13 Noyabr 2026 08:40
65
SİYASƏT
A- A+
Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 


Müasir beynəlxalq münasibətlər sistemi fundamental transformasiya mərhələsindən keçir. Qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi, mövcud təhlükəsizlik mexanizmlərinin effektivliyinin azalması, beynəlxalq iqtisadi münasibətlərdə yeni qarşılıqlı asılılıq modellərinin formalaşması, enerji və nəqliyyat-kommunikasiya marşrutlarının geosiyasi əhəmiyyətinin artması dövlətlərin beynəlxalq sistemdəki mövqeyinə yenidən baxılmasını şərtləndirir. Bu proseslər fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna xüsusi diqqət yetirmək zəruridir. Ölkəmizin son illərdə əldə etdiyi diplomatik nailiyyətlər, müxtəlif beynəlxalq təşkilatlarda və çoxtərəfli əməkdaşlıq platformalarında mövqelərinin möhkəmlənməsi, strateji tərəfdaşlıqlarının coğrafiyasının genişlənməsi, enerji və nəqliyyat təhlükəsizliyində artan əhəmiyyətli rolu bir-birindən təcrid olunmuş hadisələr deyil. Bunlar Azərbaycanın müstəqillik prinsiplərinə, milli maraqlara, qarşılıqlı faydalı əməkdaşlığa və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanan xarici siyasət strategiyasının müxtəlif istiqamətlərdə əldə etdiyi nəticələrdir.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında dedi ki,  Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini yalnız coğrafi yerləşməsi, enerji resursları və ya regional imkanları hesabına möhkəmləndirməyib. Ölkəmiz bu üstünlükləri ardıcıl siyasi fəaliyyət, iqtisadi investisiyalar, infrastruktur layihələri və fəal diplomatiya vasitəsilə real geosiyasi təsir imkanlarına çevirə bilib. "Bu baxımdan bu il Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin doqquzuncu sammiti və Azərbaycanın 2028-ci ildə bu platformanın on ikinci sammitinə evsahibliyi edəcək olması daha geniş geosiyasi kontekstdə nəzərdən keçirilməlidir. Avropa ilə əməkdaşlıq, türk dünyasında inteqrasiya proseslərində fəal iştirak, Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, islam dünyası ilə həmrəyliyin möhkəmləndirilməsi, ABŞ, Çin və digər qlobal güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı vahid xarici siyasət konsepsiyasının müxtəlif istiqamətləridir. Bu yanaşmanın mahiyyəti hər hansı geosiyasi güc mərkəzinin təsir dairəsinə daxil olmaq deyil, müxtəlif tərəfdaşlarla münasibətləri milli maraqlar əsasında inkişaf etdirmək və müstəqil qərarvermə imkanlarını qorumaqdır. Müasir beynəlxalq münasibətlərdə belə siyasətin əhəmiyyəti xüsusilə artır. Çünki qlobal rəqabətin dərinləşdiyi şəraitdə dövlətlərin xarici siyasət imkanları onların yalnız ayrı-ayrı güc mərkəzləri ilə münasibətlərindən deyil, alternativ əməkdaşlıq imkanlarının genişliyindən də asılıdır", - deyə o bildirdi.

Deputat qeyd etdi ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi nəticələr diqqətəlayiqdir. 2025-ci ildə Çinlə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanması ölkəmizin iki qlobal güc mərkəzi ilə münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir. Avropa İttifaqının on üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə və ya sazişlərin mövcudluğu Azərbaycanın Avropa istiqamətində əməkdaşlığının geniş coğrafiyasını nümayiş etdirir və burada mühüm məqam ondan ibarətdir ki, çoxvektorlu siyasət, sadəcə, coğrafi diversifikasiya deyil, bu, Azərbaycanın beynəlxalq münasibətlərdə öz siyasi iradəsini qorumaq və müxtəlif tərəfdaşlarla münasibətlərini bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurmaq imkanlarının genişlənməsidir.

Elçin Mirzəbəyli dedi ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammiti Bakıda keçiriləcək. Bu, Azərbaycanın diplomatik fəaliyyətinin coğrafi əhatəsini daha aydın nümayiş etdirir: "Azərbaycan bu platformalarda təşəbbüslərlə çıxış edir, gündəliyin formalaşmasında iştirak edir, siyasi dialoqun təşkilinə töhfə verir və öz milli maraqlarını beynəlxalq müzakirələrə çıxarır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun mühüm istiqamətlərindən biri də ölkəmizin enerji diplomatiyasıdır. Son illərdə enerji təhlükəsizliyi məsələsi Avropanın siyasi və iqtisadi gündəliyində fundamental yer tutmağa başlayıb. Enerji təchizatının etibarlılığı, mənbələrin və marşrutların diversifikasiyası, qiymət sabitliyi və infrastrukturun təhlükəsizliyi artıq yalnız iqtisadi məsələlər deyil, dövlətlərin milli təhlükəsizlik strategiyalarının tərkib hissəsidir. Azərbaycan bu proseslərdə mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Bu xüsusda, "Cənub qaz dəhlizi"nin yaradılmasını ölkəmizin enerji siyasətində strateji dönüş nöqtəsi hesab etmək olar. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrini birləşdirən, təxminən 3500 kilometr uzunluğunda olan bu infrastruktur Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarlarına çatdırılması üçün alternativ və təhlükəsiz marşrut formalaşdırıb. "Cənub qaz dəhlizi" Azərbaycanın beynəlxalq enerji sistemində iştirakını keyfiyyətcə dəyişdirərək, ölkəmizi Avropanın enerji təchizatının diversifikasiyasında nəzərə alınan strateji tərəfdaşa çevirib".

E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin getdikcə möhkəmlənməsini şərtləndirən əsas amillərdən biri də Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlardır: "Uzun illər ərzində regionda mövcud olmuş münaqişə vəziyyəti Azərbaycanın iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılmasına maneələr yaradırdı. Ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında saxlanılması regional təhlükəsizlik sisteminin formalaşmasına da ciddi təsir göstərirdi. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə regionda siyasi münasibətlərin əvvəlki məzmununu dəyişdirdi. Yeni reallıq Azərbaycanın regional təhlükəsizlik, kommunikasiya və iqtisadi əməkdaşlıq məsələlərində daha geniş təşəbbüslərlə çıxış etməsi üçün ciddi siyasi zəmin formalaşdırıb. Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir. 2026-cı ilin mayında İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin səkkizinci sammitində Azərbaycan Prezidentinin videobağlantı vasitəsilə iştirakı və həmin platformada 2028-ci il sammitinin Bakıda keçirilməsi barədə dəvətin elan olunması xüsusi siyasi məna daşıyır. Bu qərarın qəbulunda Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi regional münasibətlərdə formalaşan yeni siyasi vəziyyətin əlamətdar göstəricilərindən biri kimi diqqət çəkir". 

E.Mirzəbəyli hesab edir ki, Azərbaycanın qlobal müstəvidə mövqelərinin getdikcə gücləndiyini və dövlətimizin orta güc statusuna sahiblənməsi istiqamətində mühüm uğurlara imza atdığını daha aydın təsəvvür etmək üçün ölkəmizin 2026-2028-ci illərdə evsahibliyi edəcəyi beynəlxalq tədbirlərin siyasi əhəmiyyətini ayrıca nəzərdən keçirmək lazımdır. Çünki bu tədbirlər müxtəlif coğrafi və siyasi məkanları təmsil edən dövlətləri bir araya gətirir. 2026-cı ildə AQEM sammitinin keçirilməsi və təşkilata sədrliyin 2028-ci ilədək uzadılması, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə Görüşünün Bakıda təşkili, 2028-ci ildə isə "Avropa Siyasi Birliyi"nin sammitinin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq diplomatik fəaliyyətinin genişliyini nümayiş etdirir. Bu ardıcıllığın xüsusi geosiyasi məntiqi var. Azərbaycan, eyni zamanda Avropa, Asiya və islam dünyasının siyasi dialoq məkanlarında təmsilçilik imkanlarını genişləndirir. 

Deputat bildirdi ki, Azərbaycanın xarici siyasətinin mühüm və unikal bir xüsusiyyəti də diqqəti cəlb edir. Ölkəmiz müxtəlif geosiyasi mərkəzlər arasında seçim etmək məcburiyyətində qalmadan, öz milli maraqlarını əsas götürərək onların hər biri ilə əməkdaşlığı inkişaf etdirir. Bu, müasir beynəlxalq münasibətlərdə dövlətin strateji müstəqilliyini qoruması baxımından mühüm əhəmiyyət daşıyan bir siyasətdir. 

E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycanın bugünkü geosiyasi mövqeyi əlverişli şəraitin deyil, uzunmüddətli strateji planlaşdırmanın, müstəqil siyasi iradənin, milli maraqlara əsaslanan xarici siyasətin və ardıcıl, sistemli, nəticəyönümlü diplomatik fəaliyyətin nəticəsidir: "Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt də bu reallığın mühüm təzahürlərindən biri sayıla bilər. 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, müxtəlif geosiyasi məkanlarla qurduğu əməkdaşlığın və qlobal siyasi dialoqda genişlənən iştirakının növbəti mərhələsini təşkil edəcək. Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsas siyasi mahiyyəti ölkəmizin öz coğrafiyasını geosiyasi üstünlüyə, iqtisadi potensialını beynəlxalq tərəfdaşlıq resursuna, diplomatik fəallığını siyasi nüfuza, müstəqil xarici siyasətini isə beynəlxalq münasibətlər sistemində real təsir imkanlarına çevirə bilmək bacarığındadır. Bu, ölkəmizin müasir dünya siyasətində tutduğu mövqenin yeni məzmununu və seçilmiş strateji kursun nəticələrini xarakterizə edən əsas göstərici kimi dəyərləndirilə bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları

08:45
13 Noyabr

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

44 günün unudulmaz anları

08:00
13 Noyabr

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

04:15
13 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB 

21:01
12 Noyabr

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçubla

20:32
12 Noyabr

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb  

20:09
12 Noyabr

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  

19:51
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  

19:43
12 Noyabr

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:31
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!