06 Aprel 2025 09:25
369
CƏMİYYƏT
A- A+
Xalqımız şəhidlərinin qəhrəmanlıqlarını heç vaxt unutmayacaq

Xalqımız şəhidlərinin qəhrəmanlıqlarını heç vaxt unutmayacaq


44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan Toğrul Nağıyev qısa, amma şərəfli bir ömür yolu keçib. Toğrul 8 iyun 2000-ci ildə Şəki şəhərində dünyaya göz açıb. 2005-ci ildə 2 nömrəli tam orta məktəbdə oxumağa başlayıb. 2009-cu ildən təhsilini uşaq musiqi məktəbində davam etdirib. Toğrul məktəbdə musiqinin sirlərinə də yiyələnib. 2014-cü ildə Şəki Musiqi Kollecinə qəbul olub. Dörd il bu təhsil ocağında musiqinin sirlərinə yiyələnib, mənəvi dünyasını daha da zənginləşdirib. 2018-ci ildə kolleci yüksək göstəricilərlə başa vurub. Elə həmin il yaşıdları ilə bərabər Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün ordu sıralarına yollanıb. Xidmətinin elə ilk günlərindən silahların atış qaydalarını həvəslə öyrənib. Nümunəvi xidmətilə komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanıb. 2020-ci il yanvarın 10-da hərbi xidmətini uğurla başa vuraraq alnıaçıq, başıuca doğmalarının yanına qayıdıb.

Ürəyi Vətən eşqi ilə döyünən Toğrul Nağıyev Tovuz hadisələri başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə üz tutaraq könüllü olaraq döyüşlərə getmək istədiyini bildirib. Həmin günlərdə səfərbərlik olmadığına görə arzusuna çatmayıb. 

Amma Toğrul 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda istəyinə çatıb, döyüşə gedənlərdən biri də o olub. Bu cəsur əsgər könüllülərin komandiri təyin edilib. Onun sıralarında döyüşdüyü hərbi hissənin şəxsi heyəti Tərtər-Ağdərə istiqamətinə göndərilib. Toğrul elə ilk döyüşlərdən qorxmazlığı, hünəri ilə seçilib. 

Təəssüflər ki, onun döyüş yolu qısa oldu. Oktyabrın 13-də yaxınlığına düşən mərminin partlamasından qəlpə yarası aldı. Həkimlər nə qədər cəhd göstərsələr də, onun həyatını xilas edə bilmədilər. Toğrul müdafəsinə qalxdığı, düşməndən azad etmək istədiyi torpaq uğrunda şəhidlik məqamına ucaldı. Vətən üçün döyünən ürəyi əbədi olaraq dayandı. Bu kədərli xəbər onu sevənləri sarsıtdı. Toğrul doğmalarının göz yaşları içində Şəki şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Toğrul Həsanbala oğlu Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görüldü. 

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanlar haqqında yazmaq, onları dönə-dönə xatırlamaq mənəvi borcumuzdur. Düzdür, şəhidlər haqqında yazılanlar oxucularda kədər hissləri oyadır. Amma nə qədər kədərli olsa da, onlar haqqında yazılmalı və xalqa tanıdılmalıdır. Şəhidlərin şərəf dolu ömür və döyüş yollarından yazılanlar gənclərin vətənpərvərlik hissini daha da artırır. Tarix onları heç vaxt unutmur, yaddan çıxarmır. Şəhidlik uca, uca olduğu qədər də müqəddəs zirvədir. Bu zirvəni fəth etməyə heç də hamının gücü, cəsarəti çatmır. Əsgər Toğrul Nağıyev də qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalan cəsur oğullardan biridir.


"Qəhrəman Mübariz kimi olar" 


Şəhid anası Əntiqə xanım Toğrulu belə xatırladı: 

-  Oğlum 9-cu sinfə qədər 2 saylı məktəbdə oxumuşdu. Sonra Şəki Dövlət Musiqi Kollecinə üz tutmuşdu. Gözəl musiqi duyumu olan Toğrul rəqsə də maraq göstərirdi. Pandemiya başlanandan sonra onun işləri də çətinləşmişdi. Buna görə də, fəhləlik edib çörəkpulu qazanırdı. Çox ünsiyyətcil, gülərüz oğlan idi. Heç kimin xətrinə dəyməz, özündən böyüklərin dediklərini öyüd-nəsihət kimi qəbul edərdi. Vətəni ürəkdən sevdiyini tez-tez dilinə gətirərdi. Nə zamansa Qarabağın azadlığı uğrunda müharibə başlayarsa, könüllü olaraq döyüşlərə gedəcəyini söyləyirdi. 2020-ci il sentyabrın 29-da könüllülərin getdiyi avtobusa minən Toğrulu polislər dəfələrlə: "Sənin adın siyahıda yoxdur", - deyib qabaq qapıdan düşürsələr də, o, arxa qapıdan içəri keçmişdi. Onun Qarabağa döyüşə hansı coşqu ilə getdiyini hamı görmüşdü. Toğrul ətrafındakı adamların yanında mahnı oxuya-oxuya "Biz gedirik döyüşə, Vətəni xilas etməyə, ana!" - demişdi.

Toğrulu yaxından tanıyan dostları, qohumları, bir zamanlar bu cəsur əsgərə dərs demiş, elm öyrətmiş müəllimləri onu xoş hisslərlə xatırlayaraq haqqında xoş sözlər danışdılar. Müəllimləri olmuş Namiq Nağıyev, Arif Salahov, Ramil Mahmudov, Ramil Abdulrahmanov, Şahin Salamov, Mehman Əliyev və başqaları cəsur döyüşçünü kövrək hisslərlə xatırladılar. Söhbətlərindən hiss olunurdu ki, bu kövrəklik onların çöhrələrinə də, sözlərinə də, bir-birindən dəyərli fikirlərinə də hopub. 

Şəhid anası Əntiqə xanım Toğrullu günlərindən söz açaraq deyir ki, oğlum evimizdən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklini asmışdı. Həmişə deyirdi ki, ana, əsl qəhrəman Mübariz kimi olar. Çünki o, ermənilərin üstünə kişi kimi qorxmadan təkbaşına gedib. Düşmənin neçə-neçə əsgərini məhv edib. Bax görərsən, mən də onun kimi qəhrəman olacam. Toğrul cəsur, döyüşkən olmaqla yanaşı, həm də çox istedadlı uşaq idi. Musiqiyə maraq göstərməklə yanaşı, həm də idmana gedir, güləşin sirlərini öyrənir, yarışlarda ona qələbə gətirəcək fəndlərini mənimsəyirdi. Hər işdə başqalarından fərqlənməyə çalışırdı. Tez-tez məşqə gedir, fiziki hazırlığını artırırdı. Arzusu bu idi ki, beynəlxalq idman yarışlarında erməni idmançıları ilə üz-üzə gəlsin. Onları məğlub edib Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində ucaltsın, himnimizi səsləndirsin. Təəssüflər olsun ki, oğlumun arzuları yerinə yetmədi. Toğrul Vətən uğrunda vuruşmağı hər şeydən üstün tutdu. Könüllü olaraq yurdumuzun azadlığı uğrunda gedən döyüşlərə yollandı. Nigaran qalmayım deyə vuruşduğunu da mənə bildirmirdi. Nə vaxt zəng vururdusa, deyirdi ki, hələ təlim keçirik, döyüşlərə getməmişik. Amma oktyabr ayının 13-də qapımızı kədərli xəbər döydü. Həmin gün Toğrulun iş yolaşları, müəllimləri bizə gəlmişdi. Masa arxasında oturub çay içirdik. Bir az keçmiş yaxın qohumlardan da bir-ikisi qapımızı döydü. Bu gəlişlərdən dalağım sancdı. Gələn qohumlardan biri səsi titrəyə-titrəyə: "Əntiqə, özünü toxdaq tut, xəbər veriblər ki, Toğrul yaralanıb", - dedi. Onun səsinin titrəyişindən hiss etdim ki, bu yaralanmaq məsələsi deyil. Ürəyimə damdı ki, yəqin uşağımın başında bir iş var. Təəssüflər olsun ki, ürəyimə damanlar doğru çıxdı. Çox keçmədi ki, oğlumun müharibədə şəhid olduğu xəbəri gəldi. Bu xəbər bütün varlığımı sarsıtdı, dünya-aləm başıma fırlandı. Toğrul mənim yeganə övladım idi. Aman Allah, bundan sonra onsuz necə yaşayacağam? Həyat yoldaşım Həsənbala  oğlum hərbi xidmətdə olanda dünyasını dəyişmişdi. Tək qalmaq, tənha yaşamaq mənim üçün çox çətin idi. Yeganə təskinliyim o idi ki, Toğrul canından da çox sevdiyi Vətən uğrunda şəhid olmuşdu. Oğlum Qarabağ uğrunda gedən döyüşlərdə vuruşmaq, yaddaşlarda qəhrəman kimi qalmaq istəyirdi. Artıq arzusuna çatmışdı, ölkəmizin azadlığı uğrunda gedən döyüşlərdə böyük cəsarətlə vuruşmuş və qəhrəmancasına şəhid olmuşdu.


"Onun vətənpərvərliyi diqqətimdən yayınmadı"


44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi işləmiş zabit Yalçın Sadıqov Toğrulu xatırlayaraq dedi: 

- Həmin günlərdə şöbəyə müraciət edənlər çox idi. Gənclərimizin ürəkləri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərlə döyünürdü. Yaşından asılı olmayaraq, hamı torpaqlarımızın azadlığı uğrunda vuruşmağa can atırdı. Yaxşı xatırlayıram ki, Toğrulla o gərgin günlərdə tanış olduq. Onun fəallığı, diribaşlığı, vətənpərvərliyi diqqətimdən yayınmadı. Toğrulun gözlərindən qəhrəmanlıq yağırdı. Bütün bunları nəzərə alaraq bu oğlanı könüllülərin komandiri təyin etdim. Könüllülər böyük həvəslə döyüşə yollandılar. Çox təntənəli və qürur dolu bir gün idi. Ürəklərində Vətən eşqi coşub-daşan könüllülər hamısı bir ağızdan "Qarabağ Azərbaycandır!" deyə-deyə döyüşə yola düşürdülər.


Şəhid anası oğlunun qəhrəmanlığı ilə qürur duyur


Əntiqə xanım yenə də oğlu haqqında danışır: "Övlad itkisi çəkilməz dərddir, sağalmaz yaradır. Yeganə təsəllim odur ki, Toğrul torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Buna görə də başım ucadır. Toğrul torpaqlarımızın azadlığı uğrunda son nəfəsinədək vuruşub. Döyüşüb ki, Qarabağda erməni separatçılarının kökünü kəssin, şəhidlərimizin intiqamını alsın. Oğlumun qəhrəmanlığı ilə qürur duyur və fəxr edirəm. Çünki Toğrul müqəddəs amallar uğrunda canını qurban verib. Müqəddəs amallar uğrunda şəhid olanlar isə unudulmurlar, həmişə ehtiramla xatırlanırlar. Heç vaxt yadımdan çıxmaz, cəbhəyə yola düşəndə məni qucaqlayıb dedi ki, ana, bu gün Vətəni qorumağa gedirəm. Birdən qayıtmasam, evdə tək qalmazsan, dayımgilə gedərsən. Sözlərindən pərişan olduğumu görəndə: "Ana, Vətən qorunmalıdır, döyüşə mən getməyim, o getməsin, bəs kim getsin?"- dedi. Şəhid anası kimi müharibəyə nifrət edirəm. Çünki müharibə neçə-neçə evlərin çırağını söndürür. Amma o da var ki, sönən çıraqlardan əbədi-əzəli yanacaq Zəfər məşəli alovlanır, Zəfər sevinci doğulur.

44 günlük Vətən müharibəsinə Toğrulla eyni gündə könüllü olaraq cəbhəyə yollanmış keçmiş döyüşçü, rejissor Taleh Urfansoy o günləri xatırlayaraq dedi:  

- Toğrulu çoxdan tanıyırdım, vətənpərvər oğlan idi. Tovuz hadisələri zamanı da döyüşlərə getmək, vuruşmaq istəyirdi. Amma həmin vaxtlar onun bu istəyi reallaşmadı. Erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda mən də könüllü olaraq döyüşə getdim. Toğrulla eyni gündə yola düşdük. Bizi Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərə cəlb etdilər. On gündən çox onunla çiyin-çiyinə verib torpaqlarımızın azadlığı uğrunda vuruşduq. Təəssüflər olsun ki, əsgər dostumuzu çox tez itirdik. Toğrulun şəhid olduğu hamımızı kədərləndirdi, eyni zamanda qəzəbləndirdi, qisas hissimizi daha da artırdı. Gərgin döyüşlərdən sonra erməni qəsbkarlarını addım-addım geri sıxışdırdıq. Güclü əks-hücumlarımız qarşısında dayana bilməyən erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. Şəhidlərin intiqamını düşmənlərdən ala-ala irəliləyirdik. Zəfərlə başa çatan gərgin döyüşlərin birində mən də ağır yaralandım. Uzun müddət müalicə olundum. Təəssüflər olsun ki, yaram ağır olduğuna görə döyüşlərə qayıda bilmədim. Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında qazandığı böyük Zəfər xəbərini xəstəxanada eşitdim. Ordumuzun uğurlu döyüşləri Ermənistan silahlı qüvvələrinin darmadağın olunması ilə başa çatdı. Uğurlu döyüşlərdən sonra düşmən diz çökdürüldü. Azərbaycan xalqı çoxdan həsrətində olduğu Zəfər sevincini yaşadı. Sevincimizin hədd-hüdudu yox idi. İllərdən bəri ürəyimizdə qövr edən arzularımız çiçək açmışdı. Xalqımızın böyük sevincinə səbəb olan bu Zəfər Toğrul kimi cəsur oğulların qanı və canı bahasına qazanılmışdı. Düşmən üzərində Zəfərin qazanıldığı həmin gün şəhidlərin ruhu da şad oldu.

Qarabağ müharibəsinin Zəfərlə başa çatmasında Toğrul Nağıyev kimi cəsur oğullar böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Şəhidlərin qanı ilə qazanılmış qələbə xalqımızın yaddaşına həkk olundu. Xalqımız yaddaşımıza əbədi həkk olunmuş Zəfəri, bu Zəfər uğrunda vuruşaraq şəhid olmuş Toğrul Nağıyev kimi cəsur oğulları heç vaxt unutmayacaq, həmişə ehtiramla yad edib xatırlayacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub

22:11
13 Aprel

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub  

20:59
13 Aprel

Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar  

20:27
13 Aprel

Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır  

19:42
13 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  

19:09
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib

18:59
13 Aprel

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb

18:47
13 Aprel

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

18:32
13 Aprel

Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək  

18:13
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim  

18:03
13 Aprel

Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil  

17:39
13 Aprel

Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir  

17:16
13 Aprel

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub 

16:21
13 Aprel

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!