"Yaşıl dünya naminə həmrəylik ili" başa çatmaqdadır. Azərbaycan havanı, suyu, torpağı çirkləndirməmək, ətraf mühitə zərər vurmamaq çağırışı ilə dünyanı həmrəyliyə səslədiyi bu ildə ən böyük beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti - 29-cu sessiyasına uğurla evsahibiyi etdi.
"Yaşıl enerji"yə keçiddə irəliyə doğru daha neçə addım atdıq. Bundan savayı şəhər və kəndlərimiz sözün birbaşa mənasında daha da yaşıllaşdı.
Prezident İlham Əliyevin sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdi. Bu çərçivədə yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə kimi ölkə ərazisində yeni ağaclar əkildi. Elə bir kəndimiz, elə bir şəhərimiz olmadı ki, orada çoxlu sayda ağaclar əkilməsin. Ayrı-ayrı müəssisələr, idarə və təşkilatlar ağacəkmə kampaniyaları keçirdilər. Bir çox hallarda yaxın ərazilərdə yaşayan insanlar da onlara qoşuldular. Hər yanda ağaclar əkildi - boş sahələrdə, yol kənarlarında, həyətlərdə...
Təkcə oktyabrın 18-27-si tarixlərində respublikanın 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən "Yaşıl bir dünya üçün həmrəy olaq!" şüarı altında 2401 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulmuşdu. Ölkənin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcəyi hədəflənmişdi. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla əkilən ağacların 749 mini əsasən həmişəyaşıl meşə ağacları, 692 mini dekorativ kollar, 170 mini isə meyvə ağaclarıdır. Aksiyaya hazırlıq mərhələsində yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilmiş, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülmüşdü.
Ümumiyyətlə, bu il 5 milyon ağacın əkilməsi hədəfə alınmışdı. Xatırladaq ki, 2023-cü ildə ölkədə 3 milyon ağac əkilmişdi. Bu istiqamətdə aparılan işlərin miqyası göstərir ki, cari ildə ölkəmiz az qala ikiqat yaşıllaşıb.
Bütün bunlardan əlavə, neçə yeni park, xiyaban, gül bağçası salınıb. Və bu yerdə Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışı mütləq vurğulanmalıdır. Açılışda Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin da iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.
Dövlət başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlamışdı. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - keçən ilin iyul və bu ilin iyun ayında burada görülən işlərlə tanış olmuşlar.
Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.
Əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib. Mövcud oranjereyalar əsaslı təmir olunub. Xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində, eləcə də bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Bundan əlavə, ərazidə dördmərtəbəli yeni inzibati bina tikilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb.
Burada həmçinin iki restoran fəaliyyət göstərəcək. Bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin daha bir bariz nümunəsidir.
Flora SADIQLI,
"Azərbaycan"