2019-2020–ci tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümumi təhsil müəssisələrinin X-XI sinif şagirdləri üçün “Peşə təmayüllü siniflər” fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Samuxda 4 ümumi təhsil müəssisəsində - Nizami Gəncəvi adına Sərkar kənd tam orta, Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta, İnstitut qəsəbə tam orta ümumtəhsil və Həsən bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəblərində belə siniflər mövcuddur. Sözügedən məktəblərdəki peşə təmayüllü siniflərdə, ümumilikdə, 115 şagird təhsil alır.
Çobanabdallı kənd tam orta məktəbində peşə təmayüllü siniflərin qrup rəhbəri Gülşən Yusifova bildirib ki, əsas məqsəd ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Şagird 9-cu sinfi bitirdikdən sonra ərizə ilə peşə təmayüllü siniflərin yerləşdiyi məktəblərə müraciət edir. Bu siniflərdə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Şagirdlər iki il ərzində öz seçimləri əsasında iki fərqli peşə üzrə təhsil alaraq, sonda tam orta təhsil attestatı ilə yanaşı, təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli 2 sertifikat da əldə edirlər.
“Sertifikatlar ilkin əmək fəaliyyətinə başlamaq üçün əsas sənəd sayılır. Məktəbimizdə şagirdlərə 3 müəllim tərəfindən aşpaz köməkçisi, kombi-kondisioner ustasının köməkçisi, çilingər köməkçisi və dərzi köməkçisi ixtisasları tədris olunur. Tələbat yetərincədir. Siniflərdə ətraf kəndlərdən də məktəblilər var”, - deyən Gülşən Yusifovanın sözlərinə görə, peşə təmayüllü siniflərin şagirdlərinin əl işləri festivallarda, sərgi-satış yarmarkalarında sərgilənib. Satışdan əldə edilən gəlir isə şəhid ailələrinə və aztəminatlı ailələrə yönəldilib.
Məzunlar arasında artıq öz peşəsi üzrə işləyənlər və seçdikləri ixtisas üzrə fərdi iş quranlar da var. Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər də tədrisin keyfiyyətindən olduqca məmnundurlar. Onlar dərslərə böyük həvəslə yanaşırlar. Düzgün ixtisas seçiminin uğurlu karyeranın təməli olduğunu dərk edən şagirdlər, müəllimlərin təqdim etdiyi bilik və bacarıqları dərindən mənimsəməyə çalışırlar.
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Təmayüllü Siniflər üzrə Layihələr Şöbəsindən verilən məlumata görə, hazırda layihə 326 məktəbdə və pilot olaraq 1 xüsusi təhsil məktəbində 537 sinfi, 1073 ixtisas qrupu, 9000-dən çox şagirdi və 1400-dən artıq müəllim heyətini əhatə edir. Hazırda peşə təmayüllü siniflərdə 4 profil üzrə (kənd təsərrüfatı, IT, xidmət, təmir-tikinti) 16 peşə ixtisası tədris olunur. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15 faizə çatması planlaşdırılıb.