04 Iyul 2024 09:05
121
SİYASƏT
A- A+

Yeni reallıqlara yol açan əməkdaşlıq

 

Şuşa milli varlığımızın ifadəsi, hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan müqəddəs və əziz məkandır. Şuşa bizim özünütəsdiqimizdir. Bu şəhəri biz adlandırmışıq, biz qurub yaratmışıq. Hazırda Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən işlər Azərbaycan dövlətinin sülh niyyətinin, regionumuzu davamlı inkişaf, rifah və xoşbəxtlik məkanına çevirmək arzusunun ifadəsidir.

 

Bu günə və gələcəyə atılmış imzalar

 

2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada müttəfiqlik münasibətləri haqqında bəyannaməyə imza atdılar. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir, sanlı qələbəmizi daha da möhkəmləndirir. "Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğulayırdı. 
Bu, böyük bir tarixi nailiyyət idi! Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atılan möhtəşəm imzalar idi!
11 fevral 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiqinə dair" qanun təsdiqləndi. 2022-ci il fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunu imzaladı. Bununla da Azərbaycan və Türkiyə tarixi üçün böyük əhəmiyyətə malik Şuşa Bəyannaməsi qüvvəyə mindi. 
Bu tarixi sənəd iki dövlət arasında münasibətlərin geostrateji əhəmiyyətini daha da artırdı. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra regionda yaranmış yeni tarixi reallıqda proseslərə xüsusi yön verdi. Eləcə də Azərbaycan və Türkiyə münasibətlərinin zamanın çağırışlarına uyğun şəkildə bütün müstəvilərdə davamlı inkişafını təmin etdi. 
Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə dair elə bir real və potensial əməkdaşlıq sahəsi yoxdur ki, Şuşa Bəyannaməsinin məzmunundan kənarda qalsın. İki ölkə arasındakı strateji müttəfiqlik əlaqələri siyasət, beynəlxalq arenada birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər əhəmiyyətli sahələri özündə ehtiva edir. Bu mənada Şuşa Bəyannaməsi bölgəmizdə sabitlik, təhlükəsizlik, dayanıqlı inkişaf mühitinə zəmin yaradır, regionda inteqrasiya proseslərini stimullaşdırır. 

 

Birliyi möhkəmləndirən inkişaf niyyətləri

 

Müasir dünyamızda iqtisadiyyat sülhün möhkəmləndirilməsində, xalqlar və dövlətlər arasında effektiv kommunikasiyanın qurulmasında, maraqların uzlaşdırılmasında və inteqrasiya proseslərinin genişlənməsində çox mühüm rol oynayır. Şuşa Bəyannaməsinin iqtisadi baxımdan da əhəmiyyəti çox böyükdür. Bu sənəddə nəzərdə tutulmuş müddəalar, bəyan edilmiş strateji niyyətlər bölgəyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun getdikcə artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır. Xüsusilə azad yurdlarımızda müasir iqtisadiyyatın ən perspektivli sahələrindən olan turizmin inkişafı üçün geniş imkanlar formalaşdırır.
 Azərbaycan və Türkiyə arasında hərbi, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Şuşa Bəyannaməsində əks olunması xüsusilə böyük tarixi uğurdur. Sənəddə iki qardaş ölkənin bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəyi bəyan olunur. Bu sahədə əməkdaşlıq müdafiə sənayesi məsələlərini də əhatə edir. Bəyannamə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsini də nəzərdə tutur. 

 

İnsanların rifahına xidmət edən siyasət 

 

Bəyannamənin əzəli-əbədi yurdumuz Şuşa şəhərində imzalanması ilə yanaşı, onun tarixi günlə bağlı da iki əlamətdar məqamı var. Bunlardan birincisi sənədə iyunun 15-də imza atılmasıdır. Həmin gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Müstəqilliyin ilk illərində Azərbaycan ağır xarici və daxili təhdidlərlə üzləşərək parçalanmaq, müstəqilliyini itirərək dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. O ağır çağlarda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdıb Azərbaycanı xilas etdi. Müstəqil dövlətçiliyimizin təməllərini möhkəmləndirdi. Bu tarixdən 28 il sonra eyni gündə Şuşa Bəyannaməsinin imzalanması da Azərbaycanın müstəqilliyini daimi, əbədi və dönməz edən qətiyyətli addımlardandır. Belə bir tarixi qərar müasir dünyamızda Azərbaycan və Türkiyəni daha da qüvvətləndirir. Bir-birinə arxalanan, inanan, güvənən iki qardaş ölkəni regionda böyük gücə çevirir.
Cənubi Qafqazda yaranmış yeni reallığı iki qardaş ölkə birgə formalaşdırır və bütün dünya bu reallığı qəbul edir. Çünki bölgədə təhlükəsizliyə, inkişafa, insanların rifahına xidmət edən bu siyasətin, bu reallığın alternativi yoxdur.
Bu il mayın 8-də həyatımızda mühüm bir tarixi hadisə baş verdi. Mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin ilk sakinləri 32 illik ayrılıqdan sonra doğma yurdlarına qayıdıb yeni mənzillərində yerləşdilər. Qısa müddətdə Şuşada sakinlər üçün tikilmiş gözoxşayan yaşayış kompleksi dövlətimizin daha bir uğur rəmzinə çevrildi. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, suverenliyinə nail olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyev azad yurdlarımızın dirçəldiləcəyi ilə bağlı verdiyi sözləri də tutdu və bunun üçün böyük imkanlar yaratdı. Ordumuzun irəlilədiyi şəhərlərimizdə, kəndlərimizdə indi də iqtisadiyyatımız irəliləyir. Bu torpaqlar addım-addım inkişaf etdirilir, dirçəldilir. Azərbaycan Prezidentinin gələcəyə strateji baxışında bölgənin sabahı tam aydın şəkildə təsəvvür edilir.  

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video