Prezident İlham Əliyev: "Bu cür nəhəng yataqdan neft çıxarmaq cəmi üç il ərzində tarixdə olmayıb"
"Əsrin müqaviləsi"nin ilk nefti "Çıraq" platformasından əldə edildi. Bu münasibətlə 1997-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyev Xəzərin Azərbaycan sektorunda, "Azəri-Çıraq-Günəşli" (AÇG) müqavilə sahəsində quraşdırılmış həmin platformaya gəldi. Burada AÇG layihəsində tərəfdaş olan şirkətlərin rəhbərliyi, xarici ölkələrdən gəlmiş nüfuzlu qonaqların iştirakı ilə təntənəli tədbir keçirildi.
"Çıraq"dan ilk neftin alınması sıradan bir qurğunun fəaliyyətə başlaması anlamından böyük məna daşıyırdı. Əvvəla, "Çıraq" AÇG "ailə"sinin ilkini idi. Bu platformadan neft alınması ilə çətin sınaqlardan keçmiş, "Əsrin müqaviləsi" adını almış möhtəşəm bir layihənin gerçəkliyə çevrildiyi təsdiq olundu. Bu, müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft strategiyasının ilk böyük qələbəsi idi. Bununla təkcə neft sənayemizin deyil, ümumiyyətlə, ölkəmizin tarixinə önəmli bir səhifə yazıldı.
Ümumiyyətlə isə, neft-qaz hasilatı ilə məşğul olan istənilən ölkədə hər bir karbohidrogen yatağından hasilata başlanması iqtisadi cəhətdən böyük əhəmiyyət daşıyır və mühüm hadisə sayılır. "Çıraq"dan ilkin neftin çıxarılması isə həmin vaxt iqtisadi durumu çox zəif olan ölkəmizin dirçəlişinə və böyük gələcəyinə hesablanmış strategiyanın birinci və uğurlu nəticəsi idi.
Bu il iyulun 20-də II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev həmin hadisənin əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "Əgər dünya neft kontraktlarının tarixçəsinə nəzər yetirsəniz görərsiniz ki, belə qısa müddət ərzində bu cür nəhəng neft yatağından neft çıxarmaq cəmi üç il ərzində tarixdə olmayıb. 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında "Çıraq-1" platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Yəni bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir. Təsəvvür edin, əgər o vaxt bu müqavilə imzalanmasaydı, yaxud ondan iki il keçməmiş "Şahdəniz" üzrə müqavilə imzalanmasaydı, bu gün həm biz, həm də bizim qazımızdan bəhrələnən, ondan öz enerji təhlükəsizliyində istifadə edən ölkələr hansı çətinliklərlə üzləşəcəkdilər? Yəni o, qlobal təfəkkürün və müdrikliyin təzahürü idi".
Vurğulayaq ki, ilk neft təkcə platformadan birinci quyunu qazıb neft almaq demək deyildi. Bundan əvvəl vacib olan genişmiqyaslı işlər görülmüşdü. Belə ki, həmin işlər köhnə "Çıraq-1" platformasının əsaslı təmirini, əslində, təzədən tikilməsini, Xəzərin sahilində Səngəçal və Qara dənizin sahilində Supsa terminallarının yaradılmasını, hasil olunan nefti quruya çıxarmaq üçün sualtı boru xətlərinin çəkilməsini əhatə etmişdi. Başqa sözlə, "Əsrin müqaviləsi" imzalanandan cəmi üç il sonra həmin saziş çərçivəsində hasilata başlanması dünyada misli görünməmiş nailiyyət, neftin çıxarılması və nəqli üçün belə geniş infrastrukturun yaradılması əsl rekord idi.
Xatırladaq ki, "Çıraq" platforması Xəzərdə, Bakı şəhərindən 120 kilometr şərqdə yerləşir. Onun dayaqları suyun 120 metr dərinliyində qərar tutub. Platformanın qurğularından quyuların qazılmasına 1997-ci ilin avqustunda başlanıb. Həmin ilin noyabrından, yəni ilk neftin əldə olunmasından bəri "Çıraq", təmir və profilaktika üçün ayrılmış qısa fasilələri çıxmaqla, ahəngdar işləyir.
"Çıraq"dan neft 24 düymlük sualtı kəmərlə Səngəçal terminalına nəql edilir. Bu xəttin uzunluğu 154 kilometrdir. Terminalda neft tərkibində gələn sudan təmizlənib çənlərə vurulur, sonra ixrac marşrutu ilə yola salınır. Yataqdan çıxarılan səmt qazı uzunluğu 50 kilometr olan 16 düymlük sualtı kəmərlə Neft Daşlarındakı kompressor stansiyasına ötürülür.
"Çıraq" neft platforması olmaqla yanaşı, həm də böyük uğurlar üçün platforma - özül oldu. Belə ki, ondan sonra Xəzərdə, AÇG müqavilə sahəsində daha səkkiz platforma quraşdırıldı. Onlardan dördü "Azəri" yatağında, ikisi "Dərinsulu Günəşli"də, biri "Qərbi Çıraq"da yerləşir. Bu ilin aprel ayında Xəzərdə "Çıraq"ın daha bir "qonşu"su məskən saldı. AÇG üzrə 2050-ci ilin əvvəlinə qədər uzadılmış saziş çərçivəsində "Azəri Mərkəzi Şərqi" (ACE) adlanan platforma hasilata başladı. Bu qurğuların hamısının inşasında və istismarında "Çıraq"ın təcrübəsindən geniş istifadə edilib.
AÇG-də yeni daha böyük və daha müasir platformalar istirmara verilənədək, yəni 2005-ci ilədək "Çıraq" bu yataqlar blokunda yeganə hasilat və ixrac mənbəyi olub. Başqa sözlə, "Çıraq" ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı. Lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu qurğu hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı, əməyin təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi ilə istismardadır. "Çıraq"a aid bir önəmli fakt isə odur ki, bu gün platformada çalışan işçilərin hamısı dünyasəviyyəli yerli mütəxəssislərdir.
Xatırladaq ki, AÇG layihəsində iştirak payları belədir: BP (həm də operatordur) -30,37 faiz, SOCAR -25 faiz, MOL -9,57 faiz, İNPEKS -9,31 faiz, "Ekvinor" -7,27 faiz, "EksonMobil" - 6,79 faiz, TPAO - 5,73 faiz, İTOÇU -3,65 faiz, ONGCVideş - 2,31 faiz.
Flora SADIQLI,
"Azərbaycan"