17 Dekabr 2024 08:00
130
SİYASƏT
A- A+
Müstəqil siyasətin uğurları

Müstəqil siyasətin uğurları


Tarazlı diplomatiya, milli maraqların qorunması, regional əməkdaşlığın genişləndirilməsi 


Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış ölkəmizin uğurlarının təməlində onun həyata keçirdiyi müstəqil siyasət durur. Azərbaycanın müstəqil siyasəti, ölkənin milli maraqlarını qorumaq və beynəlxalq arenada suverenliyini möhkəmləndirmək məqsədilə reallaşdırılan strateji yanaşmaların əsasını təşkil edir. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin daxili və xarici siyasətində mühüm istiqamət olmuşdur. Hazırda 21 ildir ki, Prezident İlham Əliyev eyni yanaşmanı uğurla davam etdirməkdədir. 


Əsas prinsiplər


Azərbaycanın müstəqil siyasətinin əsas prinsipləri arasında tarazlı diplomatiya, beynəlxalq hüquq normalarına riayət, milli maraqların qorunması və regional əməkdaşlığın təşviqi önəmli yer tutur. Ölkəmiz bu prinsipləri rəhbər tutaraq həm regional, həm də qlobal miqyasda strateji tərəfdaşlıqlar qurur və öz mövqeyini daha da möhkəmləndirir. 

Bu prinsiplərin hər birinə ayrı-ayrılıqda qısaca nəzər salsaq görərik ki, dövlətimiz tarazlı diplomatiya davranışına sadiq qalaraq, müxtəlif geosiyasi bloklar arasında balansı qorumaqla həm regional, həm də beynəlxalq miqyasda sabitlik və əməkdaşlıq mühitini təmin edir. Azərbaycan Rusiya, Türkiyə, Gürcüstan, İran kimi qonşu dövlətlərlə, həm də Qərb ölkələri və beynəlxalq təşkilatlarla, o cümlədən Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO ilə əməkdaşlıq edir. Bu yanaşma dövlətin xarici siyasətində riskləri azaltmağa və müxtəlif tərəfdaşlarla faydalı əlaqələr qurmağa imkan verir. Məsələn, Azərbaycan enerji siyasətində həm Avropa bazarlarını qazla təmin edir, həm də Rusiya və İranla konstruktiv münasibətləri qoruyur.

Qeyd edildiyi kimi, Azərbaycanın müstəqil siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Ölkə öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün hər zaman beynəlxalq hüququn qaydalarına, nizamına əsaslanır. Bu yanaşmaya ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması üçün aparılan uzunmüddətli proseslər kontekstində də hər kəs şahidlik edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq öz torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsinə nail oldu. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində də beynəlxalq hüququn tətbiqini təşviq edir, yüksək səviyyədə ədalətin təmin olunmasını dəstəkləyir.

Milli maraqların qorunması isə ölkəmizin müstəqil siyasətinin mərkəzində durur. Bu prinsiplə dövlətimiz öz enerji resurslarından, iqtisadi potensialından və strateji mövqeyindən istifadə edərək daxili sabitlik və rifahı təmin etməyə çalışır. Azərbaycan beynəlxalq layihələrdə iştirak edərək milli maraqlarına prioritet verir. Belə ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələri Azərbaycanın enerji və nəqliyyat sahəsindəki maraqlarını təmin etməklə yanaşı, ölkənin bütün dünyada nüfuzunu artırır. Dövlətimiz həmçinin diaspor siyasəti ilə milli maraqları beynəlxalq səviyyədə müdafiə edir.


Regional əməkdaşlığa töhfə


Azərbaycan regional əməkdaşlığa da xüsusi diqqət yetirir. Cənubi Qafqazda əsas aktor kimi regionun iqtisadi inkişafına və təhlükəsizliyinə töhfə verir. Enerji və nəqliyyat sahəsində bir sıra təşəbbüslər Azərbaycanı regional əməkdaşlıq üçün vacib mərkəzə çevirib. Ölkəmiz enerji resurslarından istifadə edərək əməkdaşlığı təşviq edən əsas dövlətlərdən biridir. "Cənub qaz dəhlizi" layihəsi bunun parlaq nümunələrindəndir. Bu layihə Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevirib. Azərbaycan qazını Türkiyə və Avropa bazarlarına çatdırır, enerji ehtiyatlarının şaxələndirilməsini təmin edir. Bakı-Tbilisi-Ceyhan boru kəməri də regionun neft ixracı üçün əsas marşrutlarındandır. Bu isə ilk növbədə Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlığı, iqtisadi inteqrasiyanı gücləndirir. Eləcə də Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanın təbii qazını qonşu ölkələrə ixrac edir, regionun enerji təminatını möhkəmləndirir və iqtisadi əlaqələri genişləndirir.

Azərbaycanın geosiyasi mövqeyi ölkəmizi beynəlxalq nəqliyyat dəhlizlərinin də mərkəzinə çevirib. Buna nümunə kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığı son illərdə daha da dərinləşdirib. Bu dəmir yolu Asiya ilə Avropa arasında yükdaşımaların əsas marşrutlarından biridir və ticarətin sürətlənməsinə xidmət edir. "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi isə Azərbaycanı Rusiya, İran və Hindistanla birləşdirir. Şimal-Cənub dəhlizi həm də Asiya və Avropa arasında ticarət axınını artırır, regionda iqtisadi əlaqələri möhkəmləndirir. "Şərq-Qərb" nəqliyyat dəhlizi layihəsi isə Çin, Mərkəzi Asiya və Avropanı birləşdirərək o da ticarət və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirir. 

Azərbaycan regionda sabitliyin təmin edilməsinə töhfə vermək üçün təhlükəsizlik sahəsində əməkdaşlığı dəstəkləyir. Vətən müharibəsindəki tarixi qələbəmizdən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın təşəbbüsü ilə əbədi sülh və əməkdaşlıq, yeni nəqliyyat marşrutlarının açılması, sərhədlərin delimitasiyası kimi məsələlər gündəmə gəlib. Bu proses regional sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu platformadan istifadə edərək qlobal təhlükəsizlik məsələlərində mühüm təşəbbüslər irəli sürüb və onların reallaşdırılmasına əhəmiyyətli şəkildə nail ola bilib. Ölkəmiz terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə də yüksək fəallıq göstərir, bölgədə təhlükəsizliyin təmin olunması üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurur.

Azərbaycan mədəniyyət diplomatiyasının gücündən faydalanmaqla, mədəniyyətlərarası dialoqu təşviq etməklə də regional əməkdaşlığa töhfə verir. Bakı Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər mədəniyyətlər arasında qarşılıqlı əlaqələri möhkəmləndirməklə Azərbaycanın regionda mədəni körpü kimi rolunu gücləndirir.

Mühüm strateji mövqeyə, zəngin təbii sərvətlərə, böyük inkişaf potensialına görə tanınan Azərbaycanı dünyanın böyük bir hissəsi indi həm də zəngin mədəniyyətimizlə kəşf etməyə başlayıb. Bu layihələrin hər biri ölkəmizin imicini daha da yüksəldir. Azərbaycanlıları sivil, qədim mədəniyyətə malik xalq kimi dünyaya təqdim edir. Min illər bu torpaqlarda yaradılan və nəsillərdən-nəsillərə mənəvi miras kimi keçən misilsiz mədəniyyət incilərimizi bəşəriyyətə sərgiləyir. Mədəniyyətlər arasında dialoq, tolerantlılıq, multikulturalizm çağırışları ilə Azərbaycanın tutduğu yolu, ümumbəşəri dəyərlərə bağlılığını, yüksək amallarını göstərir.

Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, Üzeyir bəy Hacıbəyli, Rostropoviç, Qəbələ Beynəlxalq Musiqi festivalları, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu  və potensialının mədəniyyət sahəsindəki göstəricisidir. Bütün bunlar hazırda Azərbaycanı dünyanın əsas musiqi mərkəzlərindən birinə çevirmişdir.  

Son illər Qarabağda, Naxçıvan, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran və digər şəhər-rayonlarda keçirilən tədbirlər həm bölgələrin mədəni irsinin, həm də turizm potensialının yerli və beynəlxalq ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətlidir.   

 Ölkəmiz Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biri olaraq bu təşkilat çərçivəsində də türk dövlətləri arasında mədəni və iqtisadi əlaqələri inkişaf etdirir. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müsəlman ölkələri arasında humanitar və mədəni layihələrdə yüksək fəallıq göstərir. 

Multilateral əməkdaşlıq platformalarının aktiv təmsilçisi kimi Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə də qarşılıqlı əlaqələrin güclənməsinə liderlik edir. Ölkəmizin əməkdaşlıq təşəbbüsləri, iqtisadi və strateji maraqlarımızı təmin etməklə yanaşı, regionda sabitlik və inkişaf üçün möhkəm baza yaradır. Enerji, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələrində həyata keçirilən layihələr Azərbaycanın rolunu gücləndirir və qonşuları ilə əlaqələrini möhkəmləndirir. Bu siyasət ölkənin beynəlxalq miqyasda nüfuzunu daha da artırır və davamlı inkişafa geniş şərait yaradır.

Azərbaycanın əsas götürdüyü prinsiplər ölkəmizin müstəqil siyasətinin dayanıqlığını və effektivliyini təmin edir. Tarazlı diplomatiya riskləri azaldır, beynəlxalq hüquq normalarına riayət ədaləti qoruyur, milli maraqların mühafizəsi isə ölkənin inkişafına xidmət edir. Regional əməkdaşlıq prinsipi isə ölkəmizin beynəlxalq təsirini artıraraq həm qonşuları, həm də qlobal tərəfdaşları ilə əlaqələrini gücləndirir. Bu yanaşmalar bir yerdə Azərbaycanın suverenliyini və müstəqilliyini gücləndirən əsas faktorlardandır. 

Müstəqil siyasət, milli maraqları qorumaq üçün həm strateji mövqeləri gücləndirir, həm də ölkənin daxili sabitliyinə və iqtisadi inkişafına xidmət edir. 


Sabitlik, inkişaf, rifah


Ölkəmiz daxili siyasətində tam müstəqildir və hər hansı kənar qüvvələrin inkişaf proseslərinə müdaxilə etməsinə imkan vermir. Ümumilikdə, Azərbaycan bütün kənar güclərin Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlıq və inkişaf mühitinə təhdid yaradan addımlarına qarşıdır. 

Azərbaycanın müstəqil daxili siyasəti milli maraqlara əsaslanaraq ölkənin sosial, iqtisadi, siyasi və mədəni inkişafını təmin etmək məqsədini güdür. Bu siyasət dövlət idarəetmə sistemini möhkəmləndirmək, əhalinin rifahını yüksəltmək, milli birliyi təmin etmək və müasir dövrün tələblərinə cavab verən islahatları həyata keçirmək istiqamətində həyata keçirilir. 

Ölkənin müstəqil daxili siyasətində sabitliyin təmin olunması prioritet məsələdir. Bu ilk növbədə demokratik idarəetməyə əsaslanır. Respublikada qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin müstəqilliyi prinsipi əsasında idarəetmə sistemi qurulub. Elektron xidmətlərin tətbiqi dövlət idarəçiliyində effektivliyi artırır və vətəndaşlara xidmətləri asanlaşdırır. Azərbaycan vətəndaş cəmiyyəti institutlarının inkişafını dəstəkləməklə demokratik idarəetmə modelini gücləndirir. Dövlət müxtəlif etnik və dini qrupların sülh şəraitində birgə yaşamasını təmin edir. Multikulturalizm və tolerantlıq dövlət siyasətinin əsas elementlərindən birinə çevrilib.

Ölkəmizin daxili siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah səviyyəsinin artırılması da mühüm yer tutur. Əhalinin aztəminatlı təbəqəsinin müdafiəsi üçün dövlət tərəfindən müavinətlər, pensiyalar və sosial yardımlar artırılır. İşsizliyin azaldılması məqsədilə yeni iş yerlərinin açılması və gənclər üçün məşğulluğun artırılması məqsədilə müxtəlif proqramlar həyata keçirilir. Ölkənin səhiyyə və təhsil sistemi inkişaf etdirilir. Xüsusilə ümumi icbari tibbi sığorta sisteminin tətbiqi əhalinin sağlamlıq xidmətlərinə çıxışını son illər xeyli dərəcədə yaxşılaşdırmışdır. Azərbaycanın iqtisadi siyasəti milli iqtisadiyyatın dayanıqlılığını və rəqabətqabiliyyətliliyini təmin edir. Ölkədə qeyri-neft sektorunun inkişafı prioritet məsələlərdəndir. Kənd təsərrüfatı, turizm, rəqəmsal inkişaf və sənaye kimi sahələrdə genişmiqyaslı layihələr həyata keçirilir.

Dövlət regionların balanslı inkişafını təmin etmək üçün müxtəlif proqramlar icra edir. İnfrastruktur layihələri, kənd yerlərində kiçik və orta sahibkarlığın təşviqi bu istiqamətdə mühüm addımlardandır.

Azərbaycanda sahibkarlığın inkişafı üçün qanunvericilik sadələşdirilir, vergi yükü azaldılır və investisiyalar təşviq edilir. İnnovativ texnologiyalar və startapların təşviqi ölkənin iqtisadiyyatında yeni imkanlar yaradır.

Azərbaycanın müstəqil daxili siyasəti qanunların aliliyini və ədalətli idarəetməni təmin etmək məqsədilə hüquqi dövlət quruculuğunu dəstəkləyir. İnsan hüquq və azadlıqlarının qorunması, məhkəmə sisteminin şəffaflaşdırılması və ədalət sisteminin gücləndirilməsi istiqamətində islahatlar həyata keçirilir. Dövlət idarəçiliyində şəffaflıq təmin edilir, korrupsiyaya qarşı mübarizə üzrə xüsusi proqramlar tətbiq olunur.

Azərbaycanın mədəni irsinin qorunması və milli dəyərlərin təşviqi də daxili siyasətin üstün istiqamətlərindəndir. Ölkədə müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq təşviq edilir, milli irsin qorunması üçün tədbirlər görülür. Gənclərin milli dəyərlər əsasında yetişməsi və təhsilə, mədəniyyətə marağın artırılması üçün dövlət proqramları reallaşdırılır. 

Dövlətimizin həyata keçirdiyi daxili siyasətində ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir. Bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, meşələrin bərpası və ətraf mühitin qorunması üzrə layihələr mühüm rol oynayır. Eləcə də su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə üçün tədbirlər görülür.

Azərbaycanın müstəqil daxili siyasəti milli maraqlar əsasında qurulmuş strategiyadır. Bu siyasət ölkənin hərtərəfli inkişafını təmin etməklə yanaşı, vətəndaşların rifahını yüksəldir və dövlət idarəetməsini müasir dövrün tələblərinə uyğunlaşdırır. Eyni zamanda sabitliyin və inkişafın təmin olunması üçün strateji və məqsədyönlü yanaşmaları özündə birləşdirir.

Beləliklə, Azərbaycanın suverenliyi və müstəqilliyi, dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasət milli kimliyimizin əsas sütunudur və bu dəyərlər gələcəkdə də qorunaraq inkişaf etdiriləcəkdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!