Prezident İlham Əliyevin Rusiya KİV-nə müsahibəsi bird aha göstərdi ki, bu gün dünyada qlobal mənada Azərbaycanın dövlət başçısı kimi liderlərə ehtiyac var. Dövlət başçımıza ünvanlanan suallar isə kifayət qədər geniş və çoxşaxəli idi. Prezidentin Gürcüstan, Ukrayna-Rusiya müharibəsi, daha geniş kontekstdə götürsək, NATO-Rusiya qarşıdurması və digər məsələlərə dair dərin təhlili beynəlxalq KİV-lərin də diqqətini cəlb edib. Ümumiyyətlə, Azərbaycan Prezidentinin qlobal məsələlərlə bağlı dərin təhlili beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır. Çünki cənab Prezident problemlərin mahiyyətini yüksək və hər kəsin anlaya biləcəyi səviyyədə təhlil edir. Müsahibədə diqqət çəkən məqamlardan biri Qərbdəki qərəzli dairələrin Qafqazdakı pozucu fəaliyyəti ilə bağlı idi. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bəlli dairələr Qafqaz uğrunda döyüşə çıxıb və Ermənistanı silahlandıranların, Gürcüstanda sabitliyi pozanların məqsədi eynidir. Onların niyyəti yardım asılılığı hesabına bu regionda vəziyyətin siyasi məcradan çıxmasına nail olmaqdır.
Ermənistanın Fransa ilə münasibətləri fəallaşdırmasına və bunun bölgə üçün yaratdığı rikslərə də aydınlıq gətirən Prezident İlham Əliyev təhdidlərin kifayət qədər ciddi olduğunu bəyan etdi. Makron hökumətinin Ermənistana tədarük etdiyi öldürücü hücum silahları təbii ki, ciddi narahatlıq və dövlət başçımızın da söylədiyi kimi, praktiki təhlükə yaradır. “Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir” deyən Prezident İlham Əliyev adekvat tədbirlrin hər zaman gündəmdə olduğunu da bəyan etdi. Yəni, Ermnistan və onun havadarları nə qədər təhlükəli oyunlarla oynadıqlarını dərk etməlidirlər.
2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olması da bununla bağlıdır. Dövlət başçımızın da söylədiyi kimi, təxminən beş milyard dolların ən azı 60 faizini xərcləməyə məcburuq. Halbuki belə təhdidlər olmasaydı bu məbləğ Qarabağın bərpasına, sosial ödənişlərə xərclənərdi.
Qüvvələr balansının dəyişməsinə gəlincə, təbii ki, bu, mümkün deyil. Prezident İlham Əluyevin də söylədiyi kimi, qarşı tərəf istənilən halda bizimlə silah yarışında tab gətirməyəcək. İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri bunu deməyə əsas verir.
Sülh müqaviləsinin yubanmasına da münasibət bildirən dövlət başçımız sülh sazişi üzrə böyük irəliləyişin əldə edildiyini bildirdi. Eyni zamanda 17 maddədən ibarət sənədin razılaşdırılmayan 2 bəndinə da aydınlıq gətirdi. Məlum oldu ki, onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digəri isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Təbii ki, Konstitusiyasını dəyişmək və ATƏT-in Minsk qrupunun ləğvilə bağlı şərtlər də qüvvədədir.
Prezident İlham Əliyevin xəbərdarlıqlarından sonra Ermənistandan da reaksiyalar var. belə ki, Nikol Paşinyan ötən gün iddia edib ki, guya ölkəsi sülh müqaviləsi üzrə danışıqlarda konstruktiv iştirakını davam etdirir. Hansı konstruktivlikdən söhbət gedir, hələ ki, bəlli deyil. Bəlli olan budur ki, öldürücü silahlar almaqla, Qərbin əlində maşaya çevrilməklə sülh əldə etmək mümkün görünmür.
Könül Nurullayeva,
Milli Məclisin deputatı