatları, erməni lobbisi və onları müdafiə edən dövlətlər isə belə hesab edirdilər ki, atəşkəsə getməklə danışqlar prosesini uzadacaq, Azərbaycan torpaqlarının işğal altında qalmasını oldu-bitdi kimi qəbul etdirə biləcəklər. Bu yanaşma 1991-ci ildən sonra Ermənistanın bütün rəhbərlərinin başlıca xətti idi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində təcavüzkar Ermənistanı darmadağın edərək torpaqların bir qismini azad etməsi, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejimi diz çökdürməsi, Xankəndidə dövlət bayrağımızı ucaldaraq dövlət suverenliyini 1991-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində bərqərar etməsi  Heydər Əliyev konsepsiyasının düzgünlüyünü göstərdi.                                            


İnkişafın açarı haradadır?


Heydər Əliyev hakimiyyətə gələrkən ölkədəki ağır sosial-iqtisadi şəraitdə inkişafın açarını təbii sərvət olan neftdə gördü. Neft həm çarizm, həm də sovet dövründə imperiyaya xidmət etmiş, Azərbaycan xalqına mazutlu gölməçələr qalmışdı. Heydər Əliyev "Əsrin müqaviləsi"nin imzalanıb həyata keçirilməsi ilə Allahın bəxş etdiyi təbii sərvət olan nefti milli sərvətə çevirən  ilk Azərbaycan dövlət rəhbəri oldu. Ərazicə kiçik, əhalisinin sayına görə az olmasına baxmayaraq, Azərbaycan dövləti özündən qat-qat böyük olan, bir-biriləri ilə didişən dövlətləri bir araya gətirdi. Bu, Heydər Əliyevin təkcə Azərbaycan xalqı üçün deyil, dünya ölkələri arasında əməkdaşlıqda örnək olan nadir xidmətlərindən biri idi.                   


Hakimiyyətə gəlməyin yolu nədən keçir?


"Əsrin müqaviləsi" imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında Heydər Əliyevin qətiyyəti özünü aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr ayında dövlət çevrilişi, 1995-ci ilin martında qiyam cəhdləri Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Dövlət əleyhinə olan fəaliyyətlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi ibrətamiz tərəfi oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır, hakimiyyətə gəlməyin yolu seçkidir. Bununla da Azərbaycanda silahlı yolla  hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyuldu. 

Qiyam və dövlət çevrilişi cəhdlərinin qarşısının alınması digər vacib bir məsələnin həllinə də kömək etdi. Məlum olduğu kimi, Azərbaycanda sabitlik və sabaha ümidlər olmadığından xarici ölkələr və beynəlxalq maliyyə təşkilatları Azərbaycana borc vermirdilər. Dövlət büdcəsində isə vəsait yox idi. Dövlət əleyhinə fəaliyyətlərin  qarşısı alındıqdan sonra Azərbaycana investisiya axını başladı. Neft strategiyası ölkənin inkişafının, güclü dövlət qurmağın, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etməyin başlıca amili oldu. 

Geniş islahatlara başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə ölkə konstitusiyası qəbul edildi və  birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçirildi. Azad bazar iqtisadiyyatına keçid üçün tədbirlər görüldü. Ölkənin demokratikləşdirilməsi istiqamətində islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində islahatlar həyata keçirildi. Ölüm hökmü ləğv edildi. Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu. 


Milli dövlət maraqları hər şeydən üstündür


Heydər Əliyev hakimiyyətə gələrkən böhran içində olan xarici siyasət xalqın və dövlətin qarşısında dayanan başlıca vəzifələri yerinə yetirə, dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin edə bilmirdi. Uğursuz xarici siyasət dövləti dalana dirəmişdi. Azərbaycan xalqı və dövlətinin maraqlarına cavab verməyən siyasətdən imtina edən Heydər Əliyev tarazlaşdırılmış xarici siyasət xəttini dövlətin beynəlxalq fəaliyyətinə gətirdi. Heç bir dövlətin və dövlətlər qrupunun yanında olmayan Azərbaycan yalnız özünün milli-dövlət maraqlarını etibarla qorumağa başladı.

Qonşu dövlətlərlə münasibətlərinin nizama salınması üçün addımlar atıldı. İran və Rusiya ilə mehriban qonşuluq münasibətləri tədricən bərqərar edildi. Türkiyə və Gürcüstan ilə strateji müttəfiqlik xətti seçildi. Azərbaycanın mehriban qonşuları, ticarət ortaqları, strateji tərəfdaşları və müttəfiqləri müəyyənləşdirildi. 

Neft strategiyası reallaşdırıldı. Çoxşaxəli neft və qaz boru kəmərləri inşa edilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri təkcə iqtisadi məna daşımadı, Azərbaycanın müstəqillik kəməri oldu. Hər hansı bir dövlətdən asılılığa son qoyuldu. Azərbaycanın yeni neft strategiyası Türküstanın dövlətlərinin də dünyaya çıxışına kömək etməklə müstəqilliklərini möhkəmləndirdi. Azərbaycan eyni zamanda tranzit ölkəyə çevrildi. Tarixi İpək yolu bərpa edildi. Regionun geosiyasəti dəyişdi. 

Əsas ixrac neft boru kəmərinin və digər layihələrin həyata keçirilməsi Türkiyənin də gücünü artırdı, dünya siyasətində rolunu gücləndirdi, bu, sonralar qardaş ölkənin G-20 sırasında olmasını şərtləndirən amillərdən biri oldu. Bununla Heydər Əliyev həm də türk dünyasının lideri oldu. 

Həyata keçirilən bütün tədbirlər Azərbaycan xalqının qarşısında dayanan başlıca vəzifə torpaqlarının işğaldan azad edilməsinə hazırlıq məqsədi daşıyırdı. Lakin tale Heydər Əliyevə bu işi başa çatdırmağa imkan vermədi.


Xalqı başlıca hədəfinə kim çatdıra bilər?


Heydər Əliyevin fəaliyyəti göstərdi ki, millətin qarşısında dayanan başlıca məqsədi qətiyyətli, dünya işlərini mükəmməl bilən dövlət xadimi yerinə yetirə bilər. Belə bir dövlət və siyasi xadim İlham Əliyev oldu. 2003-cü ildə keçirilən seçkilərdə Azərbaycan xalqı o vaxtadək dünyada geniş tanınmış, Heydər Əliyevin silahdaşı olan İlham Əliyevi ölkə rəhbəri seçdi. O, dövləti və milləti başlıca hədəfə nail olmağa hazırladı. Ötən illərin təcrübəsinə əsasən xalq əmin oldu ki,  sabitlik, güclü dövlət və qətiyyətli dövlət rəhbəri Azərbaycan xalqının başlıca hədəflərinə çatmasının təməlini təşkil edir.

Başlıca məqsədə nail olmaq üçün Prezident İlham Əliyev ölkənin müasirləşdirilməsi xəttini seçdi. Tarixin təcrübəsi göstərir ki, ölkənin zəngin təbii sərvətləri, çoxlu maliyyə vəsaitləri ola bilər. Əgər ölkə həmin təbii sərvətləri milli sərvətlərə çevirmirsə, yeni texnologiyaların tətbiqini həyata keçirmirsə, insanlar əməyi yadırğayırlarsa, digərlərindən geri qalır və rəqabətə tab gətirmir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan müasirləşən bir ölkəyə çevrildi. Azərbaycanı satış bazarına çevirmək istəyən bəzi ölkələr özləri Azərbaycan məhsulları  üçün satış bazarı oldular. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasına baxmayaraq, ölkə tərəqqi etdi, tikinti-quruculuq işləri genişləndirildi. Yeni iş yerləri açıldı. Keçmiş məcburi köçkünlər yaşayış sahələri ilə təmin edildilər. Çadır şəhərcikləri ləğv edildi. İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazandı.

Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bir sıra ölkələrin  enerji təhlükəsizliyi sistemində Azərbaycanı başlıca ölkəyə çevirdi. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin uğurla başa çatması ilə Azərbaycan dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrildi. 

Hədəfə çatmaqdan ötrü İlham Əliyev tariximizdə bir sıra ilklərə imza atdı. BMT Baş Məclisində çıxış edən ilk baş nazirimiz oldu. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Təhlükəsizlik Şurasının iclasına sədrlik edən Prezident İlham Əliyev ən vacib dünya məsələləri barədə nitq söyləyən ilk dövlət rəhbəri oldu. "Yumşaq güc"dən uğurla istifadə edildi. "Avroviziya" mahnı yarışması zamanı tariximiz, maddi və mənəvi mədəniyyətimiz geniş təbliğ edildi. Azərbaycanın I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi eyni zamanda başlıca məqsədə çatmaqda vasitə oldular. Ölkəmiz mədəniyyətlərarası, sivilizasiyalararası dialoq məkanına çevrildi.

Azərbaycan kosmosa ilk peykini göndərərək Kosmos klubunun üzvü oldu. Peyklərin məlumatları sonralar Vətən müharibəsində qələbə qazanılmasında ciddi rol oynadı. Tariximizdə ilk dəfə olaraq, Prezident İlham Əliyev "dövlət canlı orqanizmdir, daim genişlənməlidir" geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş əməkdaşlıq yolu ilə gerçəkləşdirdi. Güclü ordu yaradıldı. Dövlət və millət başlıca məqsədə çatmaqdan ötrü hazırlandı.

Nəhayət, gözlənilən gün gəlib çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan və ədalətli, azadlıq xarakteri daşıyan 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti təkbaşına, öz gücünə təcavüzkar Ermənistanı məğlubiyyətə uğradıb torpaqlarını işğaldan azad edərək əsrlərdən bəri bəzi dövlətlərin və qruplaşmaların qurduğu planları dağıtdı. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejim diz çökdürüldü. Dövlət bayrağımız bütün ərazilərimizdə ucaldıldı, suverenliyimiz tam bərqərar edildi. Prezident İlham Əliyev millətin arzularını gerçəkləşdirdi, üstündəki ləkəni sildi, Azərbaycanın bədənindəki çibanı kökündən kəsib ataraq problemi gələcək nəsillər üçün saxlamadı. Azərbaycan xalqının arzuları gerçəkləşdi. 

Ermənistanın işğalı altında olarkən tamamilə dağıdılmış və yerlə yeksan edilmiş əraziləri heç bir dövlətin və beynəlxalq təşkilatın yardımı olmadan təkbaşına, öz vəsaiti hesabına yenidən quran Azərbaycan dövləti bu dəfə də keçmiş məcburi köçkünlərə müasir şəhər, qəsəbə və kəndlər tikərək dövlət hesabına evlər və mənzillər verir. Onlar planlı şəkildə dədə-baba torpaqlarına dönürlər. Bunlar dövlətimizin sosial-iqtisadi, maliyyə siyasətinin düzgünlüyünü, hər bir məsələnin dəqiq düşünülərək həyata keçirildiyini göstərir. 

Azərbaycan insanın təhlükəsiz yaşaması üçün ən etibarlı ölkədir. Azərbaycan vətəndaşı gecələr evinin qapısını, darvazasını bağlamadan yata, sutkanın istənilən saatında ölkənin bir başından çıxıb digər başına rahat şəkildə gedə, övladını tək məktəbə yola sala bilir. 

Həlli mümkün olmayan hesab edilən məsələləri həll, mümkün edən dövlət və siyasi xadimlər tarix boyu dahilər hesab ediliblər. Müasir Azərbaycan tarixi bunu  Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətində gördü və görür. Ona görə də Heydər Əliyevin dövlətçilik irsi daim yaşayacaq və öyrəniləcəkdir...


Musa QASIMLI,

Milli Məclis Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səhnəsinin ilk Hamleti  

11:46
12 Dekabr

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər  

11:41
12 Dekabr

“Azpetrol” şirkətinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını ziyarət edib  

11:36
12 Dekabr

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibinin və digər rəsmilərinin Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyir  

11:31
12 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

10:10
12 Dekabr

Yeni dövlət standartı - "Yaşıl biznesin idarəedilməsi sistemləri"

10:05
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!