2024-cü ilin əvvəllərindən etibarən Azərbaycan ilə Ermənistan
arasında normallaşma istiqamətində atılan müəyyən addımlar ilin sonuna doğru
sülh müqaviləsinin bağlanacağına olan ümidləri də artırmışdı.
Lakin artıq dekabr ayının üçüncü ongünlüyündəyik və ötən
müddətdə məhz Ermənistan tərəfinin, baş nazir Nikol Paşinyanın sülhpozucu
davranışları nəticəsində sənəd imzalanmır. Halbuki iki ölkə arasında sülh
müqaviləsinin imzalanması üçün Ermənistanın Azərbaycanın obyektiv səbəblərdən
irəli gələn şərtlərini yerinə yetirməsi kifayətdir. Amma sözü ilə əməli üst-üstə
düşməyən Paşinyan Qərbin maşası qismində bölgəni müharibəyə sürükləmək yönündə
fəaliyyət göstərir.
Konstitusiyanın dəyişdirilməsi istək deyil, obyektiv şərtdir
Ermənistanla Azərbaycan arasında sülh sənədinin 17 maddəsinin
15-i razılaşdırılıb, yalnız ikisi qalıb. Onlardan biri bir-birinə qarşı beynəlxalq
iddialardan kənarda durmaq, digər maddə isə başqa ölkələrin nümayəndələrini Azərbaycan
sərhədində yerləşdirməməklə bağlıdır.
Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və
Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya"
Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi
müsahibəsində Prezident İlham Əliyev söylədi ki, erməni tərəfinin həyata keçirməli
olduğu daha iki məqam var: "Birincisi, öz konstitusiyasını dəyişməkdir.
Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə
istinad var, burada keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsi
elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil,
sadəcə obyektiv şərtdir".
Ermənistan 44 günlük müharibədə kapitulyasiyaya məcbur
edildi. İşğalçı və təcavüzkar ölkənin hərbi, siyasi, diplomatik cəbhələrdə
darmadağın edilməsi, iqtisadi çöküşü, sosial böhran yaşaması İrəvanı sülh
müqaviləsini bağlamağa məcbur edir. Ancaq xislətlərindəki erməni hiyləsinə xas
davranaraq Ermənistan tərəfi gələcəkdə də Azərbaycana qarşı ərazi iddiası
qaldırmağa, yəni əlyeri saxlamağa görə konstitusiyasını dəyişməmək üçün manevrlər
etməyə çalışır.
Azərbaycanın sülh müqaviləsinin bağlanması üçün irəli
sürdüyü ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir. Prezident İlham Əliyev bu
məqamla əlaqədar söylədi ki, hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir,
amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan
Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin
həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?
Faktdır ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin danışıqlar
yolu ilə nizamlanması üçün missiyalandırılan ATƏT-in Minsk qrupu onilliklər
boyu məsələ ilə bağlı heç bir irəliyəyönük addım atmayıb. Əksinə, münaqişənin
Ermənistanın xeyrinə dondurulmasına çalışıb. Azərbaycanın 2020-ci ildə BMT-nin
məlum qətnamələrini yerinə yetirərək döyüş meydanında münaqişəni həll etməsi
ATƏT-in bu yarıtmaz qurumunun fəaliyyətinə də de-fakto son qoyub. Bu isə gələcəkdə
Azərbaycana qarşı ərazi iddiası sürmək istəyində olan Ermənistanın işinə
yaramır və Paşinyan ölü qurumu diriltmək üçün cəhdlər edir.
Müsahibəsində bu məqama toxunan Prezident İlham Əliyev
vurğuladı ki, Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla
birlikdə ATƏT-ə müraciət etmək istəməməsi onu göstərir ki, revanşistlərin
planları kifayət qədər ciddidir.
"Onlara heç kim kömək etməyəcək"
Azərbaycanın davamlı sülh səylərinin fonunda İrəvan Qərbdən
aldığı siyasi və hərbi dəstəklə barışa yox, revanşa hazırlaşır. Cənubi Qafqazda
müharibə ssenarisi planlaşdıran kollektiv Qərb Ermənistandan plastarm kimi
istifadə edərək bölgəyə hərbi güclərini yerləşdirir. Hazırda Qərbə forpostluq
edən və eyni zamanda KTMT üzvü olan Ermənistan bir əlində iki qarpız tutmağın
ağır nəticəsi ilə üzləşəcəyini hesaba almır.
Sözügedən müsahibəsində
Ermənistanın silahlanması prosesinin sıçrayışla getdiyini söyləyən Prezident
İlham Əliyev dedi ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan,
üçüncü yerdə isə ABŞ-dir: "Məncə, bu, fəlakətə aparan yoldur... ...Onlar
İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının
nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron
rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq,
burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim
kömək etməyəcək".
Vurğulandığı kimi, hələ də torpaqlarımızda gözləri olan ermənilər
hazırkı məqamda sülhdən başqa çıxış yollarının olmadığını bilsələr də, gələcəkdə
yenə ərazilərimizə iddia etmək üçün özlərinə müəyyən zəmin saxlamağa
çalışırlar.
Paşinyanın bu günlərdə yerli mediaya verdiyi müsahibəsində səsləndirdiyi
riyakar fikirlər də bunu deməyə əsas verir. Guya özünü barış tərəfdarı kimi
göstərən Paşinyan ağızdolusu sülhdən dəm
vurub. 2019-cu ildə "Qarabağ Ermənistandır nöqtə" deyəcək məntiqdə, təfəkkürdə,
niyyətdə olan Paşinyanın cəmi 5 il ərzində necə deyərlər, haqqa gəlməsi
inandırıcı deyil. O da var ki, bu yola Paşinyan öz istəyi ilə yox, "dəmir
yumruğ"un hesabına gəlib.
Bugünkü sülh çağırışlarında da qətiyyən səmimi olmayan Ermənistanın
baş naziri Azərbaycan kimi Minsk Qrupunun buraxılması tələbini səsləndirmir.
Baş nazir müsahibəsində guya qarşılıqlı məhkəmə iddialarını lazımsız saydığını
söyləyir, amma əməldə bunun əksini görürük. Onun sözlərinə görə, sərhədin tam
delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir
hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq. Sərhədlərin
delimitasiyası uzun prosesdir və buradan da aydın görünür ki, deməli, Paşinyan
üçüncü qüvvələrin olmaması barədə səsləndirdiyi fikirlərində də səmimi deyil.
Əslində, həmin qüvvələrin varlığında maraqlıdır.
Gətirdiyimiz nümunələrdən də görünür ki, İrəvan normallaşma
prosesinə mane olmaq üçün riyakar gedişlər edir, daha çox sülh müqaviləsinin
bağlanmaması üçün fəaliyyət göstərir.
Ancaq bütün hallarda sülhdən yayınması və müharibəyə
hazırlaşması Ermənistanı qaçılmaz fəlakətə sürükləyir. Azərbaycan ərazi
bütövlüyünü, suverenliyini tam təmin edib, Qarabağda və Şərqi Zəngəzurda nəhəng
tikinti-quruculuq işləri aparır. Eyni zamanda həmin bölgələrə Böyük qayıdışı həyata
keçirir. Əgər bundan sonra hadisələr "dəmir yumruğ"un işə düşməsi
istiqamətində inkişaf edəcəksə, bunun məsuliyyəti yenə də Ermənistanın və onu
silahlandıraraq qızışdıran Qərb ağalarının üzərinə düşəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"