08 Yanvar 2026 09:05
1016
Mədəniyyət
A- A+
Azərbaycan dilini qorumaq borcumuzdur

Azərbaycan dilini qorumaq borcumuzdur


Ana dili bir millətin kimliyinin, mədəniyyətinin və tarixi yaddaşının qorunmasının təməl daşıdır. Hər xalqın öz dilində yaşaması, onun öz varlığını ifadə etməsi və gələcək nəsillərə öz dəyərlərini, adət-ənənələrini ötürməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ana dili təkcə ünsiyyət vasitəsi deyil, bir cəmiyyətin düşüncə tərzini, davranış qaydalarını və sosial strukturunu müəyyən edən mühüm bir elementdir. Bu səbəbdən bir xalqın dili qorunduğu zaman, eyni zamanda onun mədəniyyəti, tarixə baxışı və milli kimliyi də qorunmuş olur.

Azərbaycan dili tarixin keşməkeşlərindən keçib, çox ağır sınaqlara məruz qalıb. Məmləkətimiz müxtəlif dövrlərdə yadellilərin hücumları ilə qarşılaşıb, işğal edilib. Talanan yalnız zəngin sərvətlərimiz olmayıb. Eyni zamanda milli kimliyimizin, milli varlığımızın göstəricisi olan ana dilimizə də ögey münasibət bəslənilib, qərəzlə yanaşılıb. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi: "Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi.

Doğrudur, Azərbaycan dili əsrlər boyu müxtəlif mədəniyyətlərin təsirinə məruz qalmasına baxmayaraq, xalqımızın mənəvi ucalığını və milli bütövlüyünü təmin edən bir amil olaraq qalmağı bacarıb". Lakin dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir edib: "Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir".

Ana dilimizin saflığının qorunması və inkişafı hər zaman olduğu kimi, bu gün də ən vacib məsələlərdən biridir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər bu məsələnin əhəmiyyətini bir daha vurğulayır və dilin qorunmasının yalnız mədəni bir məsələ deyil, həm də ideoloji, sosial və siyasi bir məsuliyyət olduğunu göstərir.

Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində dilin qorunmasının yalnız mədəni bir məsələ olmadığını, həm də dövlətçiliyin, milli kimliyin və xalqın gələcəyinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, biz böyük xalqıq, 10 milyondan çoxu ancaq müstəqil Azərbaycanda yaşayır, amma dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. 

Dilimiz yalnız Azərbaycan vətəndaşlarının deyil, dünyanın hər guşəsində yaşayan azərbaycanlıların müqəddəs sərvətidir. Bu dil bizim üçün təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli ruhumuzun, tariximizin və kimliyimizin daşıyıcısıdır. Onu qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq həm xalqımızın birliyini möhkəmləndirir, həm də dövlətimizin sabahına işıq salır. 

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev vurğulayıb ki, bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Dövlət başçısı dilimizin üstünlüklərini belə ifadə edib: "Çox zəngin, çox melodik və gözəldir, təkcə ona görə yox ki, bu, bizim dilimizdir. Mən bir çox həmkarlarımdan, bir çox insanlardan eşitmişəm ki, doğrudan da, çox zəngin və gözəl dildir. Mən düşünürəm və əminəm ki, Azərbaycan xalqı bu fikirləri tamamilə bölüşür".

Tarixin ayrı-ayrı dövrlərində, müstəmləkəçilik illərində Azərbaycan xalqı bütün qadağalara, məhrumiyyətlərə rəğmən öz ana dilini qorumağı bacarıb. Bu gün isə bu dil müstəqil Azərbaycanın dövlət dilidir. "Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?". Dövlət başçısının bu sualı düşündürücü olduğu qədər də hər bir azərbaycanlıya öz məsuliyyətini xatırladır. 

Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırdığı bu fikirlər vəzifələrimizi xatırlatmaqla yanaşı, eyni zamanda dilimizi yad ünsürlərdən qorumaq üçün bizi ayıq-sayıq olmağa səsləyir: "Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış. Biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir".

Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycan dilini qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir.

Dövlət başçısı xaricdə yaşayan azərbaycanlıların da Azərbaycan dilini mükəmməl bilmələrinə böyük ehtiyac olduğunu vurğulayıb. Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəblərinin olmadığını diqqətə çatdıraraq bildirib ki, bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır: "Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır. Azərbaycanlıların yaşadıqları bütün yerlərdə onlayn Azərbaycan dili məktəbləri olmalıdır ki, bizim uşaqlarımız öz ana dillərini bilsinlər".  

Medianın əsas vəzifələrindən biri dilimizin təmizliyini və düzgün istifadəsini təmin etməkdir. Televiziya, radio, qəzet və onlayn media vasitələri efirdə və yazılı mətndə xarici sözlərin həddindən artıq istifadəsinə yol verməməli, Azərbaycan dilinin zəngin leksikasını və ədəbi normalarını qorumağa xidmət etməlidir. Medianın təqdim etdiyi materiallar ictimai tərbiyə, informasiya mənbəyi olduğundan, dilin düzgün istifadəsi milli kimliyimizin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Təəssüf ki, bu gün bir sıra televiziya və radiolar bu mühüm amili nəzərə almır.

Prezident İlham Əliyev qeyd etdi ki, burada jurnalistlərdən çox şey asılıdır: "Çünki, necə deyərlər, efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər". Dövlət başçısı ziyalılarımızın, şairlərimizin, yazıçılarımızın da sözünə böyük ehtiyac olduğunu vurğulayıb.

Qeyd etdiyimiz kimi, dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində dilimizlə bağlı bütün vacib məqamlara toxunub. Bu müsahibə hər bir azərbaycanlının diqqətinə çatdırıb ki, Azərbaycan dili xalqımızın kimliyini, mədəniyyətini və tarixi yaddaşını qoruyan əsas amildir. Onun təmizliyi və zənginliyi yalnız dövlətin deyil, hər bir vətəndaşın vəzifəsidir. Ana dilimizi qorumaqla biz həm milli ruhumuzu möhkəmləndirir, həm də gələcək nəsillərə öz dəyərlərimizi, adət-ənənələrimizi çatdırırıq. Xarici kəlmələrdən uzaq olaraq Azərbaycan dilini düzgün və zəngin ifadələrlə istifadə etmək hər birimizin məsuliyyətidir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik  

14:01
20 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

13:58
20 Yanvar

Türkiyə Müdafiə Nazirliyi: Azərbaycan xalqının ağrısını bölüşürük  

13:47
20 Yanvar

Sabah yağıntılar tədricən kəsiləcək  

13:34
20 Yanvar

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:33
20 Yanvar

BMT-Habitat eksperti: Yaşıl memarlıq Azərbaycanda şəhərlərin inkişafının getdikcə daha mühüm tərkib hissəsinə çevrilir 

13:29
20 Yanvar

Ümumxalq Hüzn Günü ilə əlaqədar ETSN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

13:28
20 Yanvar

Dini konfessiyaların rəhbərləri və din xadimləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər  

13:23
20 Yanvar

Türk ekspert: 20 Yanvar Azərbaycan xalqının müstəqilliyə gedən yolunda qanlı, lakin həlledici dönüş nöqtəsidir  

13:17
20 Yanvar

Laçında 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram 

13:12
20 Yanvar

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:11
20 Yanvar

Gürcüstan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub  

13:08
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!