Bu standart beynəlxalq iqlim əməkdaşlığı üçün mühüm təcrübə nümunəsidir
İqlim dəyişmələri hazırda dünyanın qarşısında dayanan ən ciddi problemlərdəndir. Yaranmış çətinliklərin aradan qaldırılması dövlətlərin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Məhz bu məqsədlə 1995-ci ildən bəri hər il BMT çərçivəsində keçirilən Tərəflər Konfranslarında (COP) dünya ölkələri iqlim problemlərini müzakirəyə çıxarır, ortaq qərarlar qəbul edir və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər.
Bu mənada 2024-cü ildə Azərbaycanın evsahibliyi etdiyi COP29 böyükmiqyaslı beynəlxalq görüşlərin təşkili, diplomatik əlaqələrin inkişafı və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsindən dolayı geniş təcrübə qazandı. Bu, həm də ölkəmizin beynəlxalq aləmdəki rolunu və genişmiqyaslı tədbirləri təşkil etmək imkanlarını nümayiş etdirmək üçün fürsət idi. Tədbirə hazırlıq çərçivəsində zəruri infrastrukturun yaradılması, nəqliyyat və logistika məsələlərinin təşkili, təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində xeyli iş görüldü. Konfransın yüksək səviyyədə təşkili Azərbaycanın idarəçilik təcrübəsini, təşkilati imkanlarını və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində potensialını nümayiş etdirdi.
Bakıda keçirilən qlobal tədbirin əhəmiyyəti, sadəcə, təşkilati məsələlərlə bitmədi. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin Bakıda bir araya gəlməsi qlobal problemlərin müzakirəsi və dialoqun inkişafı üçün geniş imkanlar yaratdı. Fərqli maraqların toqquşduğu iqlim danışıqlarında ortaq mövqelərin tapılması Azərbaycanın dialoq və əməkdaşlıq üçün yaratdığı şəraitin nəticəsi idi.
Tədbirin mühüm nəticələrindən biri iqlim maliyyələşməsi ilə bağlı yeni hədəfin müəyyənləşdirilməsi oldu. Danışıqlar nəticəsində inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək hər il ən azı 300 milyard dollar iqlim maliyyəsinin ayrılması barədə razılıq əldə edildi. Eyni zamanda bütün mənbələr hesabına iqlim maliyyəsinin illik 1,3 trilyon dollara çatdırılması istiqamətində səylərin artırılması razılaşdırıldı. Bununla yanaşı, Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşmanın əldə olunması karbon bazarlarının fəaliyyətinin tənzimlənməsi baxımından mühüm irəliləyiş kimi dünyanın diqqətini çəkdi. Bu qərarlar COP29-un beynəlxalq iqlim siyasətində önəmli nəticələrlə yadda qalmasını təmin etdi.
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsinin genişlənməsinə, dövlət qurumları arasında koordinasiyanın və idarəçilik imkanlarının inkişafına şərait yaratdı. Eyni zamanda tədbir Azərbaycanın qlobal məsələlərin müzakirəsində fəal iştirakını və beynəlxalq təşəbbüslərdə rolunu nümayiş etdirdi. Əldə olunan təcrübənin əhəmiyyəti isə COP29-un nəticələrini ortaya qoymaqla yanaşı, sonrakı iqlim konfransları üçün də vacib zəmin yaratdı.
Bu kontekstdə 2025-ci ildə Braziliyada keçirilən COP30-un əhəmiyyətini qeyd etməsək olmaz. COP29-da əldə olunan iqlim maliyyələşməsi razılaşmasının davamı olaraq, Azərbaycan və Braziliya sədrliklərinin birgə hazırladığı "Bakıdan Beləmə 1,3 trilyon dollar" yol xəritəsi təqdim edildi. Sənəd inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin 2035-ci ilədək illik 1,3 trilyon dollara çatdırılması istiqamətində konkret fəaliyyət yollarını müəyyənləşdirdi. Beləliklə də Bakıda müəyyənləşdirilən hədəflər Beləmdə daha geniş fəaliyyət gündəliyinə çevrildi. COP30-da diqqətin əldə olunan razılaşmaların icrasına və maliyyə imkanlarının səfərbər edilməsinə yönəldilməsi prosesin davamlılığını göstərdi.
Hazırda Türkiyənin evsahibliyi etdiyi COP31 isə bu ardıcıllığın növbəti mərhələsidir. Tədbirin diqqətçəkən xüsusiyyətlərindən biri onun fərqli idarəçilik və əməkdaşlıq modeli ilə keçirilməsidir. Belə ki, Türkiyə konfransa evsahibliyi və sədrlik edir, Avstraliya isə hökumətlərarası rəsmi iqlim danışıqlarını həyata keçirir. Bu yanaşma beynəlxalq əməkdaşlığın yeni forması kimi diqqət çəkir. Eyni zamanda COP31-ə hazırlıq prosesində Azərbaycan, Braziliya və Türkiyənin əvvəlki sədrliklər dövründə qazandıqları təcrübəni birləşdirərək əməkdaşlıq etməsi COP-lar arasında əməkdaşlığın davamına xidmət edir.
Ötən il olduğu kimi, bu gün də ölkəmiz əvvəlki COP sədrliklərinin təcrübəsini birləşdirən əməkdaşlıq mexanizminin iştirakçısı olaraq, qlobal iqlim gündəliyinin reallaşmasına dəstək göstərir. COP29 zamanı müəyyənləşdirilən prioritetlərin, xüsusilə iqlim maliyyələşməsi üzrə hədəflərin sonrakı konfranslarda da diqqət mərkəzində saxlanılması Azərbaycanın başladığı təşəbbüslərin davam etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Göründüyü kimi, COP29-un ən əhəmiyyətli tərəflərindən biri sonrakı konfranslar üçün yaratdığı təcrübə, əməkdaşlıq imkanları və davamlılıq modelidir. Bakıdan Beləmə, oradan isə Antalyaya uzanan bu proses göstərir ki, beynəlxalq iqlim əməkdaşlığı ayrı-ayrı tədbirlərlə sona çatmır, ardıcıl fəaliyyət və ortaq məsuliyyət əsasında inkişaf edir. Bu baxımdan, COP29 Azərbaycanın təşkilatçılıq və diplomatik potensialını nümayiş etdirməklə yanaşı, gələcək beynəlxalq iqlim prosesləri üçün də mühüm təcrübə nümunəsi kimi qiymətləndirilə bilər.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"