İşğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin edilməsi sahəsində proqramlar daim genişləndirilir və həmin proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə keçirilən növbəti görüşdə bildirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “AzərEnerji” ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, "Nort Vest Konstrakşn" MMC və "AZVİRT" MMC -nin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli işğaldan azad olunan bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatı sahəsində aparılan işləri qeyd edib. Həmin vətəndaşlar hələ köçürülməzdən əvvəl onlarla görüşlər keçirilərək məşğulluq imkanlarının qiymətləndirildiyi, köçürüldükdən sonra məşğulluq proqramlarına (işədüzəltmə, özünüməşğulluq proqramı, peşə hazırlığı və s.) cəlb olunduqları bildirilib.
Görüşdə işğaldan azad edilən bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.