ABŞ Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisidir
"Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram.
Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır".
Bu səmimi fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Ağ Ev Adminstrasiyasını Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi kimi təqdim edən ABŞ-nin 47-ci prezidenti eyni zamanda İlham Əliyevin regionda həyata keçirdiyi sülh siyasətinə də öz dəstəyini nümayiş etdirib.
Ümumiyyətlə, Azərbaycan-ABŞ münasibətlərinə gəlincə, iki dövlət arasında tərəfdaşlığın 33 ildən artıq tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. İki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-də səfirliyi 6 mart 1992-ci ildə, ABŞ-nin Azərbaycanda səfirliyi isə həmin ilin 16 martında açılıb. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir.
Öncə onu vurğulayaq ki, məhz Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib. Bunu ötən ilin noyabr ayının 25-də Prezident İlham Əliyevin qələbə münasibətilə Donald Trampa etdiyi telefon zəngi zamanı liderlərin danışığında eşitmişik. İlham Əliyev seçkilərdə inamlı qələbənin Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdir ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.
Birinci prezidentlik dövründə Azərbaycan ilə ABŞ arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirmişdir. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulamışdır.
Yanvarın 21-də də Azərbaycan Prezidenti ABŞ-nin 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə D.Trampa ünvanladığı məktubda da bir daha əminliyini bildirmişdir ki, onun gələcək fəaliyyəti dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaq.
İlham Əliyev ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirmiş, ölkəmizin enerji siyasətinə Donald Trampın verdiyi daimi dəstəyi xüsusi vurğulamışdır: "İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir".
Aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinə bir daha toxunaraq son illərdəki əlaqələri dəyərləndirib. Prezident qeyd edib ki, Azərbaycan hər zaman ABŞ ilə münasibətlərin yüksək səviyyədə olmasını istəyib.
İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildə əlaqələr yeni mərhələyə qədəm qoyub. Həmin zaman ABŞ Prezidenti Corc Buş Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində çox maraqlı olub. Həmin zaman hər iki ölkə qarşılıqlı dəstəyi yüksək qiymətləndirib və ikitərəfli əlaqələrin strateji əhəmiyyətini açıq şəkildə bəyan edib. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ Administrasiyasının müraciətinə əsasən olmuşdu. Azərbaycan təkcə çox sayda hərbçiləri vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin edib. Bu, Prezident Buş Administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirilib. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da, bir qədər dəyişib.
Lakin Bayden-Blinken Administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. İlham Əliyev vurğulayıb ki, vəziyyətin bu hala gəlməsinin səbəbkarı Azərbaycan olmayıb: "Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden Administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-nin Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına "907-ci düzəliş" müvəqqəti olaraq dayandırıldı. ABŞ-nin hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken Administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi".
Dövlət başçısı deyib ki, Bayden-Blinken dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutub. Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Ötən il aprelin 5-də keçirilən görüş, qondarma "Avropa Sülh Fondu"nun silah almaq üçün Ermənistana ilk tranşını ayırması, Prezident Donald Trampın səlahiyyətlərinin icrasına başlamazdan 5 gün əvvəl ABŞ ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi və digər proseslər Bayden-Blinken Adminstrasiyasının anti-Azərbaycan addımlarının tərkib hissəsi idi.
Prezident qeyd edib ki, Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırılıb. "Washington Post", "New York Times", "Politico" və s. kimi Azərbaycana qarşı çox aqressiv olan, Prezident Trampın "feyk xəbərlər" adlandırdığı media ölkəmiz haqqında çirkin məqalələr dərc etməyə son qoyub.
Artıq Tramp Administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmasların baş tutduğunu deyən dövlət başçısı vurğulayıb ki, Tramp Administrasiyasının gündəliyi nəzərə alınsa, münasibətlərdə tərəfdaşlığı gücləndirmək üçün çox yaxşı imkan var. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyi Qoşulmama Hərəkatında güclü mövqeyə, Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş ordusu və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər: "Biz bunun olmasını istəyirik. Biz bunun baş verdiyini görürük, eyni zamanda başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik".
Göründüyü kimi, Azərbaycanla ABŞ, İlham Əliyevlə Donald Tramp arasında münasibətlər səmimi xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan belə münasibət Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Daxili çaylarda sululuq artıb
BMT-də “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilib
Azərbaycanın futzal millisi Xorvatiyaya məğlub olub
Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb
Martinikanın nümayəndəsi: Bu, müstəmləkələrin ortaq müqavimət tarixidir
Fransa Parlamentinin Bakı Təşəbbüs Qrupuna qarşı qətnaməsi qətiyyətlə pislənilib
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
“One Saint Martin” təşkilatının prezidenti: Niderland və Fransadan tam müstəqilliyimizi istəyirik
Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti: Xəstəxanalarımızda reanimasiya şöbəsi yoxdur, amma çox böyük həbsxanamız var
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazanıb
Serve Alfonsin: Fransa qaradərililərdən əvvəl heyvanları qoruyur
Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub
Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısı keçirilib YENİLƏNİB
Türkiyə nümayəndə heyəti Qarabağ Universitetində olub
Sistem əhəmiyyətli bankların müəyyən olunması üzrə yeni meyarlar təsdiqlənib
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar
Şalva Papuaşvili: Əgər imkanları olsaydı, Qərbdəki bəzi qüvvələr Gürcüstana tanklarla girərdilər
2025-2026-cı illərdə təbii qaz qiymətlərinə təsir göstərəcək amillər açıqlanıb
Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib
Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq verilib
Qarabağa həsr olunan rəsm əsərlərinin sərgisi açılıb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!