03 Aprel 2025 08:30
298
SİYASƏT
A- A+
Zəfərə gedən yolun başlanğıcı

Zəfərə gedən yolun başlanğıcı


2020-ci il Vətən müharibəsinə gedən yolun başlanğıcı hesab olunan Aprel döyüşlərindən 9 il ötür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan, dörd gün davam edən hərbi münaqişə zamanı Şanlı Ordumuz bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad etməklə öz gücünü, qüdrətini nümayiş etdirdi. O zaman erməni ordusunun məğlubedilməzlik mifi dağılmış, Ermənistan gerçəkləri görərək qorxuya düşmüşdü.  

Aprel döyüşlərində Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Tərtərin Qazaxlar və Suqovuşan kəndləri istiqamətindəki yolları, Cəbrayılda Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlını, Goranboyun Gülüstan kəndini düşməndən azad edərək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün hər şeyə qadir olduğunu göstərdi. Elə dörd il sonra İkinci Qarabağ müharibəsində də bunu bir daha sübut etdi.

Zəfərə gedən Aprel döyüşlərindən danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, bu döyüşlər Qarabağ münaqişəsinin həllində ən ciddi rol oynayan faktordur: "Bu döyüşlərdə Azərbaycan Ordusu peşəkar kadr potensialını, hansı gücə malik olduğunu bir daha göstərdi. Həm dağlıq, həm düzən ərazidə, quruda, havada, suda necə döyüş aparmaq lazım olduğunu bir daha dünyaya nümayiş etdirdi. Eyni zamanda Ermənistan ordusu haqqında yaradılan mif sındırıldı. Bir sıra erməni rəhbərləri güclərinin daha çox olduğunu düşünsələr də, Aprel döyüşlərindən sonra sıralarında ciddi istefalar başlandı. Korrupsiya halları üzə çıxdı, bununla bağlı yoxlamalar aparıldı, hətta hakimiyyət  dəyişikliyi baş verdi. Hakimiyyət dəyişikliyinin əsas səbəblərindən biri məhz Aprel döyüşlərində ermənilərin məğlubiyyəti idi". 

Komitə sədri qeyd edib ki, Lələtəpə yüksəkliyinin min hektarlarla ərazisinin düşməndən azad edilməsi, daha sonra həmin torpaqlarda soydaşlarımızın yaşaması üçün infrastrukturun yaradılması bir daha göstərdi ki, Azərbaycan suverenliyinə, ərazi bütövlüyünə böyük önəm verir və işğal faktı ilə heç vaxt barışmayacaq. 2016-cı ilin aprel ayının əvvəllərində baş tutan döyüşlər Azərbaycan Ordusunun mühüm qələbəsi idi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Suqovuşan istiqamətində mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi istiqamətində məntəqələr düşməndən azad edildi. Silahlı Qüvvələrimiz məğlubedilməz erməni ordusu mifini darmadağın etdi və dünyaya gücümüzü, milli kadr potensialımızı göstərə bildi. Ərazi bütövlüyümüz, hər qarış torpağımız uğrunda canını fəda etməyə hazır olan oğullarımız bu döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə  cansağlığı versin. 

Aprel döyüşləri ilə Vətən müharibəsindəki şanlı Zəfərimizin bünövrəsinin qoyulduğunu deyən A.Nağıyev bildirib ki, bu döyüşlərdəki təcrübədən irəli gələrək 2016-2020-ci illərdə Azərbaycan Ordusunda dəyişikliklər baş verdi, yeni silahlarla təchiz olunma, təlimlər, hərbi taktikanın təkmilləşdirilməsi, yeni kadr potensialının formalaşması prosesi getdi. Bu döyüşlərdə müasir müharibənin necə aparıldığını göstərə bildik. Məhz Aprel döyüşlərindən başlayan yol 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Bu hadisələrdən sonra bütün döyüşlər göstərdi ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir, torpaqlarının bir qarışını da kiməsə verəsi deyil. Tovuz hadisələrində də Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və xalqın birliyinin ən yüksək səviyyədə olduğunu gördük. Bu gün Azərbaycan xalqı bilir ki, arxasında ərazi bütövlüyünü, suverenliyini qorumağa qadir şanlı ordu dayanıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!