Hidrometeoroloqlar bu qışın Azərbaycanda sərt keçməyəcəyini,
havanın orta temperaturunun çoxillik normaya yaxın olacağını
proqnozlaşdırırlar.
Ötən gün saat 13:20:30-da ölkəmizə daxil olan qış fəslində
yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı qeyd
edilir. Hər il olduğu kimi, bu il də Bakıda əsasən yanvar və fevral aylarında
qışın sərt üzü ilə qarşılaşa bilərik. Bu baxımdan bəzi dövrlərdə hava şəraitinin
şaxtalı və qarlı keçməsi proqnozlaşdırılır.
Təbii ki, qarlı və şaxtalı hava şəraiti xüsusən meqapolislərdə
müəyyən çətinliklər yaratmaqla hərəkəti məhdudlaşdırır. Bu baxımdan Bakıda
payız aylarından etibarən kəskin hava şəraitinə hazırlıqlar görülür.
Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər
İcra Hakimiyyətinin tapşırığına əsasən, şəhərin rayonlarında kommunal təsərrüfat
xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun
nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Müşavirələrin əsas məqsədi
isə rayon təsərrüfat xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına
hazırlığının vəziyyətinin araşdırılmasıdır.
Bu il paytaxtda qışa hazırlıqla bağlı hansı işlərin
görüldüyünü, qartəmizləyən texnikaların işləkliyi, həmçinin duz tədarükünün
hansı həcmdə olduğunu, Bakının sərt hava şəraitinə necə hazırlaşdığını Bakı Şəhər
İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və
Texniki Təchizat İdarəsinin rəisi Mübariz Hüseynovdan öyrəndik.
İdarə rəisi qəzetimizə açıqlamasında bildirdi ki, sentyabr
ayından Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda qarlı havalara
hazırlığın vəziyyəti ilə bağlı kommunal təsərrüfat xidmətləri, idarə və təşkilatların,
təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə vaxtaşırı
müşavirələr keçirilib və qışa hazırlıqla bağlı aidiyyəti üzrə hər birinə göstərişlər
verilib: "Müşavirələrdə rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar
yağmasına hazırlığının vəziyyəti araşdırılıb, görülməsi zəruri işlər müzakirə
edilib. O cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı
Departamentinin Sanitariya və Texniki Təchizat İdarəsinə xüsusi təyinatlı
texnikalar vasitəsilə Bakı şəhərinin əsas yollarının qar və buz örtüyündən duz
səpilərək təmizlənməsi və kürünməsi tapşırılıb. Həmin vaxtdan idarənin
balansında olan 60-dan çox qış texnikası təmir edilib, texniki baxışdan
keçirilib və hər biri saz vəziyyətə gətirilib. Hazırda həmin maşın və mexanizmlər
start xəttindədir".
M.Hüseynov qeyd etdi ki, müşavirələrdə əsas, köməkçi məhəllədaxili
yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib.
Rayonlardakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin
siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə,
təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara
alınıb. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o
cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin
qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraklarına
çağırış edilib.
İdarə rəisi söylədi ki, Mənzil-Kommunal Təsərrüfatı
Departamentinin Sanitariya və Texniki Təchizat İdarəsi qarlı, şaxtalı havalarda
sutkalıq növbəli iş rejimi ilə fəaliyyət göstərəcək: "Sutkalıq iş rejimində
hər bir rayon üzrə vəziyyəti nəzarətdə saxıamaq üçün işçi qrupları yaradılıb.
Xüsusi qış geyimi ilə təchiz edilmiş işçilərin hər biri təlimatlandırılıb.
Onların qalması üçün idarədə kazarmalar əvvəldən mövcud olsa da, hər biri yenidən
təmir edilərək, istilikverici aqreqatlar quraşdırılıb. Həmin operativ işçi
qruplar Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış qərargahla mütəmadi olaraq əlaqə
saxlaya bilirlər".
Hazırda kifayət qədər duz ehtiyatının olduğunu deyən
M.Hüseynov bildirdi ki, şəhərdə müəyyən olunmuş dislokasiyalar üzrə maşınlar təyin
edilib və hər bir rayon üzrə duz anbarları yaradılıb. Ərazidə işin operativ
aparılması üçün xüsusi yükləyici texnikalar duz anbarlarının yanında dayanaraq,
lazım olduğu təqdirdə yüklənərək, buz bağlamış, qar yağmış yollara duz səpirlər.
"İşimizə adətən gecə saatlarından başlayırıq ki, bununla piyadaların və nəqliyyat
vasitələrinin hərəkətinin intensivliyi pozulmasın. Beləliklə, səhərə qədər
yolları qardan təmizləyərək nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait
yaradırıq".
Verilən məlumatlara əsasən deyə bilərik ki, Bakı qışın sərt
üzünə artıq hazırdır. Amma hazırlıqla yanaşı, hərəkət iştirakçılarının da
qarlı, şaxtalı havalarda diqqətli olması və məsuliyyətli davranmaları mütləqdir.
Soyuğa, şaxtaya baxmayaraq, hər kəs kimi, Bakı sakinləri də paytaxtımızı ağ örpəyə
bürüyəcək qarın yağmasını səbirsizliklə gözləyir. Qar təmizlik, saflıq, bərəkət
rəmzidir. Yeni il ərəfəsində yağan qar isə insanlara bayram hədiyyəsi olacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"