18 Oktyabr 2024 08:00
230
SİYASƏT
A- A+
Böyük tarixi nailiyyət

Böyük tarixi nailiyyət


Dövlət müstəqilliyi uğrunda mübarizə Azərbaycan xalqının ən ali məqsədi və şərəf işi idi


Müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük nailiyyətidir. Artıq otuz üç ildir ki, bu xoşbəxtlik hər birimizin həyatındadır. Dünyanın harasında oluruqsa-olaq, gözlərimiz həmişə üçrəngli bayrağımızı axtarır. Bu rəmzimizi görəndə bütün ruhumuz sevinir. Dünya bizi öz adımızla tanıyır. Hazırda dövlətimiz taleyinin sahibi kimi yeni inkişaf mərhələsindədir.

Ötən illərdə müstəqilliyimiz möhtəşəm sınaqlardan çıxdı. Ümummilli Lider Heydər Əliyevin sözləri tariximizə qızıl hərflərlə yazıldı: "Biz azadıq, biz müstəqilik. Biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir!" Bu sözlərin əbədiyyətinə təminat verən odur ki, hər bir ifadədə əzmkarlıq, milli ruh, vətənin müstəqilliyinə və xalqın qüdrətinə inam əks olunub. Xalqımız bir millət kimi mövcudluğunu təsdiq edə bilib.


Əbədi və dönməz  


1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazandı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə özünün Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etdi. 

2021-ci ilin 15 oktyabrında Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" yeni qanun imzaladı. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.

Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirdi, onun gələcək taleyini sual altına qoydu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşdü. Baş verənlər bir daha göstərdi ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

1991-1992-ci illər itirilmiş imkanlar dövrü kimi yaddaşlarda qaldı. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük faciələrə səbəb oldu. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox dərəcəsinə düşmüşdü. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsinə gəlib çatdı və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi iki ildə itirdik. Bu dəfə də belə bir vəziyyətə çox yaxın idik.

Azərbaycan Prezidenti İlham Əliyev həmin dövr, müstəqilliyin ilk illəri haqqında çıxışlarında müəyyən məqamları xüsusi vurğulayırdı: "Hələ 1990-cı ildə Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "Sovet Sosialist" sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir".

Ümummilli Lider Heydər Əliyev həmin ağır vaxtlarda Bakıya gəlməklə, ilk növbədə, ölkəni məhvolma təhlükəsindən qurtardı, digər tərəfdən Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. 1993-cü il dönüş ili oldu. İyun ayında böyük rəhbər Ali Sovetin Sədri seçildi və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başladı. Oktyabrın 3-də umumxalq səsverməsi ilə Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimqadını qazandı, Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü ildə o, növbəti tarixi gedişini etdi. Hələ kifayət qədər ictimai-siyasi sabitliyin bərqərar olmadığı bir ölkədə sonralar tarixə "Əsrin müqaviləsi" adı ilə daxil olmuş beynəlxalq neft müqavilələrini bağlamağa nail oldu. Öz uzaqgörən məntiqi ilə dünyanın ən məşhur neft şirkətlərini inandırdı ki, Azərbaycan etibarlı tərəfdaşdır, belə bir müstəqil ölkəyə sərmayə qoymağın iqtisadi perspektivi var. Bununla da respulikada iqtisadi müstəqilliyin yaradılması istiqamətində tarixi addım atıldı. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlandı. 

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması müstəqilliyin əbədiliyi üçün hər zaman başlıca şərt rolunu oynayır. Burada da Heydər Əliyevin böyük siyasi iradəsi, dünyadakı nüfuzu, diplomatik təcrübəsi mühüm əhəmiyyət kəsb etdi. Ən ali beynəlxalq kürsülərdə o, Azərbaycan həqiqətlərindən, Ermənistanın vətənimizə qəsb etməsindən, torpaqlarımızın 20 faizinin işğal olunmasından, bir milyon soydaşımızın öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsindən cəsarətlə və  məntiqlə danışdı, dünyanı bu tarixi ədalətsizliyə inandırdı, müstəqil Azərbaycanın yeni imicini formalaşdırdı. Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını belə izah edirdi: "Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşdığımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq". Biz bu gün Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən sonrakı dövrdə apardığı düzgün tarixi siyasətin bəhrələrini görürük.


Azərbaycançılıq təlimi


Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətin milli ideologiyasını yaratdı - azərbaycançılıq təlimini dövlətçilik ideologiyasına çevirdi. Böyük rəhbər bütün mədəniyyətimizi, tariximizi, etnoqrafiyamızı, çoxəsrlik adət-ənənələrimizi, klassik yazılı və şifahi ədəbiyyatımızı, nəhayət, ana dilimizi azərbaycançılığın təməlinə gətirdi, onun izahına yönəltdi. Ulu Öndərin azərbaycançılıq təlimi "xalqın milli varlığını müəyyən edən başlıca amildən" ana dilinə - Azərbaycan dilinə münasibətdən başlanır: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir" - deyirdi Heydər Əliyev. Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq təlimi tarixi-mənəvi əsaslara istinad edirdi. Bu təlim müstəqil dövlətçiliyin ideologiyasına çevrildikdən sonra böyük siyasi prioritetləri olan idarəçilik gücü kəsb etdi. 

Müstəqilliyin əsasında milli özünüdərk konsepsiyası dayanır. Milli özünüdərk prosesindən keçməyən, milli özünüdərkə nail olmayan xalq müstəqil ola bilməz. 1920-ci ilin aprelində Azərbaycana "qırmızı qaranlıqlar" (Əlibəy Hüseynzadə) çökdü, yadın yaddaş üzərində hökmranlığı başlandı, nə az, nə çox - 70 il davam etdi. Lakin totalitar kommunist ideologiyası və onun qorxunc dövlət maşınının qətllər, qanlı repressiyalar törətdiyi sovet dönəmində də xalqın yaddaşından müstəqillik, milli azadlıq arzusunu çıxara bilmədi. Xalqımız 70 il milli azadlığa qarşı çevrilmiş siyasi terrora əzmlə dözüb, davam gətirdi. Elə sovet dönəmində, 1937-ci ildə repressiyalara məruz qalsa da, ədəbiyyatımız, mədəniyyət və incəsənətimiz rəmzlər, obrazlı düşüncə vasitəsilə Azərbaycan xalqının milli ideallarını qoruyub saxladı. Mühacirət etmiş Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.B.Məmmədzadə, C.Hacıbəyli kimi siyasi xadimlər və mütəfəkkirlər, Ə.Cavad, S.Mənsur, A.İldırım kimi şairlər öz poeziyalarında milli ideallara sədaqətlərinə görə vətəndən didərgin düşdülər. Sovet rejimi ilə barışmadıqlarına, istiqlalçı olduqlarına görə M.Müşfiq, romantik şair və filosof H.Cavid, yazıçı S.Hüseyn, tənqidçi Əli Nazim, türkoloq-dilçi professor Bəkir Çobanzadə, ədəbiyyat tarixçiləri Salman Mümtaz, Əmin Abid, folklorçu Hənəfi Zeynallı... 1937-ci ildə cəmi 15-20 dəqiqə çəkən "məhkəmə"nin - hərbi üçlüyün hökmü ilə ən ağır cəzaya məruz qaldılar.

Bəli, müstəqilliyin yolu çətin, lakin şərəflidir. Biz də yenidən XX əsrin son onilliyində milli istiqlalımızı qanlar bahasına bərpa etdik: 20 Yanvar qırğını, tarixdə görülməmiş amansız Xocalı soyqırımı! Yanvarın 20-də şəhidlərimiz öz ölümləri ilə amansız sovet imperiyasını da məhv etdilər. Azərbaycan xalqı göstərdi ki, heç bir rejim, total zorakılıq xalqın iradəsini qıra, onun azadlıq və istiqlaliyyət arzusuna son qoya bilməz. Milli ruh ilahi qüvvəyə malikdir.

Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir. Hər bir dövlət müstəqil olmaq üçün bir neçə amillərə malik olmalıdır - onun müstəqil yaşaması üçün ərazisi, iqtisadiyyatı, təbii sərvətləri olmalıdır, müstəqil dövləti qoruyan ordusu, daxili vəziyyətə nəzarət edən qüvvələri olmalıdır, silahı, pulu olmalıdır. Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illər ərzində bu deyilənlərin hamısını yaratmağa əzmlə nail oldu. Böyük rəhbər təkcə müasir müstəqil dövlət yaratmadı, onu qorumağın yollarını öyrətdi, prioritetlərini göstərdi və ən əsası gələcəkdə müstəqilliyi tarixdə irəli apara biləcək lideri nişan verdi. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev ideallarına sadiq qalaraq eyni qalibiyyət, hakimiyyət əzmi ilə sözdə yox, işdə, əməldə, siyasətdə hər bir azərbaycanlının  Prezidenti olmağı bacardı,  doğma Vətənini tarixinin ən güclü dövrünə yetişdirdi.


Müstəqilliyin üçüncü dövrü


Azərbaycan 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşayırdı. Bu, müstəqilliyimizin ikinci dövrü idi. Əsas vəzifə ölkəmizi irəliyə aparmaq, gücləndirmək və müsbət meyillər əsasında inkişafı təmin etmək idi. 2003-cü ildən bu günə qədər olan müddət isə müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycanı milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetişdirdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsi, ərazi bütövlüyünü bərpa etməsi, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyması, Ali Baş Komandan İlham Əliyevin adını milli dövlətçilik salnaməmizə Müzəffər Sərkərdə kimi əbədi yazması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətidir.


Tam müstəqil siyasət yürüdən ölkə


Müstəqil dövlət və güclü lider anlayışları daim biri-birini tamamlayır. Güclü liderə malik olmayan xalqın qazandığı müstəqilliyi qoruyub saxlaması da asan olmur. Bu mənada əzəmətli tarixə çevrilmiş otuz üç illik inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, indi Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Ötən 33 ildə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşıb. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin də inkişaf etdirilməsi, böyük dövlətlər və qonşularla münasibətlərin qurulmasında tarazlığın qorunması Azərbaycanın özünəməxsus beynəlxalq imicini formalaşdırır. 

Azərbaycan hazırda qlobal siyasətdə qətiyyətli mövqe sahibidir. Prezident İlham Əliyevi Azərbaycanın milli maraqlarından bir addım da olsun geri çəkilməyə məcbur etməyin mümkünsüzlüyünü indi bütün dünyada hər kəs anlayır. Bu mövqeyi güclü edən ölkəmizin 33 ildə müstəqil yaşamağı bacarmasıdır. Çıxışlarında "Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub" deyən Azərbaycan Prezidenti buna daim böyük əminliyini ifadə edir: "Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq… Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq, bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq. Bu gün xalqımız yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayır. …Biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun".

Ona görə də dövlətimizin müəllifi olduğu, ölkələrin üzünə yeni imkanlar açdığı qlobal layihələri gerçəkləşdirən Azərbaycana indi dünyanın daha çox ehtiyacı var. Ölkəmiz xalqın milli vəhdətinə, fərqli mədəniyyətlərə hörmət ruhuna, tolerantlıq ənənələrinə görə  bütün dünyaya örnəkdir. Genişmiqyaslı infrastruktur layihələri ilə gözəlləşən şəhərlərimizlə, abadlaşan regionlarımızla, inkişaf axarına qovuşan ən ucqar kəndlərimizlə Azərbaycan bu gün nəhəng bir quruculuq meydanını xatırladır. Vətən övladlarının sorağı dünyanın ən mötəbər kürsülərindən gəlir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərlə dünya bizi daha yaxından tanıyır, milli mədəniyyətimizə heyran olur. Ölkəmiz mənəvi incilərimizlə, ənənələrimizlə bəşəriyyətə fayda verir.  

Bütün bunlar müstəqilliyimizin uğurlu nailiyyətləri, dəyərli töhfələridir. Ərazi bütövlüyümüzün bərpasından sonra dövlətimizin ən böyük hədəfi insanların rifahı, regionda əbədi sülhün, sabitliyin, dayanıqlı inkişafın, qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasıdır. Azərbaycan Cənubi Qafqazın timsalında bütün insanların hüzur və xoşbəxtlik içində yaşamaları üçün çalışıb ardıcıl addımlar atır.


Suverenliyimiz milli sərvətimizdir


Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu güc, qüdrət artıq ən böyük nailiyyətimiz olan suverenlik, ərazi bütövlüyü reallığını da əhatə edir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis olundu. Bununla da ötən il Qarabağda aparılmış qısamüddətli antiterror tədbirləri nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə Dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqvimdə rəsmiləşdi. Sərəncamda oxuyuruq: "Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".

İndi dünyanın gözü yenə də Azərbaycandadır. Ölkəmiz COP29-a hazırlaşır. Bu günlərdə öz işini başa vuran Pre-COP29 konfransına müraciət ünvanlayan Prezident İlham Əliyev qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın aktiv mövqeyini və bu istiqamətdəki təşəbbüslərini vurğulayır. Ölkəmiz beynəlxalq nüfuzunu artırmaqla yanaşı, daxili ekoloji siyasətini də möhkəmləndirmək məqsədi güdür. Müraciətin əsas çağırışı qlobal həmrəylik və əməkdaşlıq ruhunda bəşəriyyət naminə iqlim dəyişikliklərinə qarşı birlikdə mübarizə aparmaqdır: "COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur".

Xalqımız hazırda bu günü tam fərqli olaraq, öz suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş qalib ölkə kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm daşıyir. 

Müstəqilliyimiz həyata keçmiş arzumuz, tarixə dönmüş milli qürurumuz, bir millət kimi dünyada özünütəsdiqliyimizin əbədi ifadəsidir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

10:14
18 Oktyabr

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

09:46
18 Oktyabr

Gəncədə partlayış baş verən binada iki nəfər ölüb, yaralananlar var  

09:25
18 Oktyabr

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərə gəlib

09:23
18 Oktyabr

Messi tarixin ən yaxşı futbolçusu seçilib

09:21
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

09:19
18 Oktyabr

Heyvandan insana orqan nəqli

09:05
18 Oktyabr

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

09:00
18 Oktyabr

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

08:55
18 Oktyabr

Şərəfli ömür yaşadı

08:50
18 Oktyabr

İlham ƏLİYEV: "Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı"

08:45
18 Oktyabr

Müstəqilliyimiz əbədidir

08:40
18 Oktyabr

Ermənistan sülhə mane olan hərəkətlərin qarşısını almaq niyyətində deyil

08:35
18 Oktyabr

Fransa çirkin xislətindən əl çəkmir

08:30
18 Oktyabr

Qərb Gürcüstana təzyiq göstərməklə regiona müdaxilə etməyə çalışır

08:25
18 Oktyabr

Mehriban qonşuluq, etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq

08:20
18 Oktyabr

Makroiqtisadi göstəricilər proqnozları üstələyir

08:15
18 Oktyabr

Azərbaycan energetikasında “yaşıl era”

08:10
18 Oktyabr

Bələdiyyələrin sayı 684-ə endirilir

08:05
18 Oktyabr

Böyük tarixi nailiyyət

08:00
18 Oktyabr

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

01:06
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!