13 Noyabr 2026 10:00
99
Mədəniyyət
A- A+
Bu sevginin adı nədir?

Bu sevginin adı nədir?


Sevgi elə hissdir ki, hamının ürəyində yeri var. Bir olan Allaha, Vətənə, valideynlərə, övlada və s. Bu siyahını uzatmaq da olar. Lakin məqsədimiz başqadır. Doğrusu, adını qoymağa gücüm çatmır. Odur ki, sizinlə bölüşməyi qərara aldım. 

İnsan övladı böyüdükcə onun dünyaya baxışı da dəyişir. Artıq özünə münasib bildiyi çərçivəyə sığışmır. Daha çox öyrənməyə can atır. Bu çırpınış cəlbedici olar. Lakin əzizlədiyimiz, müqəddəs bildiyimiz sevginin də saxtası çıxıb. Necə ki, qida məhsullarının saxtası çıxan kimi. Fərqi biri sağlamlığımızı, digəri kimliyimizi, milli-mənəvi dəyərlərimizi zədələməsindədir. Məsələn, özünü mədəni göstərmək üçün öz dilində danışmağı ayıb saymaq. Özlərini feminist adlandıranların ölçüyəgəlməz davranışları, utancverici sözləri böyük lövhələrə yazıb onu ayıb bilmədən şəhərdə gəzdirmək, genderi açıq-saçıq paltar kimi tərs üzünə geyinmək. Dizi cırıq şalvarla adam içində dolaşmaqdan zövq almaq, qucağındakı iti öpə-öpə şəhərdə dolaşmaq və s. Mən bunu söyləməklə heç də heyvanlara qarşı olduğumu bəyan etmək istəmirəm. Lakin sevgi o zaman gözəldir ki, o, başqalarına narahatlıq gətirməsin. Ərzaq məhsulları satılan mağazaya qucağında itlə daxil olmaq, onu sığalladığın əlin ilə müxtəlif qidalara toxunmaq başqaları üçün heç də xoş deyil. 

Hər bir canlının qayğısına qalmaq gözəl bir işdir. Bir şərtlə ki, işin şorunu çıxarmayasan. Bu it sevgisi haradan yaranıb, deyə bilmərəm. Müşahidələrimdən bu qənaətə gəlmişəm ki, həmin şəxslər çətin vəziyyətdə olan, qocalıb əldən düşmüş qonşusuna bir içim su vermək istəmir. Bir həmkarım danışdı ki, vay-şivən səsini eşidib oraya yaxınlaşdım. İtin ölüsünü taxtanın üzərinə uzadan iki qadın elə dil deyirdi ki, vallah, deməyə söz tapmadım. Kiminsə "adam ölməyib ki, nə haray salmısınız?" sözünə qadınlardan biri: "Kaş ki, adam ölərdi, it yox", - dedi. 

Küçədə gedib-gələnin hürərək üstünə şığıyan, uşaqların gününü qara edən bu heyvana olan məhəbbət məndə təəccüb doğurdu. Doğrudur, canlıya qıymaq günah sayılır. Amma o, insanların hərəkətini məhdudlaşdırır, qorxu yaradır, hətta quduzluq deyilən dəhşətli bir xəstəliyə səbəb olursa, onda necə? 

Əgər insan buna bənzər hərəkət edirsə, cəzalandırılır. Yəni itlər insandan o qədərmi dəyərlidir? Onları baranaklara yığmaq daha məqsədə müvafiq deyilmi? Artıq insanlar itlərin qorxusundan gedəcəkləri səmtləri dəyişmək məcburiyyətində qalıblar. 34 yaşlı bir xanımın it sürüsünün qurbanı olduğu yadımızdadır. Bunu sosial şəbəkələr paylaşmışdı. 

Saxta sevgi, kimisə təqlid etmək onsuz da bizə az ziyan vurmayıb. Amma hər şeyin əvvəlində insan amili dayanmalıdır. Sizin fikriniz necədir? Mənimlə razısınız?


Rəfiqə SADIQOVA,

yazıçı-jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!