22 Yanvar 2025 08:00
162
SİYASƏT
A- A+
Tarixin sınağından çıxmış strateji münasibətlər

Tarixin sınağından çıxmış strateji münasibətlər


Tarixi bağlara, mehriban qonşuluq əlaqələrinə və regionun gələcəyinə dair müştərək hədəfə əsaslanan Azərbaycan-Gürcüstan strateji münasibətləri sabit müttəfiqliyin klassik nümunəsidir. Xalqlarımızı son iki əsrdə oxşar tale və aqibət yaşamaları birləşdirir. Müasir tariximizin heç bir mərhələsində dövlətlərimiz arasında hər hansı həll edilə bilməyəcək problem olmayıb. 

Liderlərimizin yalnız öz dövlətlərinin deyil, bütün regionun qarşılaşdığı çətinliklərin çözümünə, habelə gələcək inkişaf yollarına üst-üstə düşən baxışı insanlarımız  tərəfindən  daim dəstək görüb. Məhz bunun nəticəsidir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqaz bölgəsinin tərəqqisi, burada yaşayan xalqların firavan həyatı və rifahının təminatı missiyasını birgə reallığa çevirirlər. 


Nümunəvi qonşuluq


Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi rəsmi Tbilisinin Bakı ilə əlaqələrinə verdiyi diqqət və ehtiramın göstəricisidir. Eyni zamanda bu, Azərbaycana gürcü dövləti və xalqının göstərdiyi yüksək hörmətin əlamətidir. Prezident İlham Əliyevlə Baş nazir İrakli Kobaxidze mətbuata açıqlama verərkən Azərbaycan liderinin çıxışını bu faktla başlaması rəsmi Bakının Tbilisinin bu addımını yüksək məmnunluqla qarşıladığının bariz təzahürüdür. "Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz "Gürcü Arzusu" Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir", - deyə Prezident İlham Əliyev vurğulayıb. 

Dövlət başçısının Gürcüstanın hakim partiyasının seçkilərdə qələbə qazanması mövzusuna toxunması sadəcə dövlətlərarası təbrik prosedurunun deyil, bu siyasi hadisənin həm ikitərəfli əlaqələrimiz, həm də regional proseslərin dayanıqlılığı baxımından ciddi önəm daşımasının göstəricisidir. Rəsmi Bakı qonşu ölkədəki seçkilərin nəticələrini ümumi maraqlara əsaslanan münasibətlərimizin birgə inkişafı kontekstindən təhlil edir və qiymətləndirir. Xalqlarımız tariximiz kimi müasir həyatımızda da ölkələrimizin hansı problem və oxşar çağırışlarla qarşılaşdıqlarını, onları birgə səylərlə dəf etdiklərini görürlər. Gürcüstandakı seçkilərdə gürcü xalqının əksəriyyətinin hakim "Gürcü Arzusu" Partiyasına səs verməsi təkcə qonşu ölkənin deyil, bütöv bölgənin davam edən tərəqqi və inkişaf yoluna verdiyi dəstəyin təzahürüdür. Prezident İlham Əliyev dövlətlərimiz arasında olan mehriban qonşuluq və işgüzarlıq münasibətlərində xalqlarımızın rolunu xüsusilə qeyd edir: "Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər". 


Uğurlu iqtisadi tərəfdaşlıq


Ölkələrimizin daha sıx inteqrasiyası və çağırışlara münasibətdə birgə mövqedən çıxış etmələri siyasəti hazırda da liderlərimiz tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ənənəvi və bərpaolunan alternativ enerji daşıyıcılarının dünya bazarına tranzitinin həyata keçirilməsi, logistik marşrutların işləməsi, qarşılıqlı sərmayə yatırımları hər iki dövlət tərəfindən ən yüksək səviyyədə dəstəklənir. Prezident İlham Əliyevin gündəmdə duran əməkdaşlıq sahələrinə diqqət çəkməsi Azərbaycanla Gürcüstan arasında birgə fəaliyyət sferalarının nə qədər dinamik olduğunu bir daha göstərir. "İqtisadi sahədə yaxşı nəticələr var" deyən dövlətimizin başçısı Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu vurğuladı. Bu onu göstərir ki, hökumətin uğurlu iqtisadi siyasəti, investisiyaların cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün iş adamlarını həvəsləndirir: "O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir". Daha sonra Prezident İlham Əliyevin bəyanatında qeyd edildi ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür: "Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni bu, doğrudan da, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır".

Enerji layihələri üzrə birgə əməkdaşlıq iqtisadi gündəmimizdə duran xüsusi mövzudur. Dövlət başçıları bu sahədəki vəziyyətdən məmnundurlar. "Biz sizinlə birlikdə "yaşıl enerji" layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, "yaşıl enerji" layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür" deyən Prezident İlham Əliyev regionumuzun daha bir inkişaf xətti olan alternativ enerji mənbələrinin Qərbə daşınması mövzusunu dilə gətirməsi təsadüfi deyil. Bir vaxtlar ölkələrimiz ənənəvi enerji daşıyıcılarının dünya bazarlarına tranziti kimi vəzifənin həllinə birgə səylərlə nail olublar. Yeni iqtisadi trend olan "yaşıl enerji"nin istehsalına və Avropaya çatdırılmasına dair baxışlar da üst-üstə düşür. 


Bölgənin prioritet layihəsi


Cənubi Qafqazın daxilindəki inteqrasiya proseslərində, eyni zamanda bölgəmizin dünya ilə əlaqələrində logistika sahəsindəki əməkdaşlığın xüsusi önəmi var. Şərqin zəngin istehsal potensialını Qərbin alıcılıq qabiliyyəti yüksək olan bazarları ilə birləşdirən yükdaşıma marşrutlarının bir istiqaməti Azərbaycan və Gürcüstandan keçməklə bölgəmizi əhatə edir. Logistik xidmətlərdən gələn gəlir büdcələrimizdə əhəmiyyətli paya sahibdir. Bu baxımdan ölkələrimizin yol-nəqliyyat infrastrukturunu  inkişaf etdirmələri sahəsindəki əməkdaşlığı təbiidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gəlmiş Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyəti təkcə regional inteqrasiya çərçivələri ilə məhdudlaşmır. Bu vacib nəqliyyat yolunun önəminin zamanla artaraq qlobal xarakter qazanması Azərbaycan liderinin uzaqgörənliyinin aşkar göstəricisidir. Qısa zaman ərzində bu xəttin ötürücülük qabiliyyətinin artırılması üçün fəal işə start verilməsi layihənin rentabelliyinin göstəricisidir. 

Dünya yükdaşınması prosesində Azərbaycanla Gürcüstanın payının və rolunun yüksəlməsi son üç ildə xüsusilə qəbul edilir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Şərqi Zəngəzurdan keçəcək logistik xətlər üçün infrastruktur tikintisini sürətlə davam etdirməsi, habelə Gürcüstanla ənənəvi marşrutun təkmilləşdirilməsi Cənubi Qafqazın qlobal önəmindən xəbər verir. Dövrümüzün ən aktual transmilli layihəsi olan Orta dəhliz Bakı və Tbilisinin gündəmində duran prioritet iqtisadi hədəfdir. "Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır" deyən dövlətimizin başçısının bu mövzuya xüsusi toxunması onun ölkələrimiz və xalqlarımız üçün önəmini bir daha sübut edir.

Gürcüstanın Baş nazirinin də çıxışında müştərək iqtisadi layihələr üzərində dayanması Bakı ilə Tbilisi arasındakı ümumi baxışın qarşıdakı illərdə də bölgəmizin inkişafına xidmət göstərəcəyindən xəbər verir. 


Tarixə və reallığa əsaslanan müttəfiqlik


Ölkələrimiz arasında regionda və dünyada baş verən proseslərə, siyasi münasibətlərə, iqtisadi iş birliyinə və cəmiyyətlərimizin önəm verdikləri tarixi irsə, milli dəyərlərə, adət-ənənələrə birgə baxışımızı əks etdirən zəngin gündəm mövcuddur. Modern Azərbaycan və Gürcüstanı bir-birinə sıx bağlayan hərtərəfli əməkdaşlığın əsası Ulu Öndər Heydər Əliyevlə sabiq Prezident Eduard Şevardnadze tərəfindən qoyulub. Bu gün həm ölkələrimizin, həm də regionumuzun dayanıqlı inkişafı və gələcək çiçəklənməsi perspektivləri bu bünövrə üzərində bərqərar olub. Tədqirəlayiq haldır ki, sonrakı illərdə dövlətlərimiz bu strateji kursa sadiqliklərini nümayiş etdirərək bölgənin firavan gələcəyinə dair birgə səylərin sabitliyini təmin etməyə müvəffəq olublar. 

Azərbaycanın regional siyasi və iqtisadi liderliyi Gürcüstan tərəfindən ardıcıl şəkildə dəstəklənib. Çünki bu liderlik yalnız Azərbaycanın deyil, bütöv regionun çiçəklənməsinə xidmət edib. Azərbaycanın siyasi kursu və iqtisadi potensialının Gürcüstan üçün strateji anlamı var və bu reallıqda Azərbaycan Prezidentinin müdrik liderliyi regional sabitliyin dayanıqlığı baxımından müstəsna əhəmiyyətə malik tarixi-siyasi faktordur. Baş nazir İrakli Kobaxidzenin Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusilə vurğulaması qonşu gürcü dövləti və cəmiyyətinin Azərbaycana olan münasibətinin parlaq göstəricisidir: "Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur". 

Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasında mədəni-humanitar sahədə əməkdaşlığın uğurlu nəticələri də xüsusi qeyd olundu. 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilməsinin əhəmiyyətinə toxunuldu. Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində də qarşılıqlı maraq ifadə olundu. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu, nümayəndə heyətinin üzvləri gündəlikdə duran məsələlərə dair çıxışlar etdilər.

Azərbaycanla Gürcüstan arasında hərtərəfli inteqrasiya təcrübəsi olmaqla yanaşı, gələcək inkişaf və yüksəlişə xidmət edəcək zəngin gündəm mövcuddur. İcra edilən layihə və planların vahid hədəfi var: xalqlarımızın rifahı, dövlətlərimizin qüdrəti və bölgəmizin sabitliyi. Xalqlarımızın və liderlərimizin iradəsi, qarşılıqlı əməkdaşlığa əsaslanan əzmi deməyə imkan verir ki, birgə vəzifələrin öhdəsindən uğurla gələ biləcəyik. Azərbaycan-Gürcüstan əməkdaşlığı ötən illərdə olduğu kimi, gələcəkdə də həm xalqlarımızın maraqlarına, həm də bölgəmizdəki sülhə xidmət edəcək. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AMB inflyasiya proqnozunu açıqlayıb

10:52
22 Yanvar

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

08:15
22 Yanvar

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

08:10
22 Yanvar

Donald Tramp yeni hədəfləri açıqladı

08:05
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!