21 Dekabr 2024 08:45
108
Mədəniyyət
A- A+
İşıqlı məqsədlər, müqəddəs amallar yolçusu

İşıqlı məqsədlər, müqəddəs amallar yolçusu


Həyatda elə insanlar var ki, xeyirxah işləri, bilik və bacarıqları, cəsarətli əməlləri ilə çoxlarına nümunə olurlar. Belə insanlar həm sağlıqlarında, həm də dünyalarını dəyişəndən sonra daim hörmətlə anılır, ehtiramla xatırlanır. Çünki onlar xalqının tarixində mühüm rol oynayır, hansısa sahədə yeni yollar açırlar. Gələcək nəsillər isə onun açdığı yollarla gedərək daha böyük uğurlar qazanırlar. Bu uğurlara görə də həmin böyük şəxsiyyətlərə, işıqlı, nurlu insanlara minnətdar olurlar.  

Mətbuat tariximizdə böyük və silinməz izlər qoymuş Nəsir İmanquliyev də belə görkəmli şəxsiyyətlərdən biridir. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə, formalaşmasında ayrıca yeri olan Nəsir müəllim ömrünü Azərbaycan xalqının mətbuatının və mədəniyyətinin inkişafına, peşəkar, bacarıqlı jurnalist kadrlarının hazırlanmasına həsr edib. Bu yolda biliyini, bacarığını və əməyini heç vaxt əsirgəməyib. Məhz elə buna görə də işıqlı məqsədinə, müqəddəs amalına çatıb. Böyük zəhmət və əziyyəti bahasına Azərbaycan mətbuatının milli ənənələrinə qırılmaz tellərlə bağlı olan güclü, üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla, bacarıqla yerinə yetirməyə qadir olan jurnalistlika məktəbi yaradıb. Nəsir müəllimin sonsuz əziyyətlər və böyük sevgi ilə yaratdığı  məktəb bu gün də Azərbaycan mətbuatının ağırlığını yorulmaq bilmədən inamla çiyinlərində daşıyır.

Nəsir İmanquliyev hazırda Azərbaycan mətbuatında çalışan jurnalistlərin əksəriyyətinin müəllimi olub. O, illər uzunu sabahın jurnalistlərinə bünövrəsini Həsən bəy Zərdabinin qoyduğu milli mətbuatımızın dünənini öyrədib, gələcəyinin isə istiqamətini düzgün göstərib. Jurnalistikamızın qarşısında dayanan vəzifələri ətraflı izah edib, müqəddəs amallardan söz açıb. Hər bir tələbəsinin yaddaşında dərin iz salmış Nəsir İmanquliyev 50 il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyib. Ömrünün yarıdan çoxunu milli kadrların hazırlanmasına sərf edib, zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərib. Yetirmələrinin yaddaşında sevimli müəllim, xeyirxah insan kimi qalıb. 

Həyat və yaradıcılığına diqqətlə nəzər salanda görürük ki, Nəsir İmanquliyevin  ömür yolu böyük çətinliklərdən keçib. O, 1911-ci il dekabrın 22-də Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıq çağları çox keşməkeşli illərə təsadüf edib. Nəsir müəllimin  böyük jurnalistikaya gedən yolu  Bakı şəhərindəki peşə məktəbindən başlayıb. O, 1925-1926-cı illərdə burada təhsil alıb. 1934-cü ildə Bakı şəhərindəki Lassal adına Neft Texnikumuna qəbul olub. Neft Texnikumuna qəbul olsa da, sözə, ədəbiyyata olan sevgi onu mətbuata istiqamətləndirib. Taleyin onun üçün açdığı yolla inamla addımlayan Nəsir İmanquliyev 1934-cü ildən "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səsi" qəzetləri ilə sıx əlaqə saxlayıb. Jurnalistika sahəsində ilk uğurlu addımlarını atıb. Qısa müddətdən sonra bacarığı, işgüzarlığı, biliyi və ən başlıcası, müxtəlif mövzularda yazdığı bir-birindən maraqlı məqalələri ilə bu mətbu orqanların rəhbərlərinin diqqətini özünə çəkib. Yaradıcılıq keyfiyyətlərini nəzərə alaraq onu işə götürüblər. Müxtəlif dövrlərdə Nəsir müəllim qəzetlərdə ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. 

Böyük Vətən müharibəsinin davam etdiyi illərdə - 1942-ci ildə Nəsir müəllim siyasi işçi kimi Krım cəbhəsinə göndərilir.  "Döyüşən Krım" qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərir. 1943-cü ildə isə arxa cəbhədə "Kommunist" qəzetində məsul katib vəzifəsində çalışır. Müharibə başa çatandan sonra Nəsir müəllim ixtisasını daha da yüksəltmək məqsədilə 1946-cı ildə Moskvadakı xüsusi kursu uğurla bitirir. 1947-ci ildə Nəsir İmanquliyevin həyatının yeni mərhələsi başlayır. Həmin ildən o, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kafedrasında dərs deməyə başlayır. Nəsir müəllim ömrünün sonuna qədər, 1998-ci ilə kimi sevimli tələbələrinə jurnalistika ixtisasını tədris edir.

Nəsir İmanquliyev 1952-ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsində Təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışır. 1952-1956-cı illərdə isə Azərbaycan KP MK-nın Təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifəsində işləyir. 1956-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi vəzifəsində çalışır. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilir. 1958-1988-ci illərdə isə "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru olur.

Nəsir müəllim 1965-ci ildə "Böyük Vətən müharibəsi illərində (1941- 1945) Azərbaycanda sənaye və nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda mübarizədə "Kommunist" qəzetinin rolu" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1976-cı ildə isə ona "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir. 1990-cı ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülmışdür. 

Nəsir İmanquliyev 1998-ci il martın 7-də Bakı şəhərində dünyasını dəyişmişdir. Onun əziz xatirəsi sevimli tələbələrinin və tanıyanların qəlbində əbədi yaşayacaq. 

Görkəmli jurnalist, tanınmış ictimai xadim, pedaqoq Nəsir İmanquliyevin ömür yolundan bəhs edən "Mətbuat fədaisi" kitabı yazılıb. Olduqca dəyərli olan bu kitaba Nəsir İmanquliyevin ictimai-siyasi, elmi-pedaqoji, təşkilatçılıq və dövlət fəaliyyətini əks etdirən arxiv sənədləri də daxil edilib. "Mətbuat fədaisi" təkcə Nəsir İmanquliyevin deyil, bütövlükdə mətbuat tariximizin dəyərli bir parçasıdır. 

Nəsir İmanquliyevi tanıyanlar, bir zamanlar çiyin-çiyinə işləyənlər onu həmişə xoş təəssüratlarla xatırlayırlar. Biz bunu həmin insanlarla söhbət zamanı yaxından hiss etdik. Çünki onların danışığından səmimilik və doğmalıq yağırdı. Tanınmış jurnalist Dağbəyi İsmayılov sevimli müəllimini xatırlayaraq dedi ki, Nəsir İmanquliyevin həyatında rolu əvəzsizdir. Nəsir müəllim, sözün həqiqi mənasında, mənim ustadım və yol göstərənim olub. Universitetin sonuncu kursunda oxuyurduq. Artıq kimin hara, hansı mətbu orqana göndəriləcəyi məlum idi. Mənim təyinatımı "Elm və həyat" jurnalına vermişdilər. Bir gün sürücü gəldi ki, Nəsir müəllim maşında oturub səninlə görüşmək istəyir. Yaxınlaşıb salam verdim. Məni yanına dəvət edib dedi ki, otur gedək "Bakı" qəzetinə. Bir söz deməyib maşına oturdum. Redaksiyaya gələndə Nəsir müəllim məni otağına apardı. Söhbət zamanı dedi ki, sən savadlı tələbəsən, istəyirəm  bu qəzetdə işləyəsən. Mən müəllimimlə razılaşdım, amma bildirdim ki, təyinatımı "Elm və həyat" jurnalına veriblər. Dedi ki, onun problemi yoxdu, həll olunar. Ertəsi gün Nəsir müəllim məni istehsalat prosesindən reportaj hazırlamaq üçün müəssisələrdən birinə göndərdi. Gedib yazıb gətirdim. Nəsir müəllim reportajı oxuyub bəyənmədi. Məni yenidən həmin müəssisəyə göndərdi. Yenə də tapşırığını yerinə yetirdim. Bu dəfə də Nəsir müəllimin yazdığımdan xoşu gəlmədiyindən məni yenidən həmin zavoda göndərdi. Üçüncü reportajımı da hazırlayıb redaktorun yanına gəldim. Fikirləşirdim ki, yəqin Nəsir müəllim bu dəfə də yazımı bəyənməsə, məni işə götürməyəcək. Həyəcan içində onun otağına girdim. Nəsir müəllim yazımı oxuyandan sonra mənə heç nə demədi. Otağa redaktor müavinini çağırdı. Dedi ki, bu oğlanın əmrini hazırlayın. Bu gündən bizim işçidir. Yazılarına da baxmışam, qələmini bəyənmişəm. Nəsir müəllimdən bu sözləri eşidəndə ürəyim sakitləşdi, həyəcanım keçdi. Bunları deyəndən sonra mənim müəssisədən hazırladığım birinci reportajı müavinə verib dedi ki, bu onun ilk yazısıdır, səhifəyə qoyun. Deməli, Nəsir müəllim mənim birinci yazımı bəyənibmiş. Sadəcə olaraq, psixoloji vəziyyətimi,  mədəniyyətimi sınaqdan keçirirmiş. Jurnalistikada öyrəndiklərimə görə Nəsir müəllimə çox minnətdaram. Müəllimimin xatirəsi mənim qəlbimdə həmişə əziz olaraq qalacaq.

Tanınmış yazıçı-jurnalist, vətənpərvərlik mövzusunda yazdığı neçə-neçə publisistik və bədii kitabın müəllifi Zemfira Məhərrəmli 25 il Nəsir müəllimin redaktoru olduğu "Bakı" qəzetində şöbə müdiri işləyib. Zemfira xanım müəllimi və redaktoru olmuş Nəsir İmanquliyevi xoş sözlərlə xatırlayaraq dedi: 

- Nəsir müəllim yetirmələrinin yaddaşında aydın fikirli, saf əqidəli, xalqına, vətəninə ürəkdən bağlı bir ziyalı kimi qalıb. O, ustad jurnalist, əsl pedaqoq idi. Jurnalistikanın incəliklərini tələbələrinə səbirlə, təmkinlə izah edir, jurnalist etikası, mədəniyyəti, sözün dəqiq qədir-qiymətini, mizan-tərəzisini bilməyin vacibliyini aşılayırdı. Nəsir müəllim yetirmələrinə həm də inandırıcı yazmağı tövsiyə edirdi. Deyirdi ki, publisistlər dövrün salnaməsini yaradan qələm sahibləridir. Dərc olunan qəzet məqaləsinin əsas məqsədi, publisist sözünün qayəsi oxucunu nəyə isə çağırmaq və onu inandırmaqdır. Yaxşı xatirimdədir, redaktorumuz antik dövrün filosoflarından  olan Diosfendən sitat gətirərək onun "mən sizi inandıra bilsəm, dediklərimin hamısına əməl edəcəksiniz" sözlərini tez-tez diqqətə çatdırardı. Biz həmişə Nəsir müəllimi diqqətlə dinləyir və dediklərinə əməl etməyə çalışardıq.

Zemfira xanım kövrək hisslərlə Nəsir müəllimlə olan son müsahibəsindən də söz açdı. Dedi ki, "Bakı"nın 40 illik yubileyi ərəfəsində hazırlanan xüsusi buraxılış üçün qəzetin yaradıcısı və 30 il ona rəhbərlik etmiş hörmətli müəllimimiz Nəsir İmanquliyevdən müsahibə almaq mənə həvalə olunmuşdu. Vaxt itirmədən tapşırığı  yerinə yetirdim. Təəssüflər ki, müsahibə çapa hazırlanarkən ustad redaktorumuz dünyasını dəyişdi. Ömrü o günü görməyə çatmadı. İlk redaktorla son müsahibəni hazırlamaq da mənim qismətimə düşdü. 

İyirmi ildən çox "Bakı" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri işləmiş yazıçı-publisist Fazil Rəhmanzadə də Nəsir İmanquliyev haqqında xoş sözlər dedi. Bir anlıq ötən günlərə qayıdan Fazil müəllim dedi ki, həyatı da, jurnalistliyi də ustadının yaradıcısı olduğu qəzetdə işləyəndə öyrənib. Buna görə bütün ömrü boyu ona dərin minnətdarıq. Nəsir müəllim istedadlı, bacarıqlı qələm adamlarını çox sevir, onlara hörmət göstərirdi. Harada istedadlı, bilikli jurnalist görürdüsə onu qəzetə işləməyə dəvət edirdi. Onların yaradıcılığı üçün redaksiyada əlverişli şərait yaradırdı. O illərdə "Bakı" qəzetində işləyənlərin əksəriyyəti onun tələbələri olmuş jurnalistlər idi. Nəsir müəllim bir mayak kimi hamımıza düzgün yol göstərirdi. Biz də onun göstərdiyi yolla gedərək jurnalistikanın sirlərini öyrənirdik. Sevimli redaktorumuz həmişə bizə aydın, oxunaqlı, diqqətçəkən yazılar yazmağı tövsiyə edirdi. Nəsir müəllim tabeliyində olan işçilərə həm tələbkarlıqla, həm də qayğı ilə yanaşırdı. Mənim ailə qurmağımda da ustadın böyük rolu olmuşdu. Nəsir müəllim qabağa düşüb elçiliyimi də etmişdi. Toyumuzun xərcinə də kömək göstərmişdi. Bax Nəsir İmanquliyev belə bir insan idi. 

Nəsir İmanquliyevin xoş çöhrəsi xatirəyə çevrilərək yaddaşlara işıqlı məqsədlər, müqəddəs amallar yolçusu kimi hopub. Xalqına, vətəninə ürəkdən bağlı olan belə insanlar xeyirxah əməlləri, yazıb-yaratdıqları ilə əbədiyaşarlıq qazanırlar. Ömrü boyu milli mətbuatımızın inkişafı üçün çalışmış, milli ənənələrə bağlı, peşəkar  jurnalistlər nəslinin formalaşmasında böyük xidməti olmuş Nəsir İmanquliyevin adı dillərdən düşməyəcək, həmişə hörmətlə xatırlanacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB

09:17
21 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:03
21 Dekabr

"D"dən "B12"yə...

08:55
21 Dekabr

Politico: "Avropada bayram və firavanlıq günləri başa çatıb"

08:50
21 Dekabr

İşıqlı məqsədlər, müqəddəs amallar yolçusu

08:45
21 Dekabr

Milyon-milyon yaşıl ağac

08:40
21 Dekabr

Naxçıvan Sənaye Parkı ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq

08:35
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!