Oktyabrın 4-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə təqdim olunmuş işlərin sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl müsabiqənin münsiflər heyətinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən sərginin açılış mərasimindən sonra KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə müsabiqəyə təqdim olunan layihələrin keyfiyyəti, sayı, eləcə də iştirakçıların təmsil etdikləri ölkələr barədə məlumat verib. O, Bakı memarlıq müsabiqələrinin keçirilməsinin artıq ənənəyə çevrildiyini, dünya memarları tərəfindən müsabiqəyə marağın artdığını vurğulayıb.
Diqqətə çatdırılıb ki, bu il müsabiqəyə dünyanın 26 ölkəsindən - ABŞ, Azərbaycan, Banqladeş, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, Çin, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İtaliya, Cənubi Koreya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Madaqaskar, Malayziya, Misir, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Yunanıstan, Vyetnamdan 200-dən çox layihə təqdim olunub. İştirakçıların layihələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə Beynəlxalq münsiflər heyəti dəvət olunub: Deniz İncedayi (Türkiyə), Kevin Bingham (Cənubi Afrika), Divya Kuş (Hindistan), Cüzeppe Kappoçin (İtaliya) və Elbay Qasımzadə (Azərbaycan).
Müsabiqənin dünyaşöhrətli memarlardan ibarət münsiflər heyəti, eləcə də müsabiqəyə təqdim olunan əsərlərin keyfiyyəti bu müsabiqənin əhəmiyyətini bir daha təsdiqləyir.
Mətbuat konfransında mədəniyyət nazirinin müavini Səadət Yusifova 2013-cü ildən Mədəniyyət Nazirliyinin Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin həmtəsisçisi və həmtəşkilatçısı olduğunu bildirib.
Daha sonra müsabiqənin münsiflər heyətinin üzvləri media nümayəndələrinin suallarını cavablandırıblar. Münsiflər heyəti üzvləri müsabiqəyə təqdim olunan əsərlərin müxtəlifliyini və memarlıq baxımından maraqlı və funksional olduğunu diqqətə çatdıraraq, müsabiqənin ən yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar. Qeyd edilib ki, ən yaxşı əsərlərin aşkara çıxarıldığı mötəbər Bakı Beynəlxalq Memarlıq müsabiqəsində iştirak etmək, memarların yüksək yaradıcılıq səviyyələrini nümayiş etdirmələrinə və dünyada öz peşəkar nüfuzlarını gücləndirmələrinə imkan verəcək.
Mətbuat konfransı başa çatdıqdan sonra münsiflər heyəti öz işinə başlayıb.
Müsabiqə qaliblərinin elan olunması mərasimi oktyabrın 6-da nəzərdə tutulub.