Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkili, azad, ədalətli və şəffaf keçirilməsi, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması sahəsində məntəqə seçki komissiyası üzvlərinin maariflənməsini artırmaq məqsədilə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsində treninqlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən treninqlərdə 37 məntəqədən ümumilikdə 222 nəfər iştirak edib.
Dairə Seçki Komissiyasının sədri Çingiz Dadaşov AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: “Dairədə 23 məntəqə Nəsimi, 11 məntəqə Binəqədi rayonunu, 3 məntəqə isə Biləcəri qəsəbəsini əhatə edir. Seçki günü 28 min 843 nəfər Nəsimi, 23 min 222 nəfər Binəqədi, 3 min 711 nəfər isə Biləcəri qəsəbəsində səs vermək hüququna malik olacaq. Həmin gün Nəsimi rayonunda 19 yer uğrunda 34, Binəqədidə 19 yer uğrunda 33, Biləcəri qəsəbəsində isə 17 yer uğrunda 33 namizəd bələdiyyə üzvü seçilmək üçün mübarizə aparacaq. Seçkilərin yüksək səviyyədə və tam demokratik şəraitdə keçirilməsi üçün təşkil edilən treninqləri mənimlə yanaşı, Dairə Seçki Komissiyasının katibi Telman Siyabov və komissiyanın üzvü Leyla Həşimova aparıb”.
Təlimlərdə MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilib. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilib.
Seçki məntəqələrinin 12-sində veb-kameralar quraşdırılıb. Dairədə18 yaşı tamam olan 108 nəfər seçici ilk dəfə olaraq səs verəcək. Yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 578 nəfərdir.
Dairədə məntəqə seçki komissiyasının üzvləri üçün keçirilən treninqlərə yanvarın 22-də yekun vurulub.