12 Aprel 2025 08:25
822
SİYASƏT
A- A+
Haqlı tələb, qətiyyətli mövqe

Haqlı tələb, qətiyyətli mövqe


Dünya növbəti dəfə Prezident İlham Əliyevin ədalətli çağırışlarına şahidlik etdi


Azərbaycan diplomatiya və xarici siyasət müstəvisində elə bir statusa yiyələnib ki, tərəfdaşlarla münasibətlər və ikitərəfli əməkdaşlıqla yanaşı, regional əlaqələrə də  xüsusi diqqət yetirir. Yeni dövrün strateji məqsədləri isə aydındır. Bu məqsədlər sırasında ölkəmizin müstəqil siyasət kursu mühüm yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forum son günlərin ən əhəmiyyətli və maraqlı yeniliklərindən oldu. Belə beynəlxalq tədbirlərə evsahibliyi etməsi, aparılan müzakirələr Azərbaycanın öz mövqelərini dünya ictimaiyyətinə təqdimatına imkan yaradır. 

"Yeni dünya nizamına doğru" mövzusunda keçirilən tədbirdə də müxtəlif ölkələrin nümayəndələri, ekspertlər, diplomatlar, akademiklər bir araya gəlmişdilər. Bu, istər siyasi, istər iqtisadi, istərsə də akademik sahədə gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır. Belə mövzular dünya miqyasında aktuallığını saxlayan və dəyişən qlobal trendlərlə bağlı məsələlərdir. Forumlar vasitəsilə iştirakçılar müxtəlif baxış bucaqlarını bölüşür, yeni konseptlər irəli sürürlər. Azərbaycan üçün prioritet olan dövlətimizin ərazi bütövlüyü, suverenliyi, regionun enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri kimi mövzular beynəlxalq gündəmdə də xüsusi yer tutur. Ona görə də belə tədbirlər müvafiq məsələlərin beynəlxalq səviyyədə daha çox dəstək qazanması baxımından faydalıdır.

Forumun ADA Universitetində keçirilməsi isə təsadüfi deyil. Bu yüksəksəviyyəli təşkilatçılıq həm universitetin beynəlxalq aləmdə nüfuzunu gücləndirir, həm də Azərbaycanı intellektual və akademik dialoqlar üçün mühüm platforma kimi təqdim edir. 


Sülh mümkündür, Ermənistan buna doğru real addımlar atsa


Müzakirələr hər zamankı kimi yenə kifayət qədər səmərəli keçdi, Azərbaycan Prezidenti İlham Əliyev təxminən üç saat ərzində ayrı-ayrı ölkələrin təmsilçilərinin ünvanladıqları sualları cavablandırdı, müxtəlif məsələlərlə bağlı dövlətimizin mövqeyini ortaya qoydu. 

Dövlətimizin başçısının suallara cavablarında ən diqqətçəkən məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra regionun inteqrasiyası Ermənistanla münasibətlərin inkişafı ilə bağlı idi. Bu məsələyə münasibətlə bağlı bir daha nəzərə çatdırıldı ki, Ermənistanla sülh prosesi və Cənubi Qafqazın inteqrasiya olunmamış vəziyyəti hazırda ön plandadır. Sülh sazişi imzalanmadıqca ciddi əməkdaşlığın baş verməsi mümkün görünməsə də, Azərbaycan qarşılıqlı etimadın artırılması üçün mərhələli və praqmatik addımlara açıqdır. Ermənistan sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü bəlli şərtləri qəbul etməlidir. Bununla belə, hazırda Ermənistanda həm aktiv, həm də passiv revanşist qruplar mövcuddur və onlar yenidən hərbi qarşıdurma riski yaratmaqdadırlar. Ermənistanın bəzi dövlətlərdən pulsuz ölümcül silahlar əldə etməsi də gələcəkdə gərginlik ehtimalını artırır. Eyni zamanda, münaqişə başa çatdığı halda Minsk qrupunun hüquqi olaraq ləğv edilməməsi meyli Ermənistanın niyyətlərinə dair suallar doğurur. Azərbaycan Prezidenti dedi: "Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər".

Ölkəmizin rəhbərinin regional inteqrasiya ilə bağlı suala cavabından həm beynəlxalq auitoriyanın, həm bütün region dövlətlərinin, həm də konkret olaraq Ermənistanın çıxarmalı olduğu əsas nəticələr budur ki, Azərbaycan regional proseslərdə passiv yox, fəal və etibarlı tərəfdaşdır. Region ölkələri arasında sıx qarşılıqlı əməkdaşlıq üçün konkret mexanizmlər və platformalar var, seçim onların əlindədir. Ermənistanla sülh də mümkündür, lakin rəsmi İrəvan buna doğru real addımlar atmalıdır.


Azərbaycan ABŞ ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq istəyir


Prezident İlham Əliyevin suallara cavabları Azərbaycan-ABŞ münasibətləri xüsusunda da son dərəcə açıq və detallı baxışı əks etdirdi. Dövlətimizin rəhbəri belə bir mövqeyi ifadə etdi ki, ABŞ-də respublikaçı administrasiyalar dövründə - xüsusilə də Prezident Corc Buş və Donald Trampın zamanında - Azərbaycanla münasibətlər daha sabit, etibarlı və strateji xarakter daşıyıb. Bu dövrlərdə Azərbaycanın Əfqanıstan və İraqda həyata keçirilən antiterror fəaliyyətinə dəstəyi və logistik rolu da xüsusi əhəmiyyətə malikdir. Bu, Prezident Buş hökuməti tərəfindən yüksək qiymətləndirildi. Bayden-Blinken komandası isə ölkəmizin maraqlarına zidd siyasətlə münasibətləri böhran həddinə çatdırıb. Azərbaycana qarşı "907-ci düzəliş"in yenidən tətbiqi, Ermənistanın birtərəfli şəkildə dəstəklənməsi, bu ölkəyə müxtəlif istiqamətlərdə, o cümlədən hərbi yardımlar, USAID-in təxribatçı fəaliyyəti və ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana qarşı yönləndirilən media kampaniyaları buna nümunədir. Dövlətimizin başçısı çıxışında bildirdi ki, bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi: "Münasibətlərimiz dərin böhran içərisində idi. …Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı". 

Cənab İlham Əliyevin Azərbaycan-ABŞ münasibətləri ilə bağlı suala cavabından belə bir qənaət hasil oldu ki, artıq Tramp administrasiyası ilə ilkin təmaslar başlayıb və münasibətlərin normallaşması istiqamətində irəliləyişlər var. Digər təfərrüatları ilə birgə bu cavabın mahiyyəti belə bir mesaj verir ki, Azərbaycan ABŞ ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq istəyir, amma birtərəfli təzyiqləri də əsla qəbul etmir.


Enerji diplomatiyasının lideri


Azərbaycan Prezidentinin forum iştirakçılarının suallarına cavabları ölkəmizin müasir enerji diplomatiyasındakı lider mövqeyinin və rolunun müəyyənləşdirilməsi, enerji sahəsindəki imkanlarının təqdimatı, həm Avropaya, həm daha geniş beynəlxalq ictimaiyyətə bir neçə əsas strateji tezisin ünvanlanması baxımından da böyük maraq doğurur. Dövlətimizin rəhbəri konkret faktlar əsasında Azərbaycanın etibarlı və strateji enerji tərəfdaşlığını bir daha diqqətə çatdırdı. Hazırda həyata keçirilən layihələr, o cümlədən "yaşıl enerji" layihələri sayəsində yaranacaq yeni potensiala diqqət yönəltdi. Azərbaycanın texniki, kommersiya və strateji baxımdan Avropanın enerji təhlükəsizliyi üçün əsas iştirakçı rolu qeyd edildi. Eyni zamanda bu istiqamətdə münasibətlərin gələcəkdə daha da nizamlı şəkildə inkişafı üçün Avropa qarşısında iki əsas tələbi aktuallaşdırdı. Bunlardan birincisi, maliyyələşmə siyasətinə düzəlişdir. Belə ki, bəzi layihələrə dəstəyi dayandırmış Avropanın bir çox maliyyə təsisatları öz yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Avropa daha çox qaz istəyirsə, infrastrukturun genişlənməsi üçün kredit imkanlarını açmalıdır. Faydalı qazıntılara tətbiq edilən embarqo aradan qaldırılmalıdır.

Digər bir məsələ isə uzunmüddətli müqavilələrlə bağlıdır. Çünki 2050-ci il karbon neytrallığı hədəfi ilə qısa dövr qaz tələbatı arasında ziddiyyət mövcuddur. Bu isə haqlı olaraq "Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam?" arqumentini aktuallaşdırır. Avropa bazarı ölkəmiz üçün hələ də əsas prioritet olsa belə, onun qeyri-müəyyənliyi Azərbaycanı Şərq və Cənub bazarlarına baxmağa sövq edir. Buradan çıxan əsas nəticə budur ki, əgər Avropa İttifaqı uzunmüddətli müqavilələr imzalamazsa, Azərbaycan öz qaz resurslarını başqa istiqamətlərə yönəldə bilər. Eyni zamanda Avropa Komissiyasındakı bəzi dairələr də Qafqazı sevdiklərinə və sevmədiklərinə bölməyə çalışaraq münasibətlərə xələl gətirməməlidirlər: "Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir", - Azərbaycan Prezidenti forumdakı çıxışında qeyd etdi.


Rusiya-Ukrayna münaqişəsinə gerçək yanaşma


Cənab İlham Əliyev Rusiya-Ukrayna arasındakı müharibə ilə bağlı da Azərbaycanın mövqeyini ortaya qoydu. Bir daha açıq şəkildə bildirdi ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıyaraq dəstəkləyir. Ölkəmiz özü də uzun illər ərzində işğala məruz qaldığı üçün bu, ardıcıl və prinsipial mövqedir. Azərbaycan Prezidentinin iki ölkə arasında atəşkəslə bağlı realist yanaşması da böyük maraq doğurur və müharibə ilə bağlı populist çağırışlardan fərqli olaraq diqqəti real təhlükəsizlik və hərbi strategiya məsələlərinə cəlb edir. Çünki reallıq bundan ibarətdir ki, hazırda sülh çağırışları əsasən ritorik səciyyə daşıyır və atəşkəsin hansı anlamı ifadə etməsi, qoşunların təmas xəttinin necə qorunması, burada beynəlxalq sülhməramlıların olub-olmaması, atəşkəsin pozulması hallarına yol verilib-verilməməsi və digər bu kimi suallar ətrafındakı qeyri-müəyyənliyi ortadan götürmür. 

İki ölkə arasında real sülh üçün hərbi və siyasi şərtlərin yetərincə təmin olunması lazımdır. Cənab İlham Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə Azərbaycan-Ermənistan təcrübəsi əsasında Ukrayna ilə Rusiya arasında dayanıqlı sülhün necə mümkün olacağına dair ciddi suallar qoydu və belə bir həqiqəti hər kəsin diqqətinə çatdırdı ki, real nizam-intizamın və siyasi iradənin olmadığı mühitdə sülh möhkəmlənmir. "Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda tamamlanır. Bizim Xorvatiyadan olan dostumuzun qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir", - Azərbaycan Prezidenti bu məsələyə münasibətini bildirdi.


Türk Dövlətləri Təşkilatının gələcəyinə baxış 


Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət perspektivləri barədə fikirlərini də bölüşdü, çox güman ki, gələn ay TDT ölkələrinin dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyinin, sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısının təşkil ediləcəyinin anonsunu verdi: "Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil".

Azərbaycan Prezidenti TDT-ni mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmamaq üçün yubanmamalı olduğunu vurğuladı: "…Biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. Bu halda yenə də coğrafiya, əhali nəzərə alınmalıdır. Hələ hərbi imkanları buraya əlavə etsək, hər şey aydın olar".

Dövlətimizin başçısının fikrincə, Türk Dövlətləri Təşkilatı ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməlidir. 


Görmək istədiyimiz Cənubi Qafqaz


Dövlət rəhbərimiz qonşu Gürcüstanla əlaqələrin strateji mahiyyətinə də diqqət yönəltdi. Hər iki ölkənin birlikdə Cənubi Qafqazı strateji əhəmiyyətli bölgəyə çevirdiklərini vurğuladı. Gürcüstanın yeni Baş nazirinin və Prezidentinin ilk xarici səfərlərinin məhz Azərbaycana olması da ölkələrimiz arasındakı münasibətlərin strateji səviyyəsini nümayiş edirən maraqlı faktlar, qarşılıqlı sadiqliyin, dostluğun simvoludur. Bu baxımdan, Avropa İttifaqının regionun reallıqlarını və onun əsas aktorlarını görməzliyə vurması, Orta dəhlizlə bağlı müzakirələrdə Gürcüstanı tamamilə nəzərə almaması, bunun qarşılığında Ermənistana yönəlmiş simpatiyası və onu dəhliz mövzusuna süni şəkildə daxil etməsi qəbuledilməz davranışdır. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması məsələsi də Avropanın işi deyil. Avropa bu proseslərdən uzaq durmalıdır: "Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı, Xəzər daşımaları - bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır".

Cənab İlham Əliyevin fikrincə, region ölkələrinin bir-birilə danışması üçün vasitəçilərə ehtiyac yoxdur. 28 illik Minsk qrupu təcrübəsi arzuolunmaz vasitəçiliyin iflası olub. Bu məsələ ilə bağlı dövlətimizin başçısı dedi: "Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi - bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz". Daha sonra vurğulandı ki, Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərlərinə götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırıla bilən vəziyyətdən bəhs edə bilərik.

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusundakı beynəlxalq forumdakı çıxışı, qlobal güc balanslarının dəyişdiyi bir dövrdə ölkəmizin beynəlxalq münasibətlərə baxışını və öz mövqeyini ifadə etməsi mühüm əhəmiyyət daşıyır. O, ədalətə əsaslanan beynəlxalq sistemə ehtiyac olduğunu vurğulamaqla, regional sabitlik, enerji təhlükəsizliyi və sülh təşəbbüslərində Azərbaycanın rolunu ön plana çıxardı. Bu çıxış, ölkənin artan geosiyasi əhəmiyyətinin və müstəqil xarici siyasət xəttinin bir daha nümayişi oldu.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında

01:19
16 Aprel

"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi anunlarında dəyişiklik edilməsi barədə

01:19
16 Aprel

"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğvi barədə

01:18
16 Aprel

“Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:17
16 Aprel

“Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

01:16
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ASCO-nun struktur idarələri və gəmiləri üçün əlvan metalların satın alınması məqsədi ilə açıq müsabiqə elan edir

01:15
16 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ASCO-nun struktur idarələri və gəmiləri üçün müxtəlif ölçüdə bolt, qayka, şayba, vint, dəmir kələbçə, metal sıxac, mismar, şurup, şplintlərin satın alınması məqsədi ilə açıq müsabiqə elan edir

01:14
16 Aprel

"ERA" ASC-nin səhmdarlarının nəzərinə 

01:14
16 Aprel

Daxili çaylarda sululuq artıb

22:38
15 Aprel

BMT-də “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfrans keçirilib

22:36
15 Aprel

Azərbaycanın futzal millisi Xorvatiyaya məğlub olub  

22:35
15 Aprel

Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb

22:34
15 Aprel

Martinikanın nümayəndəsi: Bu, müstəmləkələrin ortaq müqavimət tarixidir  

22:33
15 Aprel

Fransa Parlamentinin Bakı Təşəbbüs Qrupuna qarşı qətnaməsi qətiyyətlə pislənilib  

22:32
15 Aprel

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

22:30
15 Aprel

“One Saint Martin” təşkilatının prezidenti: Niderland və Fransadan tam müstəqilliyimizi istəyirik  

22:29
15 Aprel

Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti: Xəstəxanalarımızda reanimasiya şöbəsi yoxdur, amma çox böyük həbsxanamız var  

22:26
15 Aprel

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazanıb

22:25
15 Aprel

Serve Alfonsin: Fransa qaradərililərdən əvvəl heyvanları qoruyur  

22:24
15 Aprel

Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub

22:23
15 Aprel

Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısı keçirilib YENİLƏNİB

21:55
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!