02 Iyul 2024 08:05
106
CƏMİYYƏT
A- A+

21-ci seçki

 

Parlament seçkiləri demokratiyanın növbəti təntənəsi olacaq

 

Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-nə Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər təyin olunub. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən isə seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib. Beləliklə, parlamentə növbədənkənar seçkilərə artıq start verilib. 

 

9 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi

 

Seçkilər bütün dünyada hər bir dövlət üçün mühüm siyasi-ictimai hadisə hesab olunur. Və seçkilərin ən böyük özəlliyi onun demokratik, ədalətli və şəffaf keçirilməsi, xalqın siyasi iradəsini ifadə etməsidir. Müstəqillik dövründə respublikamızda 20 seçki - 9 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunub. Hər bir seçki və referendum Azərbaycanın demokratiya yolu ilə inkişafının, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasının təcəssümü kimi yadda qalıb. Bu seçkilər ölkəmizdə təşkil olunan sayca 21-ci seçkidir. 
Xatırladaq ki, altıncı çağırış Azərbaycan parlamentinə seçkilər də növbədənkənar keçirilmişdi. Yeddinci çağırış Milli Məclisə seçkilərin də növbədənkənar keçirilməsi üçün əsaslar var.  Həm Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında, həm Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında  bunun səbəbləri əsaslandırılıb və "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar qəbul edilib. Qərarda qeyd olunub ki, həm parlament seçkilərinin, həm də ölkədə keçiriləcək bir sıra mötəbər beynəlxalq tədbirlərin eyni zaman kəsiyinə təsadüf etməsi nəzərə alınaraq seçkilərin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilməsinin və Milli Məclisin vəzifələrini tam icra edə bilməsinin, normayaratma fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir.
 Konstitusiya Məhkəməsinin Plenumunun iyunun 27-də keçirilən iclasında qəbul edilən qərara əsasən isə "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin Qərarı və bu qərar əsasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi konstitusiyaya uyğundur.

 

Təqvim Planında seçki prosesinin bütün məqamları əksini tapıb

 

MSK-nin təsdiq etdiyi Təqvim Planında seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlər, seçki prosesinin bütün mərhələlərini əhatə edən zəruri məqamlar öz əksini tapıb.
Plana əsasən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalana qədər davam edəcək. Daha dəqiq ifadə etsək, namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması müddəti iyulun 13-dən avqustun 2-nə qədərdir.
Hər bir seçki kampaniyasının əsas mərhələlərindən biri seçkiqabağı təşviqatın aparılmasıdır. Məhz seçkinin bu mərhələsində prosesə qoşulan namizədlər özlərini təbliğ etmək üçün birbaşa seçicilərlə təmasa girərək onların rəğbətini qazanmaq imkanı əldə edir, digər namizədlərdən daha üstün  olmasını sübut etməyə çalışır. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib bir məsələdir. Azərbaycanın seçki qanunvericiliyinə əsasən seçkiqabağı təşviqat işləri səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Beləliklə, növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi avqust ayının 9-da başlanacaq və ayın 31-i saat 08:00-da dayandırılacaq. Seçkiqabağı təşviqat işləri qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparılır.
Respublikamızın seçki qanunvericiliyi seçkilərin müşahidə edilməsi üçün də geniş imkanlar yaradır. Aktiv seçki hüququna malik hər bir Azərbaycan vətəndaşı seçki dairəsinin ərazisində seçkiləri müşahidə edə bilər. Bunun üçün isə ərizələr avqustun 27-dək təqdim edilməlidir. "Exit-poll" keçirmək niyyətində olan təşkilatlar isə akkreditasiya üçün sənədlərini səsvermə gününə ən azı 20 gün qalana qədər - avqustun 12-dək  Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Azərbaycanda seçkilərin təşkili və keçirilməsi üzrə olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur. Bu baxımdan, qarşıdan gələn seçkilər respublikamızda demokratik dəyərlərin tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək. Seçicilərin seçkilərdə iştirakı isə respublikamızın inkişaf və yüksəliş reallıqlarına əsaslanacaq. Xalqımız öz siyasi mövqeyi ilə Azərbaycana yüksəliş gətirən, ərazi bütövlüyümüzü bərpa edən siyasi kursun ətrafında səfərbər olduğunu bir daha nümayiş etdirəcək. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video