Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, o cümlədən müvafiq dairə seçki komissiyalarının sədr və katiblərinin də iştirakı ilə reallaşdırılan proses açıq və şəffaf şəkildə həyata keçirilib, müşahidəçilər, media nümayəndələri və maraqlı seçki subyektlərinin bülletenlərin paylanmasını yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb. Tədbir çərçivəsində media üçün brifinq də təşkil olunub, seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri, prosesin qanunauyğun təşkili və ümumiyyətlə, bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə ətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Seçki bülletenləri ilk gün – yanvarın 22-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə və respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 54 seçki dairəsinə verilir. Növbəti gün isə seçki bülletenlərinin ölkənin digər bütün seçki dairələrinə təhvil verilərək, prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.
Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 11-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6 milyon 52 min 721 seçki bülleteni çap olunub.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.