26 Iyul 2024 09:06
328
SİYASƏT
A- A+

Zəfər parkı qəhrəmanlıq simvoludur

 

Tarix heç vaxt heç nəyi unutmur. Zaman-zaman baş vermiş hadisələri gələcək nəsillərə çatdırmaq üçün daim daş yaddaşında qoruyub saxlayır. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı qələbəni də tarix heç vaxt unutmayacaq. Müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi özündə əbədi yaşadacaq.

2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycan əsgəri və zabiti əsrlər boyu böyük maraqla oxunacaq qəhrəmanlıq dastanları yazdı. Hərbçilərimiz torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə vuruşdular, şirin canlarını belə Vətən uğrunda qurban verməkdən çəkinmədilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Silahlı Qüvvələrimiz 30 ilə yaxın işğalda qalmış ərazilərimizi düşməndən azad etdilər. Azərbaycan Ordusunun əməliyyatlar zamanı həyata keçirdiyi döyüş taktikası bu gün də dünyanın bir çox aparıcı ölkələrinin hərbi mütəxəssisləri tərəfindən diqqətlə öyrənilir.

İllərdən bəri həsrətini çəkdiyimiz, 4 ildir ki sevincini yaşadığımız Zəfər qəhrəmanlıq və hünər sayəsində əldə olundu. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradaraq yenilməz gücünü, qüdrətini  bütün dünyaya nümayiş etdirdi. Bir daha təsdiq olundu ki, işğalçı, təcavüzkar məhvə məhkumdur. Düşmən üzərində qazanılmış bu möhtəşəm qələbədə hər bir əsgərin, hər bir zabitin payı var.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqına Zəfər sevinci yaşadan qəhrəman zabit və əsgərlərimiz də unudulmadı. Onlar dövlət tərəfindən layiqincə mükafatlandırıldılar. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin 15 yeni medal olmaqla  - "Vətən Müharibəsi Qəhrəmanı", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları təsis olundu. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla başa çatmasına töhfə vermiş hərbi qulluqçular, həmçinin mülki işçilər yeni təsis edilmiş orden və medallarla təltif edildilər.

Yaşanılmış tarix bir daha göstərir ki, qəhrəmanlıq heç vaxt unudulmur. 2020-ci ilin dekabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda daim yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması işləri aparılır. Dövlət başçısının sərəncamından dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və sürətlə tikinti işlərinə başlanıldı.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub. "PMD Projects" şirkətinin direktoru Nəriman Topçibaşev parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə yaxından tanış olub, dəyərli məsləhət və tövsiyələrini veriblər.

8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Diqqətçəkən məqamlardan biri də odur ki, parkın girişində 44 tağ elementindən istifadə edilib. Bu tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağların hündürlüyü 44 metr, eni isə 22 metrdir.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyimizi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq. Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları yazılacaq.

Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur. Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.

İstifadəyə veriləndən sonra qələbəmizin rəmzi olan - Zəfər parkı xalqımızın ən sevimli ziyarətgahına çevriləcək. Zəfər parkı qəhrəmanları daim özündə yaşadacaq. Eyni zamanda park qəhrəmanların, cəsurların məskəninə çevriləcək.

 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video