Prezident İlham Əliyev "Rossiya Seqodnya" İnformasiya Agentliyinə müsahibəsində qlobal əhəmiyyətli problemlərə toxundu
Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu dünya birliyinin ölkəmizə marağını şərtləndirən başlıca amildir. Prezident İlham Əliyevin liderliyi ilə siyasi və iqtisadi sferalarda əldə edilən nailiyyətlər, ikitərəfli və dövlətlərarası platformalarla yanaşı, nüfuzlu xarici media orqanlarının da Azərbaycanın uğurlarını təqdir etməsinin əsas səbəbi rolunda çıxış edir. Bu gün rəsmi Bakı təkcə tarazlaşdırılmış uğurlu xarici siyasət, dünyada çoxlarını təəccübləndirən iqtisadi yüksəliş, 2020-ci ilin Vətən müharibəsindən sonra isə hərbi qüdrət ünvanı deyil, həm də qlobal geosiyasi proseslərin fəal iştirakçısı və həmin proseslərə təsir etmək iqtidarında olan tərəfdaş qismində qəbul edilir.
Azərbaycan qlobal dünyamızın reallıqlarına ən adekvat şəkildə davranan dövlətlərdəndir. Eyni zamanda respublikamızın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imici, başqa dövlətlərin Azərbaycana və şəxsən ölkəmizin rəhbərinə yüksək inamı xarici əlaqələrdə mövqelərimizi gücləndirir, yeni-yeni nailiyyətlərə yol açır. Rusiyanın nüfuzlu "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan Prezidenti ilə müsahibəsi də məhz bu marağın növbəti təzahürüdür.
Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə beynəlxalq siyasət və qlobal əhəmiyyətli problemlər, onların həlli yolları, dövlətlərarası münasibətlər öz əksini tapmışdır. Suallara ətraflı cavablar Rusiyada Azərbaycan liderinin bu kimi mövzulara dair görüşlərinə verilən önəmin göstəricisidir. Son bir neçə ildə ölkəmizin "orta güc" kimi klassifikasiya edilən təsir imkanlarına malik dövlətlərin sırasına qoşulması, Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aktora çevrilməsini şərtləndirən danılmaz faktdır. Dövlətimizin başçısının Rusiya ilə Ukrayna arasında davam edən gərginlik, qonşu ölkələrdə baş verən siyasi proseslər, neokolonializm təzahürləri və qlobal iqlim problemləri kimi mövzulara münasibət bildirməsi Azərbaycanın beynəlxalq əhəmiyyətinin yerləşdiyimiz region və bir qədər geniş coğrafiya - postsovet məkanının çərçivələrini aşdığını nümayiş etdirir.
Möhkəm təməl üzərində siyasi müttəfiqlik
Azərbaycanın Rusiya ilə münasibətləri bu dövlətin orta statistik vətəndaşını maraqlandıran prioritet məsələdir. Xüsusilə son 2 ildə məlum proseslər fonunda hər bir rusiyalı üçün onları əhatə edən coğrafi məkanda dostları və düşmənləri seçmək, ayırmaq nöqteyi-nəzərdən olduqca vacibdir. Prezident İlham Əliyevin həm siyasi, həm də iqtisadi müstəvidə Azərbaycan-Rusiya münasibətlərinin gündən-günə zənginləşməsinə dair fikirləri dövlətlərarası münasibətlər kontekstində dəyişməz olan sabitlik əlamətidir: "Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb… Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır". Dövlətimizin başçısı xüsusi vurğuladı ki, bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman belə bir sənəd tarixi hadisədir.
Azərbaycanla Rusiya arasında möhkəm və davamlı siyasi münasibətlərin sabitliyinə təsir göstərən mühüm faktorların sırasında ildən-ilə daha da dərinləşən iqtisadi-ticari əlaqələr durur. Prezident İlham Əliyev hesab edir ki, bu əlaqələrin daha da dərinləşməsinə qarşılıqlı təmasın və ünsiyyət imkanlarının çoxalması öz müsbət təsirini göstərir: "Biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, bəlkə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövcuddur. Rusiyalıların Azərbaycana səfərləri baxımından da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də sırf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlərini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir". Dövlətimizin başçısı əminliklə qeyd etdi ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur.
Azad edilmiş ərazilərdə iqtisadi əməkdaşlıq
Bakı ilə Moskva arasında iqtisadi sferada yüksələn əməkdaşlığın yeni trendi Rusiya kapitalının Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda həyata keçirilən layihələrdə də təmsil olunmasıdır. Tədqirəlayiq haldır ki, bu, həm mərkəzləşdirilmiş qaydada baş verən prosesdir, həm də Rusiyanın ayrı-ayrı subyektlərinin ciddi maraq göstərdikləri mövzudur. Bu baxımdan, Rusiyanın Tatarıstan bölgəsinin nümayiş etdirdiyi fəallıq xüsusilə nəzərəçarpandır. Xatırladaq ki, dövlət başçısının müsahibə verdiyi ərəfədə Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanovun Azərbaycana növbəti səfəri reallaşıb. Prezident İlham Əliyev ilk investisiya layihəsinin Tatarıstan tərəfindən həyata keçirildiyini söylədi: "Bu, Cəbrayıl rayonunda Tatarıstanın rəhbəri və mənim tərəfimdən açılmış "KamAZ" xidmət mərkəzidir. Yeri gəlmişkən, bu gün mənim də Tatarıstan rəhbəri ilə görüşüm olacaq. Tatarıstan nümayəndə heyəti Bakıdadır. Yəni bu, ilk investisiya, daha dəqiq desək, xarici investisiyalar üzrə birinci layihənin, həmçinin Rusiyaya məxsus olmasıdır. Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq". Prezidentin sözlərinə görə, azad edilmiş ərazilərdə bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkətinin olduğu vurğulanıb. Bu yerlərdə həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma onların sayı çox deyil. Rusiya şirkətlərinin sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir və bu, ilk növbədə indi infrastruktur layihələrini, yolları, dəmiryol tunellərini, körpüləri əhatə edir, yəni bu sahədə yaxşı təcrübəsi olan çoxlu sayda Rusiya şirkəti var.
Məsələn, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən, Qubadlıda uşaq bağçasının tikintisinə başlanılıb. Qubernator İqor Babuşkin Qubadlıda olub və tikinti prosesini ziyarət edib. Bu cür diqqət Azərbaycan ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Dövlətimizin başçısı müsahibəsində bunu Azərbaycanla Rusiya dostluq əlaqələrinin genişlənməsinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi qiymətləndirib.
Azərbaycanın vasitəçilik potensialı
Azərbaycan Prezidenti və dövlətinin artan nüfuzu, qlobal proseslərə təsir və müdaxilə imkanları baxımından ölkəmizin dünyada baş verən hadisələrdəki yeri, onlara münasibəti Rusiya ictimai rəyi üçün ciddi maraq mövzusudur. Bu baxımdan, müsahibə ərzində verilən suallar arasında Azərbaycan liderinin Rusiya-Ukrayna müharibəsi fonunda Qərb-Moskva gərginliyinə dair mövqeyinin öyrənilməsi istəyi anlaşılandır. Prezident İlham Əliyevin reaksiyası hər zaman olduğu kimi həm tarazlaşdırılmış, həm düşünülmüş oldu, həm də ədalətə əsaslandı: "Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir".
Daha sonra dövlətimizin başçısı bildirdi ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. "Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin"- Azərbaycan Prezidenti müsahibəsində dedi.
Bu gün qlobal qeyri-sabitlik reallığında Azərbaycanın qarşıdurma tərəfləri arasında sülh və vasitəçilik adası qismində çıxış edə biləcəyinə dair çoxsaylı ehtimallar səslənir. Rəsmi Bakının həm Moskva, həm də Kiyevlə etimada əsaslanan xoş münasibətləri mövcuddur. Bu gerçəklik imkan verir ki, Azərbaycan bu ədavətin səngiməsi, münasibətlərin sivil məcraya dönməsi və insan ömürlərinin xilası prosesində tarixi rol oynasın. Təbii ki, əgər bizə belə bir müraciət edilərsə. Azərbaycan əvvəllər də bu kimi dialoq üçün münbit və əlverişli platforma qismində çıxış edib. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın bu potensiala malik olmasını təsadüfən vurğulamadı: "Biz bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər... Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər". Azərbaycan Prezidenti müsahibəsində bildirdi ki, bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr kifayət qədər deyil. Buna görə də əgər belə bir ehtiyac olarsa, gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq.
Dövlətimizin başçısı müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan da danışdı
Bu gün doğma torpaqlarından zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran mühüm strateji və mənəvi xarakterli hədəfdir. XX əsrdə mərhələlərlə həyata keçirilmiş məqsədyönlü deportasiyaya beynəlxalq qiymətin verilməsi xalqımızın tələbidir. Ermənilərdən fərqli olaraq, bizim əlimizdə gerçək tarixi sənədlər var. Onları himayə edənlərdən fərqli olaraq, biz yalan dolu kitablar deyil, tarixi ədalətə söykənən elmi əsərlər, araşdırmalar yazırıq. Qanlı erməni diasporundan fərqli olaraq, biz saxtalaşdırılmış mənbələr deyil, müasir reallığa əsaslanırıq: indiki Ermənistan ərazisində əsrlər boyu yaşayan soydaşlarımızın hansı zorakılığa məruz qaldıqlarına dair sənədləşdirilmiş faktlar, videogörüntülər var.
Erməni diasporunun, Azərbaycana münasibətdə qərəzli mövqedə olan bəzi dövlətlər və mərkəzlərdə fəaliyyət göstərən erməni lobbisinin təzyiqi ilə xalqımıza qarşı yürüdülən ikili standartlar siyasəti bu sahədə də davam etdirilir. Xalqımıza məxsusluğu tarixi dəlillərlə sübut edilən, ancaq işğal dövründə saxtalaşdırma əməllərinə məruz qalan, indi isə "erməni irsi" kimi təqdim edilən tarixi abidələrə "araşdırıcı" missiyaların təşkil edilməsi məzmunlu təşəbbüslər irəli sürülür. Halbuki Azərbaycan bu tələbi on illər ərzində etsə də, Qərbin "humanist" dəhlizlərində eşidilməmiş olaraq qalmışdır.
Azərbaycan dövləti soydaşlarımızın XX əsrdə mərhələlərlə hazırkı Ermənistan ərazisində olan vətənindən qovulmasına, məqsədli şəkildə deportasiyasına beynəlxalq hüquqi qiymətin verilməsinə nail olmaq əzmindədir. Dünya birliyi ilə yanaşı, Ermənistan da azərbaycanlıların bu hüququnu tanımalı və reallıqla barışaraq tarixi ədalətin bərqərar olmasına müqavimət göstərməməlidir.
Dövlətimizin başçısı müsahibəsində bildirdi ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlılardır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. "Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq".
Müsahibədə Azərbaycanın nəhəng iqlim sammitinə evsahibliyi barədə də geniş danışıldı, regional təhlükəsizliyə, Qərbin çirkin planlarına münasibət bildirildi, Ermənistanın məqsədli şəkildə silahlandırılması və digər ciddi məsələlərə aydınlıq gətirildi.
Xarici media strukturlarının Azərbaycan Prezidentinin dünyada baş verən proseslərə dair fikirlərinə marağı, dövlətimizin beynəlxalq aləmdəki artan təsir imkanlarının və yüksələn nüfuzunun bariz göstəricisidir. Şübhəsiz ki, Azərbaycanın güclü geosiyasi aktora çevrilməsi və qlobal proseslərdə fəal çıxış etməsi daha intensiv xarakter aldıqca, dünya ictimaiyyətinin ölkəmizə rəğbəti artmaqda davam edəcək. Bu reallıq ərazicə o qədər də böyük olmayan, müasir müstəqillik tarixi cəmi
33 ili əhatə edən dövlətin əldə etdiyi danılmaz uğurudur. Azərbaycanın iqtisadi imkanlarını artırması, hərbi qüdrətini yüksəltməsi və siyasi dəyişikliklərdəki çevikliyi onu deməyə əsas verir ki, qarşıdakı illərdə bu istiqamətdə miqyasca daha böyük uğurlar qazanacağıq.
İradə ƏLİYEVA,
"Azərbaycan"