ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrindən idxal olunan mallara rüsumları artıracağı təqdirdə Avropa İttifaqı və Böyük Britaniya əks tədbirlər görəcək.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Brüssel Donald Trampın proteksionist siyasətə qayıdacağından və Avropa İttifaqı məhsullarına rüsumları yenidən artıracağından narahatdır.
"Avropa ABŞ-la düşmənçilikdə maraqlı deyil, lakin bu dəfə Donald Trampın ilk prezidentlik müddəti ilə müqayisədə münaqişəyə daha çox hazırdır. Brüssel və London aylardır ticarət müharibəsi ssenariləri üzərində çalışır və zərurət yaranacağı təqdirdə cavab tədbirləri hazırlayır”, - deyə nəşrin həmsöhbətləri bildirib.
Avropa rəsmiləri ümid edirlər ki, Vaşınqtonla razılıq əldə olunacaq, lakin rüsumların tətbiq olunacağı təqdirdə ABŞ məhsullarına cavab tarifləri də daxil olmaqla bütün əks tədbirlərə hazırlıq görülüb.
Qeyd edək ki, Donald Tramp Çin mallarına 10 faiz rüsum əlavə etməyi, həmçinin Meksika və Kanadadan idxal olunan bütün məhsullara 25 faizlik rüsum tətbiqini nəzərdə tutan sərəncam imzalamağı planlaşdırır. O, eyni zamanda, NATO üzvlərindən müdafiə xərclərini ümumi daxili məhsullarının 5 faizinə çatdırmalarını istəyir.
Bir müddət öncə “The Telegraph” qəzeti Donald Trampın xüsusi saziş çərçivəsində Böyük Britaniyanı idxal rüsumlarından azad edə biləcəyini yazıb. Birləşmiş Krallığın maliyyə naziri Reyçel Rivz Londonun Vaşinqtonla dialoqda azad ticarət ideyasını irəli sürməyə davam edəcəyini vurğulayıb. O, həmçinin Donald Trampın dövründə ölkələr arasında mövcud ticarət axınının davam edəcəyinə əminliyini ifadə edib.