21 Iyun 2024 08:00
2298
SİYASƏT
A- A+

İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir

 

Azərbaycan dünyada qlobal problemlərin həllinə mühüm töhfələr verən və bu istiqamətdə keçirilən  beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə kimi tanınır. 
Respublikamızın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-21-də ölkəmizdə keçirilən "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı da bu baxımdan daha bir mühüm tədbir kimi əlamətdar oldu.  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığıyla həyata keçirilən bu tədbirdə iqlim dəyişikliyinə qarşı effektiv mübarizə yolları ilə bağlı müzakirələr aparıldı, COP29-un bu istiqamətdə vacib rol oynayacağı vurğulandı. 

 

Yüksək nüfuz, böyük etimad

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci ildə şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Bakı şəhərində yerləşən mərkəz qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Prezident İlham Əliyevin himayəsi altında fəaliyyət göstərən mərkəz artıq 12 ilə yaxındır ki, qlobal fəaliyyətlə məşğuldur.
Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına ünvanladığı müraciətində Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.
Dövlət başçısının təşəbbüsü ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin timsalında da aydın görünür ki, Prezident İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir. 
 

Ağıllı həllər

 

İqlim dəyişmələri dünyanın gələcəyini ciddi şəkildə təhlükə altına alır. Buna görə də artıq xeyli müddətdir ki, onunla mübarizə qlobal gündəlikdə duran əsas məsələyə çevrilib. Dünya dövlətlərinin yekdil qərarı ilə COP29-da da bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadlarının aradan qaldırılması ilə bağlı məsələlər geniş müzakirə olunaraq çıxış yolları aranacaq. Ölkəmizdə bu mötəbər tədbirə böyük hazırlıq işləri aparılır, yaşıl dünya, bəşəriyyətin təhlükəsiz yaşamı naminə həmrəyliyin gücləndirilməsi işinə töhfələr verilir. 
Sözügedən müraciətində bu məsələyə toxunan Prezident İlham Əliyev "Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq" fikrini qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. "Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır"- sözlərini diqqətə çatdıran dövlət başçısı bildirib ki, bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir.

 

Bəşəri problemlərin müzakirə ünvanı 

 

Azərbaycan həyata keçirdiyi qətiyyətli siyasətlə, mühüm təşəbbüs və səyləri ilə təkcə regional deyil, qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələr verir. Eyni zamanda Bakı XXI əsrdə müstəmləkə zülmündən əziyyət çəkən xalqların azadlıq səslərinin dünyaya çatdırılması istiqamətində ardıcıl və aktiv iş həyata keçirir. 
Xüsusi vurğulanası məqamdır ki, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin təmini, ərazilərimizdə separatizmin kökünün kəsilməsi Fransanın müstəmləkəsi altında olan xalqların müstəqillik inamlarının artmasına da səbəb olub. Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası) kimi ölkələrin Bakı Təşəbbüs Qrupunda (BTQ) fəal iştirakı da bunu deməyə əsas verir. BTQ Fransa kolonializminin dünyada tanıdılması istiqamətində mütəşəkkül mübarizə platformasına çevrilib. 
İyunun 20-də Bakı Təşəbbüs Qrupunun BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransı da bir daha dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək baxımından əhəmiyyətli oldu. "Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu" adlı konfrans BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannaməsinin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutdu. 
Göründüyü kimi, ölkəmiz dünyadakı aktual məsələlərin, bəşəriyyəti narahat edən problem və proseslərin müzakirə olunduğu mərkəz rolunu oynayır. Azərbaycanın bu problemlərin həlli yollarını tapmaq səylərinə şərait yaratması, dünyanı bu istiqamətdə səfərbər etməsi, eyni zamanda özünün birbaşa qlobal mübarizələrə dəyərli töhfələr bəxş etməsi beynəlxalq səviyyədə də təqdir olunur. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video