İkinci Qarabağ müharibəsinin reallıqlarından biri Fransanın
özünü ifşa etməsi oldu. Müharibənin ilk günlərindən bu günə qədər Prezident
Emmanuel Makron ölkəsinin neytrallığını unudaraq tam ermənipərəst siyasət
yürütməkdədir. Əlbəttə, onun bu addımları Prezident İlham Əliyevin qətiyyətli
mövqeyi qarşısında iflasa uğrayır.
Fransanın dövlət səviyyəsində Ermənistana
"sevgisi" anlaşılandır. Bu ölkədə erməni lobbisi bir çox məsələni həll
edə bilir. Fransa Prezidenti də, ölkənin parlamenti də maraqlarını erməni
lobbisinin, ermənipərəst dairələrin istəklərinə uyğunlaşdırıb. Bu isə Fransanın
bir dövlət kimi nüfuzunu əhəmiyyətli dərəcədə zədələyib.
Fransadakı erməni lobbisini və onların tapşırıqlarına uyğun
davranan Makronu Azərbaycanın
postmüharibə dövründə belə beynəlxalq səviyyədə nüfuza sahib olması ciddi
narahat edir. Məlum olduğu kimi, artıq Qərb və bəzi Avropa ölkələri dünya
siyasi arenasında öz dominantlığını itirməkdədir. Dekabrın 17-də Ümumrusiya
Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti"
Agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd edib ki, Makron hökumətinin
əsassız olaraq özünü böyük sayması onları uçuruma yuvarlatdı. Çünki İkinci
Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini
tutdular. Dövlət başçısı əlavə edib ki, bu yaxınlarda Baş nazir vəzifəsindən
qovulmuş Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa
qanunsuz şəkildə səfər etmişdi. Yəni bütün bu müdaxilə cəhdləri ona gətirib
çıxardı ki, münasibətlər sadəcə böhran həddinə çatdı, sonradan daha da pisləşdi:
"2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik
Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən
ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan
vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla
Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə
görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa
düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə
onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər".
Həqiqətən də, Fransa Prezidenti həm müharibə günlərində, həm də ondan sonra
göstərdi ki, haqsızlığın və işğalçının yanındadır. Mütəmadi olaraq dövlətimizin
daxili işlərinə qanunsuz müdaxilə etmək üçün cəhdlər edir. Həmçinin regionda
süni gərginlik yaradaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
imzalanmasına mane olmağa çalışır.
Fransa hakimiyyət orqanları başqa dövlətlərin işlərinə
qarışmaqdansa, özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən
ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə
keçmişinin hələ də mövcud olan qalıqlarına fokuslanmalıdırlar. Fransada qeyri
millətlərdən olan şəxslərin hüquqlarına qarşı etinasızlıq hökm sürdüyü halda, həmin
ölkənin icra və qanunvericilik orqanlarının nümayəndələrinin ermənilər üçün
canfəşanlıq göstərmələri siyasi şoudan başqa bir şey deyil.
Hər kəsə məlumdur ki, Fransada etnik azlıq və onların
haqlarının müdafiəsi anlayışı qəbul edilmir. Bu ölkə işğal etdiyi Korsika
adasında yerli xalqın dilini tanımır, dənizaşırı ərazilərdə hələ də müstəmləkəçilik
siyasəti yürüdür və həmin xalqların hüquq və azadlıqlarına hörmət etmir. Bu
azmış kimi, "insan haqlarının müdafiəçisi" roluna girib, guya digər
regionlarda yaşayan hansısa azlıqlar üçün xüsusi hüquqlar tələb edir.
Kolonializm təfəkküründən qurtala bilməyən Fransanın bu
davranışı bir daha sübuta yetirir ki, bu ölkə siyasi riyakarlığından əl çəkmir.
Son aylarda Afrikada Fransa əleyhinə baş verən hadisələr də onun bu
"humanist" davranışlarının müstəmləkə siyasətinə xidmət etdiyini
açıq-aydın ortaya qoyur. Buna toxunan Prezident İlham Əliyev bildirib ki,
hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir:
"...Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas.
Onlara "Əlvida!" dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır,
bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və
milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda
tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir?
Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm,
onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə
seçkilərdə uğursuzluqdan sonra onları "günah keçisi" edirlər. Naftalindən
çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə
tapırlar. Olmazmı ki, elə özündən başlasın?"
Fransa əvvəldən Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması prosesində qərəzsiz və tərəfsiz mövqe tutmayıb, əksinə, vəziyyəti
gərginləşdirmək üçün nə bacarıbsa, həyata keçirib. Azərbaycan isə sülh və
sabitliyin təminatı üçün konstruktiv dialoqlara sadiqdir. Prezident Makronun
erməni sevdasına uyub mütəmadi pafoslu bəyanatlar səsləndirməsi ucuz
kampaniyadan başqa bir şey deyil.
Elçin CƏFƏROV,
"Azərbaycan"