02 Aprel 2026 09:10
150
Mədəniyyət
A- A+
Sınmayan ömrün acı hekayəsi

Sınmayan ömrün acı hekayəsi


18 illik sürgündən dönən Ağası Məmmədova Vətən yeni həyatın qapısını açdı


Zaman o zaman idi ki, 1930-cu illərin  repressiya kabusu Azərbaycanda  az qala hər evə, hər küçəyə sızmışdı.  NKVD-nin (Daxili İşlər Xalq Komissarlığı)   yatmadığı, gözünü qırpmadığı  gecələrin acı küləyi  demək olar ki, Azərbaycanda çox böyük sürətlə əsirdi. İnsanlar qorxu içində idilər. Hər kəsin dilində "bircə bu külək mənim qapımı çırpmasın, İlahi" duası var idi...

NKVD 1934-1946-cı illərdə SSRİ-də dövlət təhlükəsizliyini, polis sistemini və həbs düşərgələrini (QULAQ) idarə edən mərkəzi orqan idi. 24 saat günahkar axtarırdı ki, sürgünə göndərsin, ya da güllələsin. Gecənin dərin sükutunda qara paltarlı, üzləri bilinməyən, gündüz işığından qorxan NKVD əməkdaşları gedər-gəlməzə göndərdikləri insanları yuxudan oyadırdılar. Maskalıların  addımları ağır, baxışları zülmət gecə kimi dərin və dibsiz idi. Belə  vahiməli  və qorxulu gecələrin birində Ağası Məmmədovun evinin qapısı  döyüldü. Qapının arxasında  o öz ürəyinin  döyüntüsünü eşidərək qaranlıq otaqda dayanmış, gələcəkdən xəbərsiz, yalnız qorxu və gözləmə arasında ilişib qalmışdı. "Mən niyə, günahım nədi?" sualını verməyə gücü çatmadı, qorxdu. Maskalılar  soyuq, sərt bir əllə onun qolundan yapışdılar, heç bir açıqlama vermədən qapıdan çıxarıb gecənin qaranlığında yoxa çıxdılar. 

Və beləcə... 36 yaşlı  cavan bir alimin taleyi qara paltarlı  qara  adamların qaranlıq  kölgəsində itdi. Sükut və qorxu onun həyatına möhür vurdu, geriyə yalnız xatirələrdə titrəyən bir boşluq qaldı. Gecənin sükutu içində gələn o ağır addımlar, sərt səslər, amiranə deyilmiş "bizimlə gedirsən"  sözləri evin divarlarına hopdu. Onlar gedəndən sonra Ağası Məmmədovun həyat yoldaşı Şəfiqə xanım pəncərənin kənarında dayanıb uzun zaman boş küçəyə baxdı. Qaranlığın içində itən, gecə kimi qara maşının vahiməli səsi bir ömür Şəfiqə Qiyasbəylinin qulaqlarından getmədi...

İnsanların ucadan danışmağa cürət etmədiyi o qorxulu gecənin arxasında isə artıq çoxdan yazılmış bir ssenari dayanırdı. İstintaqın qaranlıq otaqlarında kağız üzərində qurulan saxta ittihamlar, zorla alınan ifadələr və əvvəlcədən hazırlanmış qərarlar onun taleyini müəyyənləşdirmişdi. Nə müdafiə üçün sözə, nə də ədalət üçün ümidə yer qalmışdı. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası  onu əks-inqilabçı fəaliyyətdə, pantürkizmdə və terrorçuluqda günahlandıraraq güllələnməsi barədə hökm çıxardı. Ağası Məmmədovun taleyinə vurulan düyün Tanrı yazısı idi, yoxsa talesizlik? Bu, şübhəsiz, ədalətsiz, dinsiz, Allahsız bir hökm idi. Hər kəsə gün kimi aydın idi ki, taleyinə zərbə vuran  bu haqsız  cəza onun bəy oğlu olmasından irəli gəlirdi. Amma şans deyilən bir yazı var ki, o da Ağası Məmmədovun haqqında verilən qərara "yazılıbmış". Baş Prokurorluğun məsul işçisi Abdulkərim Məlikovun  müdaxiləsi onun işinin ayrıca icraata götürülməsinə və hökmün yumşaldılmasına yol açdı. Nəticədə Ağası Məmmədov 1938-ci ilin payızında güllələnməkdən xilas oldu və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Onda 1938-ci ilin apreli idi...

Kim idi Ağası Məmmədov? O, 1902-ci dekabrin 24-də  Göyçay qəzasının sakit və mənzərəli Potu kəndində bəy ailəsində  doğulmuşdu. Atası İsmayıl bəy varlı mülkədar idi. Ailənin yaddaşında qorunub saxlanılan şəcərəyə görə, onların soykökü XVIII əsrin ortalarında Osmanlı ordusunda xidmət edən bir türk  zabitinin  həyat yolu ilə başlanırdı. Həmin  zabit Gəncəyə gəlmiş, sonra isə Potu kəndində torpaq alaraq burada kök salmışdı. Maraqlıdır ki, 1918-ci ildə iş elə gətirib ki, 20 yaşlı  Ağası Məmmədov Qafqaz İslam Ordusunun komandanı  Nuru Paşanı Şamaxıda ilk qarşılayan vəzifəli şəxslərdən olub. 

Ağası Məmmədov orta təhsilini Göyçay şəhər məktəbində alıb. Gənc yaşlarından ictimai-siyasi proseslərə maraq göstərib və 18 yaşında Kommunist Partiyasına daxil olub. Göyçay qəzasında inqilabi işlərlə məşğul olmağa başlayıb. Bir kommunist kimi öz ideallarına sadiq qalıb, partiya işində fəal iştirak edərək həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını artırmağa çalışıb. Ona görə də partiya xətti ilə təhsilini davam etdirmək üçün müxtəlif ali təhsil ocaqlarına  oxumağa göndərilib. 1922-ci ildə Bakı şəhərində universitetin Tarix fakültəsinə qəbul olub, 1923-cü ildən isə paralel şəkildə partiya məktəbində təhsilini davam etdirib. 

Hər iki təhsil ona təkcə ideoloji maarifləndirmə deyil, həm də geniş dünyagörüşünün formalaşmasına yönəlmiş zəngin təcrübə qazandırıb. 1925-ci ildə seçilmiş dinləyicilər qrupunun tərkibində Moskva şəhərinə -  Qırmızı Professorlar İnstitutuna  (QPİ) göndərilib. O dövrün nüfuzlu ideoloji-tədris müəssisələrindən biri sayılan bu institutda fəlsəfə ixtisası üzrə  üç il təhsil alıb. QPİ partiyanın ən yüksək ideoloji kadrlarının və universitetlərdə ictimai elmlər üzrə müəllimlər hazırlayan xüsusi ali təhsil müəssisəsi idi. Təhsil illəri yalnız onun elmi və ideoloji hazırlığını gücləndirməklə kifayətlənməyib, eyni zamanda dövrün tanınmış şəxsiyyətləri ilə əlaqələrinin yaranmasına da zəmin yaradıb. Bu baxımdan onun Xalq Maarif Komissarı Məmməd Cuvarlı ilə qurduğu dostluq münasibətləri xüsusi əhəmiyyət kəsb edirdi. O Cuvarlı ki, haqq söz dediyinə görə   Mircəfər Bağırovun  qəzəbinə gələrək, 1937-ci il  oktyabrın 13-də  "antisovet-trotskiçi təşkilatın fəal üzvü" damğası ilə güllələnib.

QPİ-də təhsilini uğurla başa vurub, elmi dərəcə alaraq yenidən Bakı şəhərinə qayıdır. Burada o, bir sıra ali təhsil müəssisələrində dərs deyir, eyni zamanda respublikanın qəzet və jurnallarında dərc olunan məqalələri ilə ictimai fikrə təsir göstərirdi.  Həyatının bu dövrü yalnız elmi-pedaqoji fəaliyyətlə deyil, həm də şəxsi həyatında mühüm dəyişikliklə yadda qaldı, Şəfiqə Mahmud qızı Qiyasbəyli ilə ailə qurdu.  Lakin onun fəaliyyəti yalnız auditoriyalar və elmi müzakirələrlə məhdudlaşmadı. 1920-ci illərin sonlarında partiya işi onu yenidən fəal siyasi mühitə çəkdi.  Bu cavan oğlan qısa müddət ərzində Nuxa (Şəki), Zaqatala və Sabirabad kimi bölgələrdə rayon komitələrinin katibi kimi çalışaraq mürəkkəb və ziddiyyətli bir dövrün məsuliyyətini öz üzərinə götürdü. Kənd rayonlarında banditizmə qarşı mübarizədə iştirakı isə onun yalnız nəzəri deyil, həm də əməli fəaliyyətə hazır bir kommunist olduğunu göstərirdi. 

1930-cu illərin əvvəllərindən etibarən fəaliyyətini yenidən pedaqoji sahə üzərində cəmləşdirdi. Fəlsəfə professoru kimi müxtəlif ali məktəblərdə tələbələrə, partiya işçilərinə və hərbi-komandir heyətinə mühazirələr oxuyur, öz bilik və dünyagörüşünü yeni nəslə ötürürdü. Nə yazıq ki,  Ağası Məmmədovun həyatının bu məhsuldar və yaradıcılıqla zəngin dövrü uzun sürmədi. Dövrün sərt və ziddiyyətli siyasi mühiti, xüsusilə repressiya dalğaları onun taleyindən də yan keçmədi. Bütün elmi-pedaqoji fəaliyyəti və xidmətlərinə baxmayaraq, ona "xalq düşməni" damğası vuruldu. Bu ədalətsiz ittiham Ağası Məmmədovun həyatında faciəli bir mərhələnin başlanğıcına çevrildi.

Cəzasını  Solikamsk şəhərinin yaxınlığındakı düşərgədə amansız və sərt iqlimin soyuğu altında, heç bir sinfə aid olmayan məhbusların arasında çəkdi. Solikamsk Perm diyarının şimalında yerləşən soyuq və sərt iqlimli bir şəhər idi. 1930-1940-cı illərdə burada fəaliyyət göstərən həbs düşərgələri əsasən duz mədənləri və sənaye obyektləri ilə bağlı idi. Məhbuslar burada ağır fiziki işlər görməyə məcbur edilirdilər. Düşərgə həyatının gündəlik ritmi sərt və monoton idi. Məhbuslar səhər saatlarından başlayaraq mədənlərdə işləyir, infrastruktur layihələrində çalışır və axşam gecə saatlarına qədər fiziki əmək sərf edirdilər. Qida rasionu məhdud və çox zaman yetərsiz idi, tibbi xidmət isə demək olar ki, mövcud deyildi. Soyuq iqlim və ağır iş şəraiti bir çox məhbusun sağlamlığına mənfi təsir göstərirdi.  Burada Ağası Məmmədovun  hər günü  ağır zəhmət və iztirab içində keçirdi, ümid isə həmişə zəif bir işıq kimi ürəyində yanırdı. 1946-cı ildə həbs müddəti başa çatmamış Komi-Perm Muxtar Vilayətinin uzaq bir kəndində sərbəst məskunlaşmağa buraxıldı, amma azadlıq ona tam olaraq gerçək  rahatlıq hissini verməmişdi.

1950-ci ildə qardaşının vəsatəti ilə Türkmənistanın Qasan-Kuli qəsəbəsində yeni bir həyat qurmaq üçün yola düşdü. Lakin 1952-ci ildə taleyin amansız qaranlığı yenidən üzünü göstərdi. Ağası Məmmədov həbs edildi və Krasnoyarsk diyarına sürgün olundu. Yalnız üç il sonra 1955-ci ildə Türkmənistana qayıda bildi, amma keçirdiyi əzab və iztirablar ruhunda dərin bir iz buraxmışdı. 1956-cı ildə  bəraət alması və Kommunist Partiyasına bərpa edilməsi taleyində yeni bir mərhələnin başlanğıcı oldu. 18 illik məhrumiyyətdən sonra  vətənə döndü. Vətən onu qoynuna aldı, Bakının mərkəzində mənzillə təmin olundu. Həmin ev  vaxtilə Mircəfər Bağırovun sağ əli olaraq  "qılıncının dalı da, qabağı da kəsən" daxili işlər xalq komissarı Ağasəlim Atakişiyevə məxsus idi. Taleyin ironiyasına baxın ki, Mircəfərin məhkəməsində ilk olaraq üzünə duran və Ağası Məmmədovun həbsində birbaşa rolu olan da həmin Atakişiyev idi. Şübhəsiz, bu, Ağası Məmmədov üçün taleyin qaranlıq bir döngəsi, alın yazısının dəyişməz hökmü idi.

54 yaşında Ağası Məmmədovun həyatında yeni bir səhifə açıldı. Xalq Təsərrüfatı İnstitutunda tələbələr qarşısında  mühazirə oxuyur, illərin yığılıb qalmış bilik və təcrübəsini gənc nəsillərə ötürürdü. Fəlsəfə elmləri doktoru, professor və ictimai xadim Ağası Məmmədov 1962-ci ildə  ticarət və mədəniyyət  sahəsində fəaliyyət göstərərək ölkəsinin inkişafına töhfə verdi. 1967-ci ildə ittifaq əhəmiyyətli şəxsi təqaüdçü statusu qazansa da, fəaliyyətinə ara vermədi. Mədəniyyət sahəsində yüksək vəzifədə çalışdı, daha sonra isə  "Azərkurort"un rəhbəri kimi Azərbaycanın şimalında  -  Nabrandakı istirahət zonasının yaradılmasında bütün qəlbi ilə çalışdı. 1971-ci il mayın 7-də Ağası Məmmədov dünyasını dəyişdi. 

Ozamankı sürgün və həbs təkcə hüquqi cəza deyil, həm də siyasi təzyiq və qorxu vasitəsi idi. Bu üsulla sovet hökuməti həm fərdləri cəzalandırır, həm də toplumda qorxu və itaət yaratmağa çalışırdı. Professor Ağası Məmmədovun hekayəsi həmin dövrün siyasi repressiyalarının  talelərə necə təsir etdiyini açıq şəkildə göstərir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!