Limada 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı ölkəmizin Perudakı Səfirliyində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfirliyin birinci katibi Gültən Qafqazlı-Novruzova ölkəmizin müstəqillik mübarizəsinin qanlı səhifəsi olan, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə baş vermiş hadisələrdən danışıb. O, Qanlı Yanvar faciəsinin xalqımız üçün böyük bir kədər olmaqla yanaşı, millətimizin qəhrəmanlığı və yenilməz iradəsinin rəmzinə çevrildiyini vurğulayıb. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğının ağrı-acısının unudulmadığını deyən diplomat, şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını qeyd edib.
O, həmçinin bildirib ki, faciənin ertəsi günü Ulu Öndər Heydər Əliyev cəsarətli çıxış edərək Yanvar qırğınını törədənləri kəskin şəkildə pisləyib, onların məsuliyyətə cəlb olunmasını tələb edib.
Daha sonra ölkəmizə qarşı ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan 20 Yanvar faciəsinin və sonrakı hərbi işğal dövrünün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə sona çatdığı barədə tədbir iştirakçılarına məlumat verilib. Bununla, xalqımız və dövlətimiz üçün yeni bir dövrün başladığı qeyd edilib.
Tədbirdə çıxış edənlər arasında 1990-cı illərdə Azərbaycanda təhsil almış Luis Ricardo González Dolorier və Qabriel Sanchez Perez də yer alıb. Onlar Bakıda təhsil aldıqları dövrdə 20 Yanvar faciəsinin şahidi olduqları anlardan bəhs edərək o günlərin ağır xatirələrlə bölüşüblər.
Tədbirdə Qanlı Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Anım mərasimində Perunun Xarici İşlər Nazirliyinin nümayəndələri, Fəlakət Risklərinin Qiymətləndirilməsi, Qarşısının Alınması və Azaldılması üzrə Milli Mərkəzin müşaviri, “Perupetro” dövlət neft şirkətinin audit rəhbəri, Ali Məhkəmənin hakimi, Peruda akkreditə olunmuş bir sıra səfirlər, diplomatik korpusun digər nümayəndələri, eləcə də bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.