"D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının dekabrın 19-da Misirin Qahirə şəhərində keçirilmiş 11-ci Zirvə Toplantısında Azərbaycan yekdilliklə təşkilata üzv qəbul edilib. Bu, 1997-ci ildə yaradıldığından bəri D-8-in ilk genişlənməsidir. Azərbaycanın üzvlüyü ölkənin xarici siyasətinin uğuru və beynəlxalq iqtisadi münasibətlərdə mövqeyini gücləndirən mühüm addımdır".
Bu fikirləri "Azərbaycan" qəzetinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova deyib. O bildirib ki, təşkilatın üzv ölkələri - Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya, Banqladeş və indi Azərbaycan - təxminən 1,2 milyard insanı təmsil edir və nominal Ümumi Daxili Məhsulu (ÜDM) 4 trilyon dollar həcmindədir. Azərbaycanın D-8-ə üzv olması onun müsəlman əhalisi çox olan ölkələrlə yaxın əməkdaşlığını gücləndirmək istəyini və beynəlxalq aləmdə artan təsirini göstərir. Təşkilatın iqtisadi potensialı böyükdür və 2030-cu ilə qədər daxili ticarətin 500 milyard dollara çatdırılması məqsədini qarşıya qoyub. Azərbaycanın iqtisadiyyatı və strateji mövqeyi bu məqsədə çatmaq üçün böyük töhfə verə bilər. Enerji, kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində olan əməkdaşlıq imkanları Azərbaycanın bu təşəbbüslərdə mühüm rol oynamasına şərait yaradır. "D-8-in əsas məqsədi üzv ölkələrin iqtisadi mövqelərini gücləndirmək, ticarət əlaqələrini şaxələndirmək və beynəlxalq səviyyədə qərar qəbuletmə mexanizmlərində daha aktiv iştirakını təmin etməkdir. Azərbaycanın bu təşkilata üzv olması, xüsusilə yeni bazarlara çıxışı və ticarət əlaqələrini inkişaf etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bu üzvlük Azərbaycanın enerjisi, texnologiya bacarıqları və strateji mövqeyi ilə digər üzv dövlətlərlə daha güclü iqtisadi əlaqələrin qurulmasına imkan yaradacaq", - deyə Vüsalə Cəfərova bildirib.
Onun sözlərinə görə, Azərbaycanın üzvlüyü xüsusilə enerji sahəsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz artıq regionda və beynəlxalq miqyasda mühüm enerji oyunçusudur. D-8 ölkələri arasında alternativ və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndiyi bir vaxtda Azərbaycan bu sahədəki təcrübəsi və enerji infrastrukturundakı gücü ilə bu təşəbbüslərə əhəmiyyətli töhfələr verə bilər. Bu əməkdaşlıq, enerji layihələrində birgə müəssisələrin yaradılmasını, sərhəd üzrə infrastruktur inkişafını və daha "yaşıl enerji" mənbələrinə keçidi dəstəkləyən texnologiya mübadiləsini əhatə edə bilər. Bundan əlavə, Azərbaycanın sənaye sektoru D-8 çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynaya bilər. Azərbaycanın neft-kimya və maşınqayırma sahələrindəki istehsal gücü, xüsusilə, İndoneziya, Malayziya və Türkiyə kimi texnologiya və sənaye sahələrində inkişaf etmiş ölkələrlə daha sıx əlaqələrin qurulmasına imkan verir.
V.Cəfərova qeyd edib ki, D-8 Azərbaycana sənaye artımını regional trendlərlə uyğunlaşdırmaq, texnologiya, araşdırma və inkişaf sahələrində mübadilə yaratmaq üçün bir platforma təmin edir: "Kənd təsərrüfatı sahəsi də Azərbaycanın D-8-ə üzvlüyündən mühüm fayda əldə edə bilər. Azərbaycanın kənd təsərrüfatı sektorunda malik olduğu potensial və bu sahədəki təcrübəsi digər üzv dövlətlərə, xüsusən də kənd təsərrüfatı sektoru inkişaf edən ölkələrə fayda verər. Məsələn, Misir, Nigeriya və Pakistanla kənd təsərrüfatı sahəsində birgə araşdırmalar, texnologiya mübadiləsi və ərzaq təhlükəsizliyi təşəbbüsləri həyata keçirilə bilər. Bu əməkdaşlıq, həmçinin yoxsulluğun azaldılmasına, kənd yerlərinin inkişafına və davamlı kənd təsərrüfatının təşviqinə kömək edəcək".
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, D-8-in daha bir mühüm hədəfi nəqliyyat və əlaqələndirmə şəbəkələrinin inkişafıdır. Azərbaycanın strateji mövqeyi onu bu təşəbbüslərdə mərkəzi oyunçuya çevirir. Azərbaycanın ərazisində həyata keçirilən nəqliyyat layihələri, digər üzv ölkələrlə qlobal ticarət əlaqələrinin inkişafı üçün yeni imkanlar yarada bilər. Bu, daha sürətli və effektiv nəqliyyat əlaqələrinin yaradılmasına, həmçinin ticarət və investisiya axınlarının artırılmasına xidmət edəcək. Azərbaycanın D-8-ə üzv olması islam dünyasında həmrəyliyin möhkəmlənməsinə, islam dəyərlərinin dünya miqyasında tanıdılmasına və islamofobiya ilə mübarizədə də mühüm bir addım olacaq. Azərbaycanın bu platformadakı rolu, yalnız iqtisadi deyil, həm də beynəlxalq münasibətlərdə mühüm strateji əhəmiyyət daşıyacaq. Nəticə etibarilə, Azərbaycanın D-8 təşkilatına üzvlüyü, ölkənin iqtisadi inkişafı və beynəlxalq mövqeyinin gücləndirilməsi üçün əhəmiyyətli bir hadisədir. Bu addım həm daxili, həm də beynəlxalq səviyyədə Azərbaycanın iqtisadi və strateji imkanlarını genişləndirəcək, ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etmək potensialını artıracaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"