11 Oktyabr 2024 08:00
2862
SİYASƏT
A- A+
Gözlərindəki tiri görməyənlər

Gözlərindəki tiri görməyənlər


Azərbaycan bir dövlət olaraq özünün təhlükəsizliyini tam təmin edib!

Artıq keçdi o dövrlər ki, kimsə Azərbaycan ərazilərini ələ keçirərək illərlə işğalda saxlaya! 

44 günlük Zəfər müharibəsində Azərbaycan ərazilərini də azad etdi, işğalçı ordunu da qarşısında diz çökdürdü, ona kapitulyasiya aktını da imzalatdırdı, ərazi bütövlüyünü və suverenliyini də tam bərpa etməklə Cənubi Qafqazın ən qüdrətli dövləti olduğunu həm hərb meydanında, həm diplomatiya savaşında, həm də informasiya müharibəsində əyani şəkildə sübuta yetirdi!

Bu gün isə çaşanlara, özgə xəyallara düşənlərə, üzünə gülərək arxasında düşmənçilik edənlərə onunla təhdid, təzyiq, hədə tonunda danışmağın mümkünsüzlüyünü, belə vəziyyətdə yalnız özlərinə ziyan gətirəcəklərini başa salır!

Heç kim çaşmasın və ağlı köhnə zamanlara getməsin!

Azərbaycanın kimsədən nə qorxusu, nə asılacağı, nə də çəkinəcəyi var!

Kiməsə "kiçik qardaşlıq" etməyi ağlının ucuna belə gətirmir!

Yalnız bərabərhüquqlu, qarşılıqlı hörmətə və maraqların təmininə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığa hazırdır!

Heç bir dövlət, heç bir parlament, heç bir siyasətçi Azərbaycanla Ermənistanı dəyişik salmasın!

Dünya erməniliyi mövqeyindən, vəzifəsindən, statusundan asılı olmayaraq insanları özündən borclu vəziyyətə sala bilir.

Bundan ötrü korrupsiya, rüşvət, erməni arvadı vasitəsilə ələalma, seçkilərdə səsvermə və digər sınanmış üsullardan istifadə olunur.

ABŞ konqresmeni Menendezin başına gələnlər deyilənlərə sübutdur.

Erməni arvadı vasitəsilə yoldan çıxarılan Menendez korrupsiya, rüşvət qalmaqallarına bulaşaraq siyasi ömrünü şərəfsizliklə başa vurdu.

Dünya erməniliyi, onun müxtəlif dövlətlərdə fəaliyyət göstərən diasporları baş nazir və prezidentləri belə özlərindən asılı vəziyyətə sala bilirlər.

MƏSƏLƏN:

ABŞ Prezidenti Bayden seçkilər zamanı aldığı "səs borcu"nu qaytarmaqdan ötrü mart çıxışlarının birində "erməni soyqırımı" ifadəsini işlətmək məcburiyyətində qaldı.

Doğrudur, bu ifadə heç nəyi dəyişmədi, axı yalan və uydurma nəyi dəyişəcəkdi ki...

Erməni yalanını qorumağın bir yolu var ki, o da arxivlərin qapısını bağlamaqla əsl həqiqəti hamıdan gizlətməkdir.

Bunu da Ermənistan məharətlə bacarır.

Fransa Prezidenti Makronun isə ermənilərə o qədər borcu var ki, nə qədər ermənidən artıq ermənilik etsə də, Ermənistanın maraqlarını Fransanın maraqlarından üstün tutsa da, onu ödəyib qurtara bilmir:

* Ermənistanı dayanmadan silahlandırır;

* Avropa İttifaqını və Avropa Şurasını əlində alətə çevirərək Azərbaycana qarşı yönəldir, erməni yalanlarının təbliğatçısına və müdafiəçisinə çevirir.

* Pensiyaçı jandarmlardan ibarət casuslar şəbəkəsi yaradaraq əllərində durbin Azərbaycanla Ermənistan sərhədində yerləşdirir.

* Paris merini "Humanitar fəlakət" şousunun iştirakçısına çevirərək Laçın yoluna TIR-larla ərzaq göndərir.

* BMT-də Azərbaycan əleyhinə yalan və ədalətsiz qərarlar çıxarmaqdan ötrü əldən-ayaqdan gedir.

Çifayda!

Çaxçaxın çaqqıldamaqdan başqa işi olmur!

***

Noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcəkdir.

Namizədlərin "erməni səsləri"nə ciddi ehtiyacları var.

Dövlət Departamentində çalışanlar da yenidən vəzifə qazanmaq üçün erməni diasporuna möhtacdırlar.

"Hadisələri qabaqlamaq", ermənilərin xoşuna gəlmək üçün müxtəlif hoqqabazlıqlara ehtiyac duyulur.

"Ərəb baharları", "rəngli inqilablar" ssenarisinin ustası sayılan ABŞ Dövlət Departamenti bu dəfə "mürəkkəb süjet"ə əl atıb:

Azərbaycana növbəti sanksiya tətbiq etməkdən ötrü ABŞ Dövlət Departamentində məktub hazırlanıb...

Sonra bu məktubu ABŞ Konqresinə göndərərək konqresmenlərə həmin məktubu öz adlarından Dövlət Departamentinə ünvanlamağı tapşırıblar.

Beləliklə, öz məktubları Konqresi fırlandıqdan sonra 60 nəfərin imzası ilə yenidən özlərinə qayıdıb!

Məsələni uzadıb qabaqcadan ictimailəşdirməkdə məqsəd isə Azərbaycanın iradəsinə təsir göstərərək istədiklərini ona qəbul etdirməkdir.

Ay hay!

Keçdi o dövran!

Azərbaycan torpağını da azad edib, ordusunu da əvvəlkindən daha güclü vəziyyətə gətirib, ölkə daxilində isə elə milli birlik yaranıb ki, heç bir "xarici çömçə" onu qarışdıra bilməz!

Qaldı iqtisadi-ticari məsələlərə, Azərbaycan iqtisadiyyatı çox güclüdür, daim inkişafdadır, TDT-də və yeni üzv olduğu və olacağı qurumlarda öz maraqlarını asan və rahatlıqla təmin edir.

Hazırda Azərbaycanın Qərb və ABŞ ilə "güzəştli dostluğa" ehtiyacı yoxdur, Avropa dövlətlərinin isə Azərbaycan qazına ehtiyacları var!

Qaldı ABŞ-nin "özü-özünə məktub" oyunbazlığına, bu, yeni məsələ deyil.

Dünyada, beynəlxalq hüquqda, ədliyyədə təqsiri müəyyənetmə qaydası və proseduru mövcuddur.

Bütün ölkələrdə ona ciddi əməl olunur.

Hətta beynəlxalq məhkəmələr də şikayətləri araşdıranda həmin tələblərə əməl olunub-olunmadığına diqqət yetirirlər.

Bu, artıq əsrlər boyu tətbiq edilən və hamının bildiyi qaydalardır.

Kimisə nədəsə suçlayanda əvvəlcə onun təqsirinin olub-olmadığı aydınlaşdırılır.

Başqa sözlə, sənədlər, sübutlar toplanılır, faktlar araşdırılır, şahidlərin ifadələri dinlənilir, onların həqiqətə uyğunluğu müəyyən edilir.

Bütün bunlar ibtidai istintaqın gördüyü işlərdir.

Sonra məhkəmə istintaqı başlayır və yenidən şahidlər dindirilərək, üzləşdirilərək təqsirin mövcudluğu, dərəcəsi qiymətləndirilir.

"Dünya hakimi" funksiyasını öz üzərinə götürən ABŞ isə belə etmir.

Onun sözü, mövqeyi hadisələri də, şahidi də, faktları və sübutları da əvəz edir.

Kimi istəsə birbaşa "təqsirkar" elan edərək öz "hökmü"nü verir.

Məşhur Azərbaycan atalar misalında deyildiyi kimi: "Özü doğub, göbəyini də özü kəsir".

***

"Özü-özünə məktub"da ABŞ Azərbaycanı "etnik təmizləmə"də ittiham edərək könüllü şəkildə Qarabağdan Ermənistana getmiş erməni mənşəli və Ermənistan pasportlu hayların hüquqlarını müdafiə edir.

Əvvəla, Quantanamosu olan, təqsiri sübuta yetirilməmiş insanları müddətsiz həbsdə saxlayan dövlətin özünü "hüquq müdafiəçisi" kimi təqdim etməsi gülünc görünür.

İkincisi, otuz il ev-eşiyindən zorla qovularaq qaçqın şəhərciyində yaşayan azərbaycanlılar, onların hüquqları barədə bir kəlmə danışmayan konqresmenlər nə vaxtdan belə humanist olublar?

Üçüncüsü, bəs qərbi azərbaycanlılar, onların geriyə, doğma yurdlarına qaytarılması haqda niyə susurlar?

Belədə ABŞ-dəki şərəfinə heykəl ucaldılmış "Ədalət ilahəsi"nin tərəzisi əyilmirmi?!

Yaxud bu gün Azərbaycandakı məlum ünvanda "çay içən" separatçı, terrorçu, terroru maliyyələşdirənlərin, müharibə bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən Azərbaycan şəhərlərinə ballistik raket atılması əmrini verənlərin, qadağan olunmuş kassetli, fosforlu bombalarla dinc əhalini qırdıranların azadlığa buraxılması nə qədər doğru və ədalətli olar?

Axı onlar qanun əsasında, faktlar və sübutlarla, öz ifadələri ilə məhkəmə qaydasında mühakimə ediləcəklər!

Yoxsa ABŞ erməni adı gələndə məhkəmə və hüquq tanımır, "ermənisənsə mələksən" fikrini əsas tutur?

***

Qəribədir ki, ABŞ konqresmenləri narahatlıq və həyəcan doğuran, humanizm prinsiplərinə tamamilə zidd sayılan məsələlər barədə bir kəlmə belə demir, ağızlarına su alaraq susurlar.

MƏSƏLƏN:

* Ermənistan hələ də həqiqi mina xəritələrini vermədiyindən günahsız insanlar, mülki vətəndaşlar vaxtaşırı minaya düşür, həlak və ya əlil olurlar;

* Hələ də Ermənistan kütləvi məzarlıqların yerini göstərmir, əsir və girovlara qarşı törətdikləri vəhşilikləri ört-basdır edir.

* Otuzillik işğal dövründə Azərbaycan xalqına məxsus mədəni irsin, tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılaraq təhqir olunmasını, yaşayış məntəqələrinin yer üzündən silinməsini "görməyən" konqresmenlərin nə əcəb gözləri belə geniş açılıb?

Bu bədnam əməllərin müəllifləri biz olsaydıq, onda görün nə oyunlar çıxarardılar!

Yaxşı deyiblər ki, ayıblı ayıbını bilsə, başına palaz bürüyər!7

Xeyli əvvəl Azərbaycan "çevrilişlər müəllifi" "Soros fondu"nun yerli nümayəndəliyini ölkədən çıxartdı.

Çox düzgün etdi!

Əgər "Soros" Ermənistanda "küçə inqilabı" yolu ilə "Qarabağ Ermənistandır, nöqtə" söyləyən birini hakimiyyətə gətirirsə, onun Azərbaycanda nə işi var?!

USAID Ermənistana böyük məbləğdə vəsait - 120 milyon dollar ayıraraq, sonradan yardımı daha da artırmaqla onu 250 milyon dollara çatdırırsa, ona Azərbaycanda yer olmamalıdır.

Milli Məclisin deputatları öz tələblərində tamamilə haqlıdırlar: USAID (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) dərhal ölkəmizdən çıxarılmalıdır!

Biz dostluğa da, əməkdaşlığa da hazırıq!

Ədalətsiz addımların, təhdid və təzyiq cəhdlərinin qarşısını alaraq müstəqil, dövləti maraqları ehtiva edən siyasət yürütməyə də qadirik!

Bizimlə zor deyil, əməkdaşlıq, hüquq dilində danışmaq lazımdır!

Ermənistanı revanşa hazırlayan ABŞ, əslində, sanksiyalar tətbiqi ilə Azərbaycanı gücdən salmaq niyyəti güdür.

Azərbaycan bütün variantlara hazırdır!

Heç bir sanksiya onun inkişafını ləngidə, hərbi qüdrətini zəiflədə bilməz!

Çünki Azərbaycan daim öz gücünə, öz imkanlarına və dostlarına güvənir.

Heç kəsdən də asılı deyil!

Daim yeni ağa axtarışında olan forpost ölkə Ermənistandır!

Onu isə nə qədər müdafiə edib gücləndirsələr də, məsələ sonda hərb meydanında həllini tapacaqdır!

II Qarabağ müharibəsi və lokal antiterror əməliyyatı isə yeni müharibənin başlayacağı təqdirdə nəticəni irəlicədən əyan edir!

"Dəmir yumruq" hazır vəziyyətdədir!

***

"Yüz mamaça gəlsə də, güc doğana düşür" - Azərbaycan atalar sözüdür.

 Kimlər Ermənistanı nə qədər və nələrlə silahlandırsalar da, döyüş meydanında biz üz-üzə gələcəyik!

 44 gündə və 23 saatda başlarına gətirdiklərimizi unutmasınlar!

 Azərbaycan əsgər və zabitinin yaratdığı xof və vahimə on iki min fərari erməni əsgərinin canından hələ çıxmayıb və heç zaman da çıxmaz!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!