27 Dekabr 2025 08:10
143
SİYASƏT
A- A+
Qlobal nüfuzun təzahürü

Qlobal nüfuzun təzahürü


Dünya liderlərinin təbrikləri Prezident İlham Əliyevə göstərilən yüksək beynəlxalq etimadın göstəricisidir 


Güclü siyasi iradəyə, çevik liderlik bacarığına, dəmir məntiqə və beynəlxalq nüfuza malik Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü inkişaf strategiyası  Azərbaycanı son 22 il ərzində regionun liderinə, dünyanın diqqətlə izlədiyi qüdrətli ölkəyə çevirib. Dövlətimizin rəhbəri İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarlar və ortaya qoyduğu prinsipial mövqe sayəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib və indi uzun illər işğal altında qalaraq talana, dağıntılara məruz qalan Qarabağ və Şərqi Zəngəzurda dirçəliş və quruculuq zəfərləri yaşanır, "Böyük qayıdış" proqramı uğurla icra edilir. 

Xalqımıza əbədi olaraq bütöv və qüdrətli Azərbaycan qazandıran Prezident İlham Əliyev beynəlxalq aləmdə etibarlı tərəfdaş, yüksək nüfuza malik dövlət başçısı kimi tanınır. Azərbaycan liderinin sərgilədiyi siyasi iradə, prinsipial mövqe və qətiyyətli qərarlar beynəlxalq ictimaiyyət tərəfindən etimadla qarşılanır və təqdir olunur. Doğum günü münasibətilə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin ünvanladıqları təbrik məktubları və müraciətlər də Prezident İlham Əliyevə göstərilən yüksək etimadın və hörmətin növbəti təzahürü kimi qiymətləndirilməlidir. 

Dövlətimizin rəhbərinə ünvanlanan bu təbriklərdə Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, müdrik və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycanın keçdiyi yüksək inkişaf yolu xüsusi vurğulanır. 

Eyni zamanda bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq onu doğum günü münasibətilə şəxsən təbrik ediblər, ölkəmizə rifah və tərəqqi arzularını çatdırıblar. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayev, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Serbiya Prezidenti Aleksandar Vuçiç, Rusiya Prezidenti Vladimir Putin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, İran Prezidenti Məsud Pezeşkian doğum günü münasibətilə Prezident İlham Əliyevə zəng vuraraq ona səmimi təbriklərini çatdırıblar. 


S.CİNPİN: "Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm"


Tarixi dostluq münasibətlərinə malik olan Azərbaycan və Çin arasındakı əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Pekinlə münasibətlərə xüsusi əhəmiyyət verən və yürütdüyü məqsədyönlü siyasət nəticəsində yerləşdiyi strateji coğrafi bölgəni nəqliyyat, enerji qovşağına çevirən Azərbaycanla hərtərəfli əlaqələr qurmağa dünyanın nəhəng siyasi və iqtisadi güc mərkəzi Çin də böyük maraq göstərir. İki ölkə liderləri İlham Əliyev və Si Cinpin arasındakı qarşılıqlı etimada dayanan səmimi dostluq münasibətləri Azərbaycan-Çin əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlıqlarının dərinləşməsinə əhəmiyyətli töhfələr verir.

Dekabrın 19-da ad günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Çin Xalq Respublikasının Sədri Si Cinpin bu mühüm məqama vurğu edərək yazır: "Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır".

Çin lideri qeyd edir : "Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük, əldə etdiyimiz mühüm razılaşmalar səmərəli və hərtərəfli şəkildə həyata keçirilir.

Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Hər iki ölkənin xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqda yeni nəticələr əldə etmək üçün Sizinlə birlikdə çalışmağa hazıram".


R.T.ƏRDOÜAN: "Can Azərbaycanın davamlı şəkildə güclənməsi bizim üçün qürur mənbəyidir"


Təməl gücünü ortaq tarixi köklərimizdən, gündən-günə inkişaf edən qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan birliyi dünya üçün unikal nümunədir.  İki qardaş ölkə arasındakı əzəli əlaqələr dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri sayəsində daha da  inkişaf edir və möhkəmlənir. 

Hər zaman Prezident İlham Əliyevə "Əziz qardaşım" deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan liderinə yazdığı təbrik məktubunda vurğulayır: "Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsi, regional və beynəlxalq siyasətdə nüfuzunun artması bizim üçün böyük məmnunluq və qürur mənbəyidir".

Türkiyə Prezidenti daha sonra yazır: "Beşinci ildönümünü birlikdə qeyd etdiyimiz şanlı Vətən müharibəsi Zəfərindən sonra həyata keçirilən sülh prosesinin davamlı bir razılaşma ilə nəticələnməsini arzu etdiyimi bir daha vurğulamaq istəyirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun inkişafına xidmət edəcəkdir".

Təbrik məktubunda R.T.Ərdoğan "Türkiyə və Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklərə malik qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu "Bir millət, iki dövlət" prinsipi ilə hər gün daha da güclənir.  Möhkəm təməllər üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və hər sahədə nümayiş etdirdiyimiz yüksəksəviyyəli əməkdaşlıq sayəsində regionumuzun taleyini və gələcəyini formalaşdıran birgə layihələrimizi həyata keçirmək üçün güclü iradəyə malik olduğumuz birmənalıdır", - deyə qeyd edir.


V.PUTİN: "Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir"


Azərbaycan ilə Rusiya arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur və iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Prezidenti Vladimir Putin  dekabrın 24-də doğum günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirir: "Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir. Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir".


V.ORBAN: "Zati-alinizin şəxsi töhfələri sayəsində xalqlarımız arasında münasibətlərdə yeni bir dövr başlanmışdır"


Macarıstanın Baş naziri Viktor Orbanın dekabrın 24-də Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda iki qardaş və dost ölkə arasında olan etimada və güvənə dayanan yüksək münasibətlərdən söz açılır: "Macarıstanın həm sülh dövründə, həm də son onilliklərdəki böhran dövründə Azərbaycana güvənə bilməsinə görə minnətdarlığımı bildirirəm. İkitərəfli münasibətlərimiz ildən-ilə daha da güclənməkdə davam edir. Əməkdaşlığımız genişlənərək bir çox əsas sahəni, xüsusilə də enerji sektorunu əhatə edir. Zati-alinizin şəxsi töhfələri sayəsində xalqlarımız arasında münasibətlərdə yeni bir dövr başlanmışdır və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istərdim ki, hökumətim tərəfdaşlığımızın dərinləşməsinə və xalqlarımızın ortaq maraqlarının irəliləməsinə sadiqdir". 

Qazaxıstan Prezidenti Kasım-Æomart Tokayev Prezident İlham Əliyevə göndərdiyi 23 dekabr tarixli təbrik məktubunda yazır: "Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər. Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir".

Ukraynanın Prezidenti Volodimir Zelenski 19 dekabr tarixli məktubunda Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycanın müasir və uğurlu bir dövlətə çevrildiyini, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olduğunu qeyd edir: "Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm".


Ş.MİRZİYOYEV: "Sizi beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yüksək qiymətləndiririk"


Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi təbrik məktubunda başa çatmaqda olan ilə nəzər saldıqda ikitərəfli münasibətlərin müsbət inkişafından böyük məmnunluq duyduğunu bildirir: "Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir. Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı".

Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev ölkəmizin rəhbərinə ünvanladığı təbrik məktubunda yazır: "Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk".

Ş.Mirziyoyev əlavə edir: "İdarəçilik sahəsindəki zəngin bilik və təcrübəniz, uzaqgörən, müdrik və səmərəli siyasətiniz nəticəsində doğma Vətəninizin təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib ki, bütün bunlar bizi sonsuz dərəcədə sevindirir.

Bu məqamda Sizin irəli sürdüyünüz mühüm regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən geniş dəstək görməsini də xüsusi vurğulamaq istərdim".

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov təbrik məktubunda vurğulayır: "Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb". 

Qırğızıstan Prezidenti Sadır Æaparov Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazır: "Sizin rəhbərliyinizlə qardaş Azərbaycan Respublikası siyasi və iqtisadi inkişafda böyük uğurlara nail olmuş və beynəlxalq aləmdə xüsusi nüfuz qazanmışdır".

Bolqarıstan Prezidenti Rumen Radev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Xorvatiya Prezidenti Zoran Milanoviç, Tacikistan Prezidenti Emoməli Rəhmon, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili, İordaniyanın Kralı II Abdullah, Moldova Prezidenti Maya Sandu, Slovakiya Prezidenti Peter Pelleqrini doğum günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları göndəriblər. 

Həmçinin ölkəmizin rəhbərinə beynəlxalq təşkilatların rəhbərləri, tanınmış xadimlər təbriklərini çatdıraraq ən xoş arzularını bildiriblər.

Dövlət və hökumət başçılarının, nüfuzlu təşkilatların rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin doğum günü münasibətilə Prezident İlham Əliyevə ünvanladıqları çoxsaylı təbrik məktubları Azərbaycan liderinə göstərilən beynəlxalq etimadın və qlobal  nüfuzun təzahürüdür. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!