22 Yanvar 2025 08:05
140
SİYASƏT
A- A+
Donald Tramp yeni hədəfləri açıqladı

Donald Tramp yeni hədəfləri açıqladı


ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni səhifə açılacaq


"Bu gündən etibarən bizim ölkə çiçəklənəcək və dünya boyu yenidən hörmət olunacaq. Biz hər bir millətin həsəd obyekti olacağıq və başqalarına bizdən sui-istifadə etməyə imkan verməyəcəyik".

ABŞ-nin 47-ci prezidenti Donald Tramp andiçmə mərasimində gələcək işlərlə bağlı fikirlərini bildirdi və ölkənin əvvəlki hakimiyyətini son 4 ildə səhv qərarlar qəbul etməkdə təqsirləndirdi. "Amerikanın qızıl dövrü indi başlanır" -  deyən  Prezident keçmiş siyasi rəqiblərinin ünvanına tənqidlər səsləndirdi və siyasətdə baş verəcək əsaslı dəyişikliklərin anonsunu verdi.


2600 nəfərin iştirak etdiyi inaqurasiya 


İnaqurasiya mərasimi ABŞ-nin paytaxtı Vaşinqtondakı Kapitoli binasında keçirilib. Tədbirin daha əvvəl Kapitoli binasının qərb həyətində keçirilməsi planlaşdırılsa da, Vaşinqtonda hökm sürən kəskin soyuq hava şəraiti ilə əlaqədar Kapitoli binasının rotondasında baş tutub.

Andiçmə mərasimi ilə ABŞ-də rəsmi olaraq idarəçilik Bayden administrasiyasından Tramp administrasiyasına keçib.

Mərasimin keçirildiyi Kapitoli binasının rotondasında 800-ə yaxın qonaq iştirak edib. Həmçinin Kapitolinin həyətində yerləşən müxtəlif binalarda iştirak edən qonaqlarla birlikdə mərasimə 2600-ə yaxın qonaq qatılıb.

Donald Tramp andiçmə mərasimində Avraam Linkolnun 1861-ci ildə andiçmə zamanı istifadə etdiyi İncildən istifadə edib. Andiçməni ABŞ-nin Baş hakimi Con Roberts qəbul edib.

Andiçmə gerçəkləşdikdən sonra Prezident Co Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi keçirilib. Daha sonra Kapitolidəki Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi olub.

İnaqurasiya mərasimində ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton da iştirak ediblər. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, İlon Mask və Ceff Bezos da mərasimi ön sıradan izləyənlər arasında olub.


Trampdan Bayden administrasiyasına ağır ittihamlar


Ötən illər ərzində ABŞ-nin ağır günlər keçirdiyini, iqtisadiyyatının iflic olduğunu, nüfuzunun tamam aşağı düşdüyünü bəyan edən Donald Tramp andiçmə mərasimində bir daha sabiq prezident Co Baydeni ittiham edib. Tramp sələfinin administrasiyasının daxildə adi böhranla ayaqlaşa bilmədiyini və xaricdəki fəlakətli olayların öhdəsindən gələ bilmədiyini bəyan edib.

Əgər son 4 ildə ABŞ-nin yürütdüyü siyasətə diqqət etsək, Donald Trampın fikirlərində həqiqətin olduğunu aydın şəkildə görə bilərik. Səlahiyyətini başa vuran  sabiq iqtidar ötən 4 ildə qlobal səviyyədə ölkənin milli maraqlarını və nüfuzunu ciddi şəkildə zədələyib. Postunu tərk edən dövlət katibi Entoni Blinken son günlərinədək  dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaqla, ölkəyə rəhbərliyə başlayacaq Prezident Donald Tramp komandası üçün müxtəlif problemlər yaratmaqla məşğul olub. Son dörd ilin qlobal mənzərəsi bunu deməyə bir daha əsas verir ki, Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa - bir sözlə, dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, siyasi və iqtisadi sistemlərinin çökməsinin, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. 

Son 30 ildə dünyanın müxtəlif ölkələrində baş verən hakimiyyət çevrilişləri əsasən, ABŞ-nin layihələri əsasında reallaşıb. Belə ölkələrdə Sorosun, USAID-in planları ilə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə birbaşa hərbi təcavüz edilir. Bir müddət əvvəl USAID-in Gürcüstanda hakimiyyət çevrilişinə cəhd göstərməsi bütün dünyaya məlumdur. Amma ABŞ-nin Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğradı.

E.Blinkenin Azərbaycanla bağlı riyakarlıqları ABŞ-nin ölkəmizin öz haqlı mübarizəsinə olan siyasi mövqeyində daha çox özünü göstərib. Ümumiyyətlə, tarixi təcrübə, eləcə də Vətən müharibəsindən sonrakı proseslər Azərbaycan cəmiyyətində ABŞ-lə bağlı konkret rəy formalaşdırıb. Bu da ondan ibarətdir ki, Vaşinqton artıq həllini tapmış Qarabağ məsələsində heç vaxt ədalətli olmayıb. Bu ölkə ATƏT-in Minsk qrupunun həmsədri olsa da, problemin ədalətli həllinə heç bir təşəbbüs göstərməyib. Əksinə, ABŞ-nin ortaya qoyduğu mövqe Ermənistanın işğal siyasətinin dəstəklənməsinə xidmət edib.

ABŞ-nin indiki hakimiyyətinin son illərdəki fəaliyyətinə nəzər salanda bunu görmək mümkündür. Sanki onların işi, gücü riyakarcasına Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlara kölgə salmaqdan, Ermənistanın maraqlarını müdafiə etməkdən  ibarət olub. ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Ermənistana səfərini yada salaq. O zaman onun bölgədəki vəziyyəti təhrif edən açıqlaması göstərdi ki, ABŞ ədaləti müdafiə etməkdən çox uzaqdır. 

2023-cü ildə ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı"nı qəbul etməsi, bədnam 907-ci düzəlişin icrasını hər il müvəqqəti dayandırmış ABŞ-nin  bunu yenidən qüvvədə saxlaması bir daha Bayden və Blinkenin  ermənipərəst xislətindən, onların Azərbaycana qarşı olan düşmən münasibətlərindən xəbər verirdi. Bu münasibət ABŞ-nin milli maraqlarından yox, onların şəxsi niyyətlərindən qaynaqlanırdı.


Yeni siyasi xətt və ya ABŞ böyük dəyişikliklər astanasında


Andiçmə mərasimində səsləndirdiyi fikirlərlə və imzaladığı sənədlərlə Donald Tramp ABŞ-nin yeni siyasi kursunun istiqamətini müəyyənləşdirib. Prezident öncə Ədliyyə Nazirliyindən silah kimi istifadə edilməsinə son qoyulacağını bəyan edib: "Ədalətin tərəzisi balanslaşdırılacaq. Ədliyyə Nazirliyindən və hökumətdən yırtıcı, zorakı və ədalətsiz qaydada silah kimi istifadə edilməsinə son qoyulacaq".

Donald Tramp 47-ci prezident olaraq milli uğur erasının başlanğıcında "arxayın və nikbin" olduğunu bəyan edib. O, ölkənin böyük dəyişikliklər astanasında olduğunu bildirərək Amerikanın fürsəti qaçırmayacağına diqqət çəkib.

Prezident Tramp hakimiyyətinin ilk günündə bir neçə fərman verəcəyini elan edərək tarixi fərmanlar imzalayacağını bildirib. "Bu addımlarla biz Amerikanın tam bərpasına və sağlam zəkanın inqilabına başlayacağıq", - deyə o bəyan edib.

Mərasimdən sonra o, bir neçə fərman imzalayıb. Onlardan biri Meksika ilə milli sərhəddə fövqəladə vəziyyətin elan edilməsi, digəri isə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı olub. 

Birinci sənədə əsasən D.Tramp administrasiyası ABŞ ordusundan qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə istifadə etmək, transmilli dəstələrlə və narkotik ticarəti ilə mübarizə aparmaq, həmçinin qanunsuz miqrantların kütləvi deportasiyasını həyata keçirmək niyyətindədir. Yeni prezident Oval ofisdə eyni zamanda qanuni statusu olmayan miqrantların yeni doğulmuş övladlarına vətəndaşlığın verilməsinin dayandırılmasına dair də fərman imzalayıb.

İkinci sənəd isə ABŞ-nin ÜST-dən imtinasıdır. ABŞ ÜST-ün COVID-19 pandemiyası ilə mübarizəsinin düzgün aparılmamasına etiraz olaraq bu addımı atıb. Əlavə edək ki, Tramp ilk prezidentliyi dövründə, pandemiyanın hökm sürdüyü 2020-ci ildə o, ÜST-dən çıxmaq prosesinə başlamışdı.


Qarşılıqlı inam və etimada əsaslanan ABŞ-Azərbaycan münasibətləri 


Ümumiyyətlə, bu gün dünya xalqları ABŞ-yə inanmır və bu ölkəni qarışıqlıq, təcavüz, böhran, faciə, siyasi və iqtisadi kataklizmlər ixrac edən bir mərkəz kimi qiymətləndirirlər. 

Bu, Bayden administrasiyasının və E.Blinkenin son 5 ildəki fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət həm Amerika, həm onun dünyada imici üçün çox baha başa gəlib və iqtidarı qazanmış Donald Trampın işini xeyli ağırlaşdırıb.

Bayden administrasiyası, Blinken tarixdə qalacaqlar. Amma dünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadi kataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın və onun dünya xalqları üçün acı nəticələrinin müəllifləri,  riyakarlıq və xəyanət nümunələri kimi…

Donald Trampın yeni mesajları isə onu deməyə əsas verir ki, ABŞ siyasi kursunda dəyişikliklər olacaq. Ağ Evin yeni rəhbərinin dövründə əvvəlki prezidentliyi zamanında olduğu kimi müharibələr alovlanmayacaq, əksinə, onların sayı azalacaq. 

Onu da vurğulayaq ki, Donald Trampın əvəlki hakimiyyəti dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər fərqli olub. Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib. Bunu ötən ilin noyabr ayının 25-də Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbə münasibəti ilə Donald Trampa vurduğu telefon zəngi zamanı liderlərin danışığında eşitmişik. İlham Əliyev seçkilərdə inamlı qələbənin Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdi ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirmişdi. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulamışdı.

Yanvarın 21-də Azərbaycan Prezidenti ABŞ-nin 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə D.Trampa ünvanladığı məktubda da bir daha əminliyini bildirib ki, onun gələcək fəaliyyəti dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq. İlham Əliyev ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirib, ölkəmizin enerji siyasətinə Donald Trampın verdiyi daimi dəstəyi xüsusi vurğulayıb: "İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir".

Göründüyü kimi, Azərbaycanla ABŞ, İlham Əliyevlə D.Tramp arasında münasibətlər səmimi və sıx xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

08:15
22 Yanvar

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

08:10
22 Yanvar

Donald Tramp yeni hədəfləri açıqladı

08:05
22 Yanvar

Tarixin sınağından çıxmış strateji münasibətlər

08:00
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!